Xalq şairi sərt DANIŞDI:"Bu müxalifətə terror, ölüm-itim lazımdır !?"

Fikrət Qoca: "İndi şükürlər olsun müstəqil ölkəyik. Xalqımız əmin-amanlıq şəraitində dolanır"



Bu ilin yanvarın 19-da radikal müxalifət partiyaların və onların ətrafında olan təşkilatlarin mitinqi baş tutdu. Və heç şübhəsiz ki, bu aksiya onların bir daha zəifliyini, cəmiyyət tərəfindən dəstəklənmədiyini nümayiş etdirdi.
Müxalifət başçılarının və funksionerlərinin çıxışları göstərdi ki, onlar cəmiyyətə yeni, faydalı, konstruktiv heç nə təklif edə bilmirlər. 25 ildən çoxdur dəyişməyən eyni simalar, eyni şüarlar, eyni populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər yenidən təkrarlandı. Müxalifətin birləşmiş qüvvələrinin "Məhsul mitinqi” internet resurslarında az qala şəksiz qələbə kimi təqdim olunur. Halbuki mitinq öz xaotikliyi, təşkilatçılığın zəifliyi, sistemsizliyi ilə diqqəti çəkdi. Aksiyada heç bir ziyalı, cəmiyyətdə tanınan şəxsin iştirakı nəzərə çarpmadı.

Heç kimə sirr deyil ki, mitinq yalnız yerli çağırışlarla başa gəlməmişdi. Xaricdəki anti-Azərbaycan dairələr tərərfindən idarə olunan ünsürlər mitinqə çağırış edirdilər. Və beləliklə, son mitinq Azərbaycanın klassik küçə-meydan müxalifətinin xaricə sığınan anti-Azərbaycan qüvvələri ilə birlikdə təşkil etdiyi ortaq tədbir idi.

AXC-nin şinelindən çıxmış və bu gün də müxalifət postunu zəbt etmiş şəxlərin çıxışları, irəli sürdükləri iddialar bir daha təsdiq etdi ki, onlar hələ də revanşizm ab-havasındadırlar, dağıdıcılıq, sabitliyin pozulması yolu ilə hakimiyyəti zəbt etmək niyyətindən əl çəkməyiblər.

Yanvarın 19-da baş tutan uğursuz mitinqdən sonra, yanvarın 20-də Şəhidlər Xiyabanında radikal müxalifət və onun başçılarının simasızlığı, başıpozuqluğu bir daha aydın şəkildə özünü büruzə verdi. Bu insanlar normal, sivil qaydada tədbir keçirmək, ictimaiyyətə öz fikirlərini, ideyalarını çatdırmaq qabiliyyətində deyillər. Çünki hələ də 1990-cı illərin qaraguruhçuluq ab-havası ilə yaşayırlar.
Bütün bunlar onu deməyə əsas verir ki, yanvarın 19-20-si baş verənlər müvafiq dövlət orqanları tərəfindən araşdırılmayınca və ona qiymət verillməyincə dağıdıcı qrupların kütləvi aksiya təşkil etməsi imkanları məhdudlaşdırılmalıdır.

Ehtimal etmək olar ki, Əli Kərimli və onun başıpozuq, marginallaşmış dəstəsi bunu hakimiyyətin qorxması kimi qələmə versin. Sual oluna bilər, hakimiyyət uzun müddət təbliğat aparıb, bütün güclərini səfərbər edib meydana cəmi 3 minə yaxın adam yığa bilən siyasətbazlardan niyə qorxmalı və çəkinməlidir?! Kim iddia edə bilər ki, bu kimi qabiliyyətsiz, gücsüz, aciz adamlar və onların ətrafındakılar hakimiyyətə alternativ ola və güc nümayiş etdirə bilərlər.

Vəziyyəti dəyərləndirən xalq şairi Fikrət Qoca "Sherg.az"a açıqlamasında qeyd edib ki, 1990-cı illərdə bu məsələləri çox görüb görüb: 

"Şəhidlər vermişik, ağır itkilərimiz olub. Biz bunların canlı şahidi olmuşuq. Amma indi şükürlər olsun, müstəqil ölkəyik. Xalqımız əmin-amanlıq şəraitində dolanır. Azərbaycan müxalifəti ölüm-itim istəyir ? Onlara terror lazımdır ? Sakit, dinc yaşayırıq. Hamı yaxşı dolana bilməz. 

Bir az aşağı, bir az yuxarı olmaqla hər kəs bir cür yaşayır. Azərbaycanın inkişafının nümunəsi yollardır, salınan şəhərlər və şəhərciklərdir. Bu qədər qaçqın və məcburi köçkünün yerləşdirilməsi asan məsələ deyil. Bu məsələlər müxalifəti maraqlandırmır. Onlara lazım olan odur ki, çıxıb səs-küy salsınlar. Müqəddəs bir gündə, müqəddəs bir məkanda haray-həşir qoparırlar, ayıbdır axı. Yaxşımız da, pisimiz də hamısı özümüzünküdür. İnsan olmaq lazımdır. 

Gəlin, çatışmayanları deyin, onları bir yerdə düzəldək. Masa arxasında əyləşib, danışın. Çıxıb Şəhidlər Xiyabanında səs-küy salaraq siyasi təxribata əl atmaqla nəyəsə nail olmaq mümkün deyil. Baxın, Fransa kimi qədim mədəniyyətə malik ölkə nə günə düşdü. Sizə bu lazımdır ? Bu nə demokratiyadır ? Bu da sizin demokratiya. 

Mən çox ölkələri gəzmişəm və çox görmüşəm. Oradakı doğruları da, acıları da bilirəm. Bu müxalifətin bəzi nümayəndələri də o ölkələri görüb və vəziyyəti yaxşı bilirlər. Partiyalar ölkə dağıtmaq üçün yaradılmır. Bu adamlar Azərbaycan küçələrində aksiya keçirməyin sifarişini, icazəsini ya Vaşinqtondan, ya da Moskvadan alırlar. Xarici dairələrin əlinə oynayıb, ölkəmizin imicə zərbə vurmaq istəkləri yanlış yanaşmadır".

Ayyət Əhməd