“Hətta bəzi həmkarlarımız var ki, hansısa televiziya verilişində kostyumda deyil, adi 3 düyməli köynəkdə görünəndə mən narahat oluram, bunu qəbul edə bilmirəm”
“Xanəndə efirə cins şalvarda çıxa bilməz”
Təyyar Bayramov: “Muğam ciddi sənətdir. Muğam ifaçısı olaraq fəaliyyət göstərən hər bir xanəndə o məsuliyyəti dərk etməlidir”
“Hətta bəzi həmkarlarımız var ki, hansısa televiziya verilişində kostyumda deyil, adi 3 düyməli köynəkdə görünəndə mən narahat oluram, bunu qəbul edə bilmirəm”
“Hətta bəzi həmkarlarımız var ki, hansısa televiziya verilişində kostyumda deyil, adi 3 düyməli köynəkdə görünəndə mən narahat oluram, bunu qəbul edə bilmirəm”
Əməkdar artist, xanəndə Təyyar Bayramov "Şərq”in budəfəki qonağıdır. Gənc xanəndə, pedaqoqla muğam sənətinin bu günündən danışdıq.
- Gənc nəsildə muğama xüsusi bir sevgi yaranıb. Əvvəllər estrada musiqisinə meyl çox idisə, bu gün muğam gəncləşib. Gənclərin muğam sahəsinə axını çoxalıb.
- Muğam həqiqətən zəngin mədəni irs silsiləmizə aiddi. Bu sənətə gəlmək, bu sənətlə məşğul olmaq həm çətin, həm də məsuliyyətlidir. Mən gənc yaşlarında xanəndələrimizi görəndə o qədər həyəcanla onların ifalarını dinləyirdim ki, məsuliyyət hissi bəzən məni qorxudurdu, sıxırdı. Çünki Əlibaba Məmmədov, Arif Babayev kimi muğam ustadlarımızın dərslərini dinləmək də hər kəsin qismətinə düşmürdü. Mən Mənsum İbrahimovun tələbəsi olmuşam. Onların hər birinin mənim yaradıcılığımda izi var. Bəli, bu gün gənclərdə muğam sənətinə maraq böyükdü. Bunun da səbəbləri var. Əvvəllər muğama az gənc maraq göstərirdi. İstedadı, səsi olan gənc görəndə muğam ustadları çalışırdı ona dəstək olsun. Elə mənim ilk addım atan dönəmlərimdə deyirdilər ki, istedadlı, səsli oğlan var, ona dəstək olmaq lazımdı. Çalışırdılar istedadı olana dəstək olsunlar ki, səhnəyə çıxa bilsin. Bizdə də böyük məsuliyyət hissi var idi. Amma indikilər bəzən gəlirlər, amma məsuliyyətli, zəhmət tələb edən bir sahə olduğunu görüb, qaçırlar. Digər janrlarda özlərini sınamağa çalışırlar. Qaçırlar estrada səhnəsinə. O zaman muğama bu qədər qayğı yox idi. İndi dövlət tərəfindən muğama böyük dəstək var. Elə bu qayğı da imkan verir ki, gənclərin muğama axını çoxalıb. Gənclər üçün hər bir şərait yaradılır. Muğam müsabiqələrinin keçirilməsi gənclər üçün açılan qapıdır. Onlar bu müsabiqələrdə iştirak etməklə böyük səhnəyə vəsiqə qazanırlar. Artıq bu günə qədər 6 muğam müsabiqəsi təşkil edilib. Burada iştirak edən iştirakçıların bir çoxu tanınır, onlar arasında artıq fəxri ad alanlar belə var. Elə mənim özüm də bu müsabiqədən gəlmişəm. Bu gün fəxri ada layiq görülmüşəm. Demək, muğam müsabiqələrinin təşkili gənclərin sənətə gəlməsində mayak rolunu oynayır. Mənim tələbələrim bu il qran-pri və 1, 2-ci yerin sahibi oldular. Bu, stimuldu. Bu, milli musiqinin təbliği istiqamətində atılan ən vacib amillərdəndir. Muğama sevgi gəncləşib. Bunlar da dövlət qayğısının nəticəsidir. Əvvəllər yaşlı nəslin nümayəndələri muğam dinləyirdisə, bu gün gənclər arasında da muğamı sevərək dinləyənlərin sayı çoxalıbsa, bu, sevindirici məqamdı.
- Maraqlısı odur ki, xanəndə olaraq səhnəyə gələn gənclər arasında sonradan estrada janrına maraq göstərənlər də az deyil. Estrada səhnəsində fəaliyyət göstərmək və daha çox pul qazanmaq asandı. Bu, səbəb ola bilərmi?
- Əslində gənclər arasında elələri var ki, xanəndə olaraq yola başlasalar da, sonradan estrada səhnəsinə üz tuturlar. Bunun bir çox səbəbləri var. Xanəndə olmaq böyük əmək və məsuliyyət tələb edir. Demirəm başqa janrda olanların zəhməti azdı. Amma xanəndə olmaq ikiqat məsuliyyət tələb edir. Bizim səhnədə belə sənətkarlar da var ki, onlar əvvəl xanəndə olaraq tanınıblar. Xalq artisti Niyaməddin Musayev vaxtilə muğam oxuyub, bu sahədə fəaliyyət göstərib. Sonralar səhnədə yeni, özünəməxsus bir tərzlə efirə çıxıb. Yəni muğamdan gəlişini gördüyümüz sənətçilər olub. Bu günün gəncləri arasında da elələri var ki, əvvəlcə muğam müsabiqəsində iştirak edib, zamanla estrada səhnəsində fəaliyyətə başlayıb. Bunun da səbəbləri çoxdu. Bəziləri elə hesab edir ki, digər janrlarda fəaliyyət göstərmək daha çox pul qazanmaq, toy məclislərinə dəvət almaq imkanı yaradır.
- Xanəndənin görünüşü, geyimi digər sənətçilərdən fərqlənməlidirmi?
- Təbii ki, xanəndə davranışında, oturuşunda, duruşunda diqqətli olmalıdır. Xanəndə efirə, səhnəyə cins şalvarda, ya da xanımdısa, qısa ətəkdə çıxa bilməz. Bu, doğru deyil. Muğam ciddi sənətdir. Muğam ifaçısı olaraq fəaliyyət göstərən hər bir xanəndə o məsuliyyəti dərk etməlidir. Hətta bəzi həmkarlarımız var ki, hansısa televiziya verilişində kostyumda deyil, adi 3 düyməli köynəkdə görünəndə mən narahat oluram, bunu qəbul edə bilmirəm. Xanəndə səliqəli və klassik tərzdə efirdə olmalıdır, ya da milli geyimdə. Muğam ciddi, zəngin musiqidir. O dəyəri biz xanəndələr qorumalıyıq. Xanəndə danışığından tutmuş, geyim tərzinə, hərəkətinə qədər hər addımına diqqət yetirməlidir.
- Bu yaxınlarda Muğam Mərkəzində maraqlı solo konsert proqramı ilə çıxışınız oldu...
- Bəli, Muğam Mərkəzində solo konsert verdim. Tamaşaçılar maraqla izlədilər. Həmkarım Aytən Məhərrəmova ilə səhnəni bölüşdük, duet ifa etdik. Təbii ki, solo konsert vermək, tamaşaçılarla canlı ünsiyyət vacib amildi. İnşallah, Heydər Əliyev adına Sarayda da muğam konserti təqdim etməyi düşünürəm. Bir də ən böyük arzularımdan biri Ağdamda solo konsert proqramı ilə çıxış etməkdi. İstəyirəm ki, Ağdamda muğam konserti təqdim edim.
- Nədənsə, xanəndələrimiz konsert versələr də, albom hazırlamırlar. Muğamlarımızdan ibarət albomlara son illər az rast gəlirik.
- Əslində çox maraqlı bir məqama diqqət yetirdiz. Bəli, muğam konsertləri təqdim etmək lazımdı. Amma fikrimcə, muğamlarımızı lentə aldırmaq daha vacibdi. Çünki muğamlarımızı gələcək nəslə çatdırmaq üçün albomlara, lent yazılarına daha çox ehtiyac var. Konsert bir gün təşkil edilir, tamaşaçı izləyir, bitir. Amma muğamlarımız lentə alınarsa, bu, gələcək nəsil üçün bir musiqi arxivi, bazası sayıla bilər. Gənclərimiz o lent yazılarını dinləməklə muğamlarımızı daha dərindən mənimsəyə bilərlər. O üzdən mən muğamlarımızı lentə aldırmağa daha çox zaman ayırıram. Mənə elə gəlir ki, bu, vacibdi. Elə muğamlarımız var ki, onları az lentə aldırıblar. Gənclər, muğam sənətinə gələn yeni nəsil üçün, muğamı sevənlər üçün lent yazılarının olması daha məqsədəuyğundur. Bu günə qədər muğamlarımızdan ibarət bir neçə albom hazırlamışam. Tələbələrimə də bunu tövsiyyə edirəm.
Tahirə