Xarici valyutada verilən kreditlərin ödənilməsi çətindir

Azərbaycanda bank və maliyyə kredit təşkilatları tərəfindən xarici valyutada verilmiş kreditlərdə vaxtı keçmişlərin xüsusi çəkisi artıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq maliyyə hesabatına əsasən, 2018-ci il iyulun 1-nə xarici valyutada olan kreditlərin 909,0 mln. manat və ya 19,4 faizinin vaxtı keçib. Beləliklə, vaxtı keçmiş kreditlərin həcmi aylıq müqayisədə 31,3 mln. manat və ya 3,6 faiz artıb.
Problemli kreditlərin həcmində müşahidə edilən artımların getdikcə ciddi hal aldığını deyən İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-alim Vüqar Bayramovun sözlərinə görə, problemli kreditlərin həcminin çox olması ilə yanaşı, eyni zamanda kredit portfelindəki payının çoxalması da müşahidə olunur: 

Vüqar Bayramov: "Dəfələrlə öz təkliflərimizi irəli sürmüşük”

"Hazırda Mərkəzi Bankın statistikasına əsasən problemli kreditlərin həcmi kredit portfelinin təxminən 14 faizini təşkil edir. Beynəlxalq praktikada adətən problemli kreditlərin kredit portfelindəki payı təqribən 5 faizə yaxın olur. Hətta inkişaf etmiş ölkələrdə bu, 3 faizə yaxındır. Azərbaycanda isə bu, ikirəqəmlidir. Dəfələrlə öz təkliflərimizi irəli sürmüşük ki, fərq üç tərəf arasında - müştəri, bank və dövlət arasında bölüşdürülsün. Əgər kredit 0,78 manat məzənnəsi ilə götürülübsə, o zaman 10 min dollar 7800 manat idisə, indi 10 min dollarlıq kreditin əsas hissəsi 17 min manatdır. Yəni, təxminən 9 min manatlıq fərq tərəflər arasında 3 min olmaqla bölünür - vətəndaş 9 min fərqi deyil, 3 min manat ödəyir, 6 min manatı isə digər tərəflər ödəyir”.
V.Bayramovun sözlərinə görə, problemli kreditlərlə bağlı kreditorların hüquqlarının qorunması sahəsində real addımların atılması çox vacibdir: "Qonşu Rusiyada kreditorların hüquqlarının qorunması üçün fiziki şəxslərin müflis olmaq hüququ var, biz də bunu hökumətə təklif edirik”.
Şəymən