Xəyanətkarlar iç üzünü göstərdi

Amma iki-üç nəfər Azərbaycanın əleyhinə çıxış edən, ermənilərlə həmrəylik nümayiş etdirən insanlarla yanaşı, xaricdə Azərbaycanı ləyaqətlə təmsil edən çoxlu sayda insanlar var



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri iki ölkə arasındakı müxtəlif sahələr üzrə getdikcə güclənən qarşılıqlı-faydalı əlaqələrin geniş miqyasından xəbər verir. Prezidentin səfər zamanı yüksək səviyyədə qarşılanması, Almaniya kansleri Angela Merkel və digər mühüm şəxslərlə keçirdiyi ikitərəfli görüşlər, bu görüşlərdə müzakirə edilən bir sıra məsələlər ölkəmizin beynəlxalq müstəvidə getdikcə möhkəmlənən müsbət imicinin uğurlu nəticəsidir. Ancaq dövlətimizin uğurlarını həzm edə bilməyən bəzi anti-milli ünsürlər Azərbaycanın nailiyyətlərinə kölgə salmağa çalışırlar. Xəbər verdiyimiz kimi, Prezidentin Almaniya kansleri Angela Merkellə görüşü ərəfəsində bir qrup erməni separatçısı "DQR” bayraqları ilə kanslerin iqamətgahı qarşısında piket təşkil edib. Bəlkə bunu normal qarşılamaq olardı. Çünki Azərbaycan Prezidentinin bu səfəri Dağlıq Qarabağın erməni istilasından azad olunması üçün aparılan "hücum diplomatiyası” siyasətinin tərkib hissəsi kimi dəyərləndirilir. Əvvəlcədən də bildirilmişdi ki, danışıqlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılacaq. Almaniya ATƏT-in fəaliyyətdə olan sədri olduğundan bu danışıqlar xüsusi əhəmiyyət daşıyırdı. Lakin normal olmayan Avropada yaşayan bir qrup azərbaycanlı "siyasi mühacir”in Robert Minor kimi antiazərbaycan ünsürlərlə birgə ermənilərin piketində iştirak etməsidir. Fotolardan görünür ki, Həbib Müntəzir və Elmir Mirzəyev adlı azərbaycanlı "hüquq müdafiəçiləri”nin qatıldığı piketdə "Dağlıq Qarabağ Respublikasının” bayrağı da qaldırılıb. Beləliklə, qondarma DQR-in bayrağı altında erməni separatçıları ilə birgə yürüş edən Həbib Müntəzir kimi saxta "insan hüquqları müdafiəçilərinin” hansı dairələrə xidmət etdikləri bir daha gün işığına çıxıb. Eyni tarixdə Almaniyada Azərbaycan diasporunun üzvləri və bir sıra mütərəqqi dairələr Azərbaycana dəstək mitinqi keçirib. Günü-gündən inkişaf edən Almaniya-Azərbaycan əlaqələrini alqışlayıblar.

Bu, Azərbaycanda xaricdə yaşayan keçmiş vətəndaşlarımızdan kimin vətənə, kimin başqa dairələrə bağlı olduğunu göstərən iki əyani nümunədir. Başqa dairələrə bağlı olan, "Azərbaycan iqtidarı ilə mübarizə” adı altında erməni separatçıları ilə belə ittifaqa gedən, qondarma DQR-in bayrağını qaldıranların ölkəmiz daxilində "milli şura” deyilən qurum və Əli Kərimlinin FB qrupu tərəfindən qızğın müdafiəsi isə ayrı bir mövzudur. Təəssüflər olsun ki, milli ordumuz erməni işğalçılarına sarsıdıcı zərbələr endirərək bir sıra strateji əhəmiyyətə malik yüksəklikləri geri aldıqdan sonra erməni diasporunun, antiazərbaycan dairələrin və onların ölkəmizdəki tərəfdarlarının Azərbaycana qarşı aqressivliyinin artması müşahidə olunur.

Millət vəkili Aydın Mirzəzadə deyib ki, Prezident İlham Əliyevin Almaniyaya çox uğurlu, dünya mətbuatını cəlb edən səfəri zamanı bir-iki insident diqqəti cəlb edib: "Xaricdə bəzi anti-Azərbaycan mərkəzləri kiçik bir qrupla Azərbaycan nümayəndəlikləri qarşısında piket keçirməyə cəhd etdilər. 4-5 nəfərin toplaşdığı və Azərbaycana böhtan xarakteri daşıyan şüarlarla dolu olan aksiya heç Almaniya mətbuatının diqqətini cəlb etməyib. Həmin aksiyalarda 1-2 nəfər erməni diaspora nümayəndələrinin qondarma Dağlıq Qarabağın sürətini qaldırmağa cəhd etməsi, eləcə də Azərbaycandan mühacirət etmiş 1-2 nəfərin iştirakı diqqət çəkən məqamlardan idi. Ölkəmizə qarşı səlib yürüşündə Ermənistan Dağlıq Qarabağ separatçı qüvvələri və Azərbaycandan mühacirət etmiş müəyyən qruplar birgə hərəkət ediblər. Əlbəttə bu, birbaşa xəyanətdir. Həmin insanların xəyanəti ilə Almaniya Bundestaqında Türkiyəyə qarşı qətnamənin müəllifinin xəyanəti arasında heç bir fərq yoxdur. Düzdür, sonradan onlar özlərini təmizə çıxarmağa və məsələnin başqa cür olduğunu deməyə çalışsalar da, fakt faktlığında qalır. Onların Azərbaycana qarşı eyni əzmlə "mübarizə” aparmalarının kökündə ölkəmizin uğurlarına kölgə salmaq durur. Hesab edirəm ki, bu cür insidentlər kimin kim olduğunu bilmək üçün yaxşı imkan yaradır”. Millət vəkili əlavə edib ki, belə insanların hərəkətindən asılı olmayaraq Azərbaycan bir dövlət olaraq qüdrətini bundan sonra da artırmağa davam edəcək, vətəndaşlarının hüquq və azadlıqlarını daha yüksək səviyyədə qorumaqla yanaşı, beynəlxalq aləmdə nüfuzunu daha da artıracaq.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Elçin Mirzəbəyli də "mövqe.az”a açıqlamasında bildirib ki, buna heç bir formada təəccüblənmək lazım deyil: "Bu insanlar üçün Azərbaycanın milli maraqları, vətəndaşlıq hissi, təəssübkeşlik anlayışı yoxdur. Onlar özlərinin primitiv siyasi məqsədləri, yaxud da ayrı-ayrı xarici dairələrin sifarişlərini yerinə yetirmək üçün hər şeyə hazırdılar. Bundan öncə də aksiyanın təşkilatçısı olan "Sərhədsiz Reportyorlar” təşkilatı və onlarla yaxından əməkdaşlıq edən insanlar ermənilərlə müxtəlif tədbirlərdə iştirak ediblər. Dəfələrlə ermənilərlə eyni mövqedən çıxış ediblər. Onların özlərinə "simvol” seçərək önə çıxardıqları Xədicə İsmayılın da iştirak etdiyi tədbirlərdə ermənilərin azərbaycanlıların əleyhinə fikirlər səsləndirdiyi və separatçı rejimi dəstəkləməsi ilə bağlı faktlar olub. Prosesdə adıçəkilən şəxslər də iştirak ediblər. Bu baxımdan indiki hadisədə də qeyri-adi nəsə yoxdur. Onlara ən yaxşı cavabı Azərbaycan diasporu təşkil etdiyi aksiya ilə verdi. Bu etiraz aksiyası fərqi ortalığa qoydu. İki-üç nəfər Azərbaycanın əleyhinə çıxış edən, ermənilərlə həmrəylik nümayiş etdirən insanlarla yanaşı, xaricdə Azərbaycanı ləyaqətlə təmsil edən çoxlu sayda insanlar var”. E.Mirzəbəylinin sözlərinə görə, bəzi düşərgələr Azərbaycanın son dövrlər yürütdüyü siyasətin effektivliyinin şahididirlər: "Erməni lobbisi də bunu açıq şəkildə görür. Çünki aprel hadisələrindən sonra beynəlxalq ictimai rəy birmənalı şəkildə Azərbaycanın tərəfində oldu. Bu, erməniləri sarsıtmaya bilməzdi. Bu baxımdan da içimizdən olan "ermənilər”dən istifadə edib, Azərbaycan əleyhinə tədbirlər həyata keçirməyə çalışırlar. Lakin əməlləri effektiv nəticə verməyəcək. Çünki Azərbaycan Prezidentinin Almaniyaya səfəri o qədər yüksək səviyyədə alındı ki, bir çoxları, eləcə də erməni diasporu bundan mütləq nəticə çıxaracaq”.

Millət vəkili Eldar İbrahimov da bildirib ki, Prezident İlham Əliyevin Almaniya səfəri ölkə daxilindəki reallıq hissini itirən bəzi siyasi opponentlərinin və onların xaricdəki havadarlarının iddialarını çürütdü: "Səfər ərəfəsində "opponentlərimiz” Almaniyanı Azərbaycan qarşısında sərt tələblər qoymağa çağırdılar, millilikdən uzaq bir qrup "siyasi mühacir” erməni separatçıları ilə birgə etiraz aksiyası keçirdilər. Bu hadisələr həmin qüvvələrin antimilli mövqeyə yuvarlanmasını bir daha aşkar şəkildə göstərdi. Olsun, özləri bilər, bunun Azərbaycanın dünyadakı nüfuzuna, ölkə iqtidarının heç kimdən asılı olmayan hərtərəfli xarici siyasət kursuna zərrə qədər də təsiri olmayacaq. Onlar bundan sonra da rəzil və rüsvay olacaqlar. Çünki Azərbaycan xalqı və ölkə rəhbərliyi həmin qüvvələrin məkrli cəhdlərinə qarşı hər zaman olduğu kimi, layiqli və qətiyyətli cavabını verəcək”.

İsmayıl