Xeyli işlər görülüb
Dünyanın 10 ölkəsi Xocalı hadisələrinə soyqırım kimi qiymət verib
13 gündən sonra erməni quldurları tərəfindən törədilən Xocalı soyqırımının 26-cı ildönümü qeyd olunacaq. Bununla bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev müvafiq Sərəncam imzalayıb. Sərəncama əsasən, "Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib.
Tədbirlər planında Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması mərasimlərinin keçirilməsi, ictimaiyyət nümayəndələri tərəfindən Şəhidlər Xiyabanının ziyarət edilməsi nəzərdə tutulub. Bununla yanaşı, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində, konsulluqlarında və diaspor təşkilatlarında soyqırım ilə bağlı tədbirlərin təşkili, xarici və yerli kütləvi informasiya vasitələri, o cümlədən teleradio kanallarında qanlı qırğını əks etdirən materialların yayılması və internet şəbəkəsində mütəmadi olaraq yenilənməsi planlaşdırılıb. Həmçinin, ölkəmizdə fəaliyyət göstərən dini konfessiya və qurumlar tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım mərasimlərinin təşkil edilməsi nəzərdə tutulub. Bundan başqa xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda dövlət qurumları rəhbərlərinin, deputatların və ziyalıların şəhid ailələri ilə görüşləri təşkil olunacaq. Təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq. Əslində hər il Xocalı soyqırımının ildönümü geniş şəkildə qeyd olunur. Amma bir qisim hesab edir ki, görülən işlərin böyük əksəriyyəti ölkə daxilində həyata keçirilir. Yəni beynəlxalq aləmdə, dünya ictimaiyyəti arasında soyqırımın təbliği kifayət qədər güclü aparılmır. Hətta bir neçəsi istisna olmaqla, əksər diaspora qurumları xarici ölkələrdə fəal iş qurmurlar. Nəticədə erməni vəhşiliyi dünyaya olduğu kimi göstərilə bilmir.
Bu istiqamətdə görülən işlərlə bağlı "Şərq”ə danışan millət vəkili Elman Nəsirov deyib ki, Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə çatdırılmasında xeyli iş görülüb.
Deputatın sözlərinə görə, "Xocalıya ədalət” kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın xidmətləri xüsusilə qeyd edilməlidir:
"Heydər Əliyev Fondu Leyla xanımın rəhbərliyi altında dünyanın bütün qitələrində müxtəlif görüşlər, konfranslar keçirib, sərgilər təşkil edib. Bütün bunlar soyqırımın dünya ictimaiyyətinin diqqətinə yayılmasına xidmət edir. Prezident İlham Əliyev Xocalıda, ümumiyyətlə, işğal olunmuş bütün ərazilərimizdə baş verən erməni vəhşiliyinin beynəlxalq aləmə çatdırılmasını siyasətimizin əsas prioritetinə çevirib. Bu istiqamətdə ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da çox böyük xidmətləri var. Mehriban xanımın səyi nəticəsində xarici ölkələrdə keçirilən tədbirlər nəticə etibarı ilə müəyyən uğurların formalaşmasına gətirib çıxarıb. Məhz bu cür fəaliyyətin nəticəsində hazırda dünyanın 10 ölkəsi Xocalı hadisələrinə soyqırım kimi qiymət verib. ABŞ-ın 20-dən çox ştatı Xocalı soyqırımını tanıyıb. Bunlar elə-belə baş verməyib, hamısı çox gərgin bir işin nəticəsində hasil olub”.
Deputat Milli Məclis üzvlərinin də bu istiqamətdə çalışdıqlarını diqqətə çatdırıb:
"Bilirsiz ki, bugünlərdə bir neçə deputatla Strasburqda səfərdə idik. Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvləri kimi Strasburqda çoxsaylı görüşlər keçirdik. Təmaslarda Azərbaycan həqiqətlərinin, eləcə də Xocalı soyqırımı ilə bağlı xeyli məlumatları qarşı tərəfin nəzərinə çatdırdıq. Gördüyümüz işin də konkret nəticəsi oldu. Avropa Parlamentinin təxminən 50-dən artıq deputatı "Azərbaycan Dostları” qrupuna üzv oldular. Artıq Avropa İttifaqının 28 ölkəsindən 20-nin nümayəndəsi "Azərbaycan Dostları” qrupunda təmsil olunur. Qrupun üzvləri dostlarımız olaraq haqq işimizi müdafiə edəcəklərini bildirdilər”.
Millət vəkili bildirib ki, əldə edilmiş uğurlarla kifayətlənmək olmaz:
"Yeni yanaşmalara, daha fərqli işlərə ehtiyac var. Prezident İlham Əliyev YAP-ın VI qurultayında bu məsələni bir daha vurğuladı və hücum taktikasına söykənən strategiyamızla bağlı öz mövqeyini ortaya qoydu. Eyni zamanda erməni quldurları tərəfindən törədilən soyqırımların, faciələrin dünyada tanıdılmasının siyasətimizin ən mühüm istiqaməti olduğunu vurğuladı. Şübhəsiz, biz daha çox nailiyyət əldə etmək istəyirik. Amma ola bilsin, bəzən məsələlər arzu etdiyimiz kimi alınmır. Nəzərə alaq ki, dünyada bir ədalətsizlik də mövcuddur, beynəlxalq aləmdə güclü erməni lobbisi fəaliyyət göstərir. Onlar ciddi-cəhdlə çalışırlar ki, təbliğatımıza mane olsunlar, gördüyümüz işlərin əhəmiyyətini azaltsınlar. Ədalətsiz və qərəzli xristian həmrəyliyi isə onlara yardım edir. Buna rəğmən, konkret planlar üzrə öz işimizi davam etdirməliyik”.
İsmayıl