Xəzərin sahilini hasarlayanlar...

Telman Zeynalov: “Həmin obyektlər, villalar sökülməlidir”
Vahid Əhmədov: “Bu tikintilərə icazə verən icra hakimləri, bələdiyyə sədrləri məsuliyyətə cəlb edilməlidir və hasarlar faktiki olaraq sökülməlidir”


Xəzərin qanunsuz hasarlanması məsələsi bu mövsümdə də gündəmə gəlib. Artıq hökumət tərəfindən müzakirə olunan bu problemin yaxın vaxtlarda həllini tapacağı gözlənilir. Qeyd edək ki, dənizin hasarlanması yerli sakinlərin istirahətinə mane olmaqla yanaşı, eyni zamanda Azərbaycana gələn xarici turistlərin də zövqünü korlayır. Bir növ dənizin hasarlanması əcnəbi turistləri geri itələyir. Bütün bunlar hökumət tərəfindən təftiş olunur və Xəzərin imkanlı məmurların girovluğundan geri alınması üçün ciddi işlər aparılır.

Demək olar ki, söküləcək hasarlar, villaların tam siyahısı hazırdır. Bununla da imkanlı şəxslər, oliqarxlar, yüksək çinli məmurlar zəbt etdikləri ərazilərdən çıxmağa vadar olacaqlar. Bu isə əbəs yerə deyil. Belə ki, ilin əvvəlindən Azərbaycanda dəniz sahilində torpaq sahələrini icazəsiz hasarlayan şəxslərə qarşı cəza tədbirləri sərtləşdirilib. Prezident İlham Əliyev "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2015-ci il 18 dekabr tarixli qanunun tətbiqi və "İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” qanunun tətbiq edilməsi barədə” 2000-ci il 29 avqust tarixli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb. Dəyişikliklərə əsasən, Xəzər dənizinin Azərbaycana məxsus olan bölməsində sahilboyu 20-50 metr zolağın altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib.

Həmin torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına, müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə hasara alma digər üsullarla bağlanması zamanı tikinti konstruksiyalarının dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsinin və ya dəniz sahilində gediş-gəlişin məhdudlaşdırılması və yaxud 100 metrdən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədilə eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçidin təmin olunmaması məqsədilə fiziki şəxsləri 4 min manat, vəzifəli şəxsləri 8 min manat, hüquqi şəxsləri 40 min manat miqdarında cərimə gözləyir.

Bu cərimələr dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan həmin torpaq sahəsində dənizin sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə də tətbiq olunacaq. Sadalanan xətalar təkrar törədildikdə, fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat cərimə ediləcək. Yaxın vaxtlarda layihənin təsdiqlənəcəyi gözlənilir.

Ekoloq Telman Zeynalov isə hesab edir ki, cərimələrlə Xəzər dənizinin sahilini hasarlayan, orada villalar tikənlərə ciddi təsir etmək mümkün deyil: "Bir milyon pul xərcləyib obyekt, villa tikən adam 4 mini də, 50 mini də ödəyəcək. Sözügedən cərimələri ödəmək həmin adamlar üçün problem olmayacaq. Ona görə də, cərimə məsələsini qoymağa ehtiyac yoxdur, sərəncam verilməlidir və orada tikilən mülklər, imarətlər hamısı sökülməlidir. Sahil zolağından 130-150 metr kənarda tikə bilərlər, ancaq bundan yaxın məsafədə dəniz sahilində villa tikmək, obyekt tikmək düzgün deyil. Həm ekoloji baxımdan, həm də torpaqların mühafizəsi baxımından bu hal yolverilməzdi”.

Ekoloji baxımdan bu ərazilərdə villa, obyekt tikilməsinin məqbul olmadığını vurğulayan ekoloqun sözlərinə görə, həmin imarəti orada tikənlər dənizin səviyyəsi qalxanda neyləyəcəklər? O, obyektlər suyun altında qalacaq, qoyduğu pul batacaq: "Dəniz sahilinin hasarlanması elmi, praktiki iş aparmaq istəyənlərin, araşdırmaçıların da işinə mane olur - bu işləri görmək olmur. Çünki həyətə girə bilmirik - hər yer qapalıdır, villa tikib çox yeri hasarlayıblar. Bir villanın sahibi 1 hektar ərazini hasarlayıb, o biri qonşusu yarım hektar ərazini zəbt edib, oralara girmək qeyri-mümkündür. Nəyə görə mən dəniz sahilində villaların sökülməsinin tərəfdarıyam? Orada məişət tullantılarının hamısı dənizə axıdılır. Buna görə də, həmin obyektlər, villalar sökülməlidir. Cəzalar tətbiq ediləndə üstünə düşmək lazımdır. Qanunlar kağız üzərində qalmamalıdır. Başqa ölkələrdə dəniz sahilləri zəbt olunmur. Mən heç yerdə görməmişəm ki, dəniz sahili zəbt olunsun”.

Dənizin hasarlanmasının çox ciddi problem olduğunu deyən millət vəkili Vahid Əhmədov, ümumiyyətlə, bu vəziyyəti qəbul etmədiyini deyib: "Bəziləri dənizin qırağını bütünlüklə hasarlayıblar. Faktiki olaraq insanlar çimərliklərə çıxa bilmirlər. Çox acınacaqlı haldır. Bilinmir bunlara kimlər icazə verib. Belə addım atan insanlar məsuliyyətə cəlb edilməlidir. Hazırda çimərlik mövsümüdür, yazıq insanlar hara getsinlər bəs?”

Bu məsələnin dəfələrlə parlamentin iclaslarında müzakirə edildiyini vurğulayan millət vəkili təəssüflə qeyd edib ki, icra orqanları bizim qəbul etdiyimiz qərarları yerinə yetirmir: "Əvvəl-axır bu məsələ öz həllini tapmalıdır. Ölkədə son dövrlər hakimiyyətin başının müəyyən siyasi, iqtisadi məsələrə qarışması müəyyən insanların yenidən çimərlikləri tutmağa başlamasına səbəb oldu. Bu tikintilərə icazə verən icra hakimləri, bələdiyyə sədrləri məsuliyyətə cəlb edilməlidir və hasarlar faktiki olaraq sökülməlidir. Qanunda bununla bağlı cəzalar da sərtləşdirilib. Lakin icra orqanları istədikləri kimi hərəkət edirlər. Biz demirik ki, özəl çimərlik olmasın. Ancaq onun yanında pulsuz çimərlik də olmalıdır axı”.

Şəymən