XİN başçılarının görüşü İrəvanın siyasi hoqqabazlığına layiqli cavabdır

“Bu, bir daha hər üç türk dövlətinin münaqişənin həlli ilə bağlı ortaq mövqedən çıxış etdiklərini təsdiqləyir”



Avqustun 28-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Antalyada keçirilən Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli toplantısı çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.
Nazirlər Dağlıq Qarabağ münaqişəsinin Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə həll edilməməsinin Cənubi Qafqazda sülh və təhlükəsizliyə başlıca əngəl olduğunu bildiriblər.
XİN başçılarının üçtərəfli görüşü çərçivəsində Dağlıq Qarabağ məsələsinin müzakirə məsələsini şərh edən Prezident yanında Dövlət İdarəçilik Akademiyası Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər namizədi, politoloq Elman Nəsirli deyib ki, XİN başçıları səviyyəsində keçirilən bu cür üçtərəfli görüşlərin çox böyük siyasi, həm də iqtisadi əhəmiyyəti var. Onun sözlərinə görə, bu görüşlər əvvəla üçtərəfli, həm də ikitərəfli formatlı əlaqələrin inkişafı deməkdir: "Son görüş üçtərəfli olmaqla yanaşı, eyni zamanda çoxtərəfli formatda dövlətlərin biri-birini müdafiə etməsi üçün yaxşı şərait təmin edir. Bu baxımdan da belə görüşlər əhəmiyyətlidir. Nəzərə alsaq ki, Azərbaycan dövlətinin xarici siyasəti, eyni zamanda bütövlükdə dövlət qarşısında dayanan və bu günə qədər həllini tapmayan problemi Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdir. Qeyd edək ki, bu məsələnin həlli çoxpilləli həll yoludur. Çünki bu, lokal münaqişədir. Yəni Azərbaycan və Ermənistan münaqişəsidir. Eyni zamanda həm də regional münaqişədir”.

Politoloq deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı əlverişli şərait yaranan zaman Ermənistan tərəfi min cür ciddi-cəhdlə bu vəziyyəti pozmağa çalışır: "Ermənistan bilir ki, danışıqlar baş tutduğu təqdirdə müzakirə predmeti heç də fundamental məsələlər deyil, məhz atəşkəs rejiminin qorunub saxlanılması məsələsinə diqqət ayrılır. Sentyabr ayında BMT Baş Məclisinin növbəti sessiyası keçiriləcək və çox güman ki, həmin sessiya çərçivəsində Ermənistanla Azərbaycan xarici işlər nazirlərinin görüşü planlaşdırılır.

Azərbaycan, Türkiyə, Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü zamanı diqqət mərkəzində saxlanılan məsələlər sırasında Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi də olub. Tərəflərin hər üçünün münaqişə ilə bağlı eyni mövqedən çıxış etməsi və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləməsi ancaq müsbət tendensiyalardan xəbər verir. Ermənistan tərəfi isə bütün bunların fonunda qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqla münaqişənin həllini ləngitməklə məşğuldur. Məsələyə bu kontekstdə yanaşsaq, Türkiyədə xarici işlər nazirləri səviyyəsində keçirilən görüşün siyasi əhəmiyyəti yüksək dəyərləndirilməlidir. Bu, bir daha hər üç türk dövlətinin münaqişənin həlli ilə bağlı ortaq mövqedən çıxış etdiklərini təsdiqləyir. Bu isə Ermənistanın siyasi hoqqabazlığına ən layiqli cavabdır”.

Şəymən