Xırdalan sakinləri səbrli olsunlar - Qazılan yolların asfaltlanması bir qədər zaman alacaq




Xırdalan şəhərinin əksər küçələrində kanalizasiya xətlərinin bərpası ilə əlaqədar yollar qazılıb, təmir işləri aparılır. Müxtəlif hissələrdə təmir işləri yekunlaşsa da, qazılan xəndəklərin üzəri sadəcə torpaqla örtülüb və asfalt çəkilməyib. 

Xırdalan küçələrində xoşagəlməz vəziyyət yaradan problemin həll edilməməsi sakinlərin də narazılığına səbəb olub. Abşeron rayon İcra Hakimiyyətindən "Sherg.az”a verilən məlumata görə, yolların qazılmasının səbəbi kanalizasiya və su boru xətlərinin təmir edilməsidir. Qurumdan bildirilib ki, sözügedən layihəni "Azərsu” Açıq Səhmdar Cəmiyyəti həyata keçirdiyindən, qazıntı işlərinin yekunlaşmasından sonra yolların bərpası da bu şirkətin üzərinə düşür. 

"Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı isə bildirib ki, artıq bu ərazidə qazılan yolların asfaltlanmasına başlanıb. 

Qurum sözçüsü qeyd edib ki, Xırdalan şəhəri böyük olduğuna görə, yolların tam şəkildə asfaltla örtülməsi bir qədər zaman alacaq: "Ötən günlərdə "Azərsu” ASC-də Xırdalan layihəsi ilə bağlı toplantı keçirildi, müvafiq tapşırıqlar verildi. Əhalinin müraciətlərini nəzərə alaraq, artıq yolların bərpa işlərinə başlamışıq. Çalışırıq ki, qısa müddətdə asfaltlama işlərini bitirməklə layihənin tam şəkildə icrasını yekunlaşdıraq”.

Aysel Aslan