"Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində nə lazımdırsa, edilir”.
Bu barədə "Sherg.az”a Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı danışarkən Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib.
O vurğulayıb ki, dünyanın hər yerində faciə ilə bağlı tədbirlər keçirilir:

"Əsasən Türkiyədə Xocalı faciəsi baş verəndən indiyə qədər faciənin hər il dönümündə silsilə tədbirlər keçirilir. Yalnız fevral ayının 26-sında deyil, Qarabağla bağlı keçirilən konfransların hər birində Xocalı faciəsindən danışılır. Harada qondarma erməni soyqırımı məsələsi gündəmə gəlirsə, Xocalı faciəsi vurğulanır.
Zamanla xeyli ölkə Xocalı soyqırımını tanımağa başlayıb. Avropa insan hüquqları məsələsində, soyqırımlara qarşı mübarizədə səmimi olsa, uydurma erməni soyqırımına göstərdikləri həssasiyyəti Xocalıya göstərsələr, ədalətli nəticəyə çatmaq olar. Xocalıda baş verənlər bəşəriyyətin üz qarasıdır. Dünya dövlətləri şahidlərlə, faktlarla, foto və filmlərlə ortada olan soyqırımı tanısa, insanlığın bir daha belə faciə yaşamamasına dəstək vermiş olarlar.
Uzun müddətdir, dövlətimiz və vətəndaş cəmiyyətləri mübarizə aparır, Xocalı faciəsinin tanınması ilə bağlı əllərindən gələni edirlər. Nəticənin necə olacağını zaman göstərəcək.
Azərbaycan Diaspor Komitəsi bu məsələ ilə bağlı ciddi işlər görür. Bu il də Avropa ölkələrində proqramlar qoyulub”.
Qeyd edək ki, Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu. Bu əməllər mütəşəkkil formada həyata keçirildi.[3] Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanıldı və bu barədə qondarma Dağlıq Qarabağ Respublikası (DQR) hakimiyyətinin müvafiq əmri olduğunun aşkar göstəricisidir. Xocalıda dinc əhalinin, o cümlədən qadınların girov kimi tutulması və saxlanılması "DQR" hakimiyyətinin Xocalının bütün dinc insanlarını əvəzsiz olaraq Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatları ilə aşkarca ziddiyyət təşkil edir. Girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olmuş, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilmişdir. Soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Aysel Aslan