“Xocalı sözü soyqırım ifadəsinin qarşılığı kimi lüğət fondumuza daxil edilsin” – Jurnalistdən təklif





2006-cı ildə İngiltərənin Oxford Universitetinin buraxdığı "New english words” lüğətində "holokost” sözü "genocide” – soyqırım sözünün qarşılığı kimi verilmişdi. Yəni, nasistlərin yəhudilərə qarşı törətdiyi soyqırım həmin faciənin adı ilə soyqırım ifadəsinin birbaşa mənası kimi əbədiləşdirilmişdi.

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə iyirminci əsrin ən böyük soyqırımlarından biri – Xocalı soyqırımı erməni nasist-daşnak birləşmələri tərəfindən Azərbaycan xalqına qarşı törədildi. 613 nəfər bir neçə satin içində qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi. 1275 nəfər əsir götürüldü. İşgəncələrə məruz qaldı. Xocalı şəhəri yer üzərindən silindi.

26 ildir ki, biz "Xocalıya ədalət” kampaniyaları aparırıq. Xocalı soyqırımının dünya birliyi tərəfindən tanınmasına çalışırıq. Bu sahədə müəyyən uğurlar da əldə edilib. Bir neçə dövlət ermənilərin azərbaycanlılara qarşı törətdiyi qeyri-insani cinayətləri soyqırım kimi tanıyıb.

Prosesə töhvə olacaq bir fikri də mən səsləndirmək istəyirəm. Xocalı ifadəsi soyqırım sözünün qarşılığı - ekvivalenti kimi Azərbaycan dilinin lüğət fonduna daxil edilsin. Yəni, "xocalı=soyqırım”…Məncə Xocalı soyqırımının tanınmasına bundan daha yaxşı töhvəmiz olmayacaq.

Hər bir soyqırımı elə Xocalı sözü ilə qoşa çəkək. Məsələn, Holokost xocalı(Holokost soyqırımı), Xrosima xocalı (Xrosima soyqırımı) və s.

Öz dilimizdə xocalı sözü soyqırım sözünün qarşılığı kimi öz yerini möhkəmlətdikdən sonra, bu sözü digər türk xalqlarının dilinə də bu formada keçirilsin. Bununla təkcə gənc nəslin deyil, ümumilikdə türk dünyasının yaddaşına Xocalı soyqırımını əbədi həkk etmiş olarıq. Dilimizi öyrənən əcnəbilər də xocalı ifadəsini soyqırım sözünün qarşılığı kimi öyrənəcəklər. Məncə Dilçilik insitutu bunun üzərində əvvəlcə yaxşı-yaxşı baş sındırmalı, sonra mümkün olanı etməlidir.