Seyid Camal Əzimbəyli: “Dövlət maraqlarına zidd fəaliyyət göstərən istənilən dini təriqətlərə və təşkilatlara qadağa tətbiq olunmalıdır”
“Yahova Şahidləri” zərərli iş görürlər
Elşad Miri: “Əgər ortada dövlətin atributlarına zidd mövqe varsa, o necə faydalı icma kimi qeydiyyatdan keçə bilər?”
Seyid Camal Əzimbəyli: “Dövlət maraqlarına zidd fəaliyyət göstərən istənilən dini təriqətlərə və təşkilatlara qadağa tətbiq olunmalıdır”
Seyid Camal Əzimbəyli: “Dövlət maraqlarına zidd fəaliyyət göstərən istənilən dini təriqətlərə və təşkilatlara qadağa tətbiq olunmalıdır”
Ötən gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Yahova Şahidləri” təşkilatının Avropa Assosiasiyasının nümayəndələri ilə görüşüb. Görüşdə təşkilatın Avropa nümayəndələri ilə yanaşı, yerli icmanın təmsilçiləri də iştirak ediblər. Təşkilatın fəaliyyəti ilə bağlı məlumat verən qonaqlar qurumun Avropa məkanında geniş fəaliyyət göstərdiklərini vurğulayıblar.
Komitə sədri M.Qurbanlı deyib ki, Azərbaycanda vətəndaşların dini etiqad azadlığı təmin olunub və zərərli dini ideyalar yaymayan, dinlərarası münasibətlərə xələl gətirməyən bütün dini konfessiyaların fəaliyyətinə şərait yaradılıb. Məlumdur ki, Azərbaycanda "Yahova Şahidləri” adlı dini təriqətin tərəfdarları olsa da, təşkilat ölkə ictimaiyyətində birmənalı qarşılanmır. Əhalinin böyük əksəriyyəti sözügedən təriqəti qəbul etmir və təbliğ olunmasına qarşı çıxır. Təşkilat qeydiyyata alınmadığına görə, fəaliyyəti qanunsuz sayılır və təriqətin təbliğatı ilə
məşğul olanlar cinayət məsuliyyətinə cəlb olunur. Ötən gün həbs olunan Lökbatan qəsəbə sakinləri Məhluqə Əhmədova və İsmayıl Bağırov da bu məqsədlə saxlanılıb. Hüquq-mühafizə orqanlarının apardığı əməliyyat nəticəsində tutulan həmin şəxslərdən təbliği və yayılması qanunla qadağan olunmuş 10 ədəd dini kitab aşkarlanıb. Məlumat üçün qısaca bildirək ki, "Yahova Şahidləri”nin əsas məramı dini dövlət olan "tanrı krallığı” yaratmaqdır. Təriqət üzvləri şirnikləndirici vasitələrlə yeniyetmə-gəncləri, xüsusən müsəlman uşaqları, qadınları ələ almağa, öz amallarına xidmət göstərməyə məcbur edirlər. Dinini yaxşı bilməyən və zəif inanc sahibi olan insanlar da asanlıqla aldanırlar. "Yahova Şahidləri” xüsusilə adamların maddi imkansızlığından sui-istifadə edərək onları öz tərəflərinə çəkirlər. Cəzbedici gənc qadınları qapı-qapı dolaşdıraraq evlərə, iş yerlərinə broşüra və kitablar paylayırlar. "Yahova Şahidləri”nin fəaliyyəti haqqında "Şərq”ə açıqlama verən ilahiyyatçı-alim Elşad Miri bu təriqətin tamamilə zərərli təbliğat apardığını deyib: "Azərbaycanda "Yahova Şahidləri” adlı dini təşkilat əvvəllər Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, hətta daha sonra Dini Komitə tərəfindən də qeydiyyata alınıb. Amma daha sonra apardığı təbliğata görə, bu icmanın qeydiyyatı ləğv edilib. Bildiyimiz kimi, hər hansı icmanın qeydiyyatı ləğv olunursa, onların fəaliyyəti və təbliğatı qanunsuz sayılır”.
İlahiyyatçı bildirib ki, "Yahova Şahidləri” konkret olaraq xristian təmayüllü dini icma olmalarına baxmayaraq, özlərini hər hansı məzhəbə aid etmirlər: "Onlar digər məzhəbləri də qəbul etmirlər və tamam başqa dindən olduqlarını düşünürlər. Özlərini "isəvi” adlandıran təriqət bu gün xristianlıqda mövcud olan xaç anlayışını da mənimsəmirlər. Onlar deyirlər ki, İsa Peyğəmbər xaça deyil, çarmıxa çəkilib və iki qolu yana deyil, əksinə, üst-üstə olaraq asılıb. "Yahova Şahidləri” dövlətin əsas atributlarını da qəbul etmirlər. Onlar bayraq, gerb kimi dövlət rəmzlərinə qarşı çıxırlar. Həmçinin, qan vermək və qan almaq da bu təriqətə görə haram elan olunub. "Pinoer” adlanan təbliğatdan istifadə edən təşkilat üzvləri zaman-zaman rus və Azərbaycan dillərində müxtəlif formalı konqreslər keçirirlər”.
E.Miri vurğulayıb ki, "Yahova Şahidləri” insanların hərbi xidmət göstərmələrinin də əleyhinə çıxırlar və alternativ hərbi xidmət tələb edirlər: "Deməli, sabah müharibə olsa, həmin təriqətin üzvləri özlərinə qardaş bildikləri ermənilərə atəş açmayacaqlar. Onlar bir ailə kimi davranırlar və özlərindən olmayanı yaxına buraxmırlar. Bax, bu cür təhlükəli anlayışlara sahibdirlər. Təbliğat metodları bu gün də işləyir. Hətta son vaxtlar universitetlərə də sirayət ediblər. Ona görə də dövlət "Yahova Şahidləri”ni qeydiyyata alarkən bu məsələlərə diqqət yetirməlidir. Dünyanın bir çox ölkəsində "Yahova Şahidləri” qəbul olunmayan icmalar sırasındadır. Əgər ortada dövlətin atributlarına zidd mövqe varsa, o necə faydalı icma kimi qeydiyyatdan keçə bilər?”.
"Qarabağ Seyid Ocaqları”nın təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli hesab edir ki, dövlətçiliyimizə və milli mənafeyimizə xələl gətirən bütün dini təşkilatların, məzhəblərin fəaliyyəti qadağan olunmalıdır: "Azərbaycanda dini və milli tolerantlıq dünyanın heç bir ölkəsində, hətta özünü demokratik təsisatların müdafiəçisi kimi aparan ABŞ da belə yoxdur. Bu mühit həm xalqın genefonundan, həm də dövlətimizin yürütdüyü uğurlu siyasətdən irəli gəlir. Amma çox təəssüflər olsun ki, tolerant siyasət artıq sözün həqiqi mənasında Azərbaycanın əleyhinə işləməkdədir. Çünki son zamanlar qeyri-ənənəvi dinlərin mənsubları və məzhəblərarası münasibətlərin qızışdırılmasına rəvac verən milli dönüklər ölkədə müəyyən təxribatlara əl atırlar. "Yahova Şahidləri” də onlardandır. Bu təşkilatın zaman-zaman Azərbaycanda dövlətçiliyimizə və milli mənafeyimizə zərər vurmasının şahidi olmaqdayıq”. Şərqşünas bildirib ki, Dini Komitənin rəhbəri ayrıseçkilk etmədən bütün məzhəblərin, fərqli din mənsublarının üzünə
qapıları açıb və onların hər biri ilə dövlət və vətəndaş maraqları çərçivəsində səmimi müzakirələr aparıb: "Mən belə görüşlərə normal baxıram. Bu, dövlətin öz vətəndaşlarına sahib durmasının nümunəsidir. Amma təbii ki, dövlət maraqlarına zidd fəaliyyət göstərən istənilən dini təriqətlərə və təşkilatlara qadağa tətbiq olunmalıdır. Biz Türkiyənin, Rusiyanın və Qərb ölkələrinin təcrübəsindən görürük ki, bu kimi məsələlər dövlət tərəfindən bağışlanılmır. Çünki ciddi fəsadlara yol açır. Düşünürəm ki, od ətrafa yayılmamış yerindəcə söndürülməlidir. Bizə yad olan zərərli düşüncələrin, təriqətlərin Azərbaycana aşılanmasının vaxtında qarşısı alınmalıdır”.
İsmayıl