Ermənistan heç vaxt arxivlərin açılmasında maraqlı deyil
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qondarma erməni soyqırımı ilə bağlı həqiqətlərin üzə çıxması üçün bir daha Ermənistana arxivlərin açılmasını təklif edib.
Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan Bursada partiyanın rayon təşkilatının konfransında bildirib ki, ermənilərin köçürülməsinə səbəb olan hadisələr zamanı ölən türklərin sayı köçürülmə zamanı həyatını itirdiyi iddia olunan ermənilərin sayından dəfələrlə çoxdur. Onun sözlərinə görə, həmin hadisələrlə bağlı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının arxivində 1 milyon 700 min sənəd var: "Həmin sənədlərin 1 milyonu indiyə qədər açılıb. Biz qondarma erməni soyqırımının araşdırılması üçün arxivlərin açılmasını təklif etdik. Bu günə qədər arxivlərin açılması təklifimizi qəbul etməyiblər. Qarşımıza çıxmağa cəsarət etmədilər”.
Maraqlıdır, ermənilərin bu təklifə reaksiyası necə olacaq?
Tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimlinin "Şərq”ə açıqlamasına görə, Ermənistan tərəfi heç vaxt arxivlərin açılmasında maraqlı deyil. Çünki arxivlər açıldığı zaman ermənilərin yalançı soyqırımı üzə çıxacaq:
"Əvvəllər Amerikanın bu sahə ilə məşğul olan mütəxəssisləri də dəfələrlə erməni soyqırımının saxta olduğunu qeyd ediblər. Onlar bütün arxivlərə gedib, amma onları Ermənistan arxivlərinə buraxmayıblar. Bu haqda Azərbaycan da məsələlər qaldırırdı. Ümumi türk dünyası qarşısında bu məsələlərin yazılması, hazırlanıb ortaya qoyulması vacibdir. A.A.Bakıxanov adına AMEA-nın tarix institutu da dəfələrlə bununla bağlı müştərək tarixin yazılması məsələsini gündəmə gətirirdi. Bir müddət əvvəl Ərdoğan yenə bu məsələni qaldırmışdı.
Hətta bir komissiya da ayrıldı, amma ermənilərin ucbatından alınmadı. Hesab edirəm ki, bu, yerində verilmiş bir qərardı və bütün dünyaya göstərir ki, ermənilərin soyqırımı yalandan işlənib hazırlanır. Biz bəzi arxivləri açmağa hazırıq, bu daş, bu da tərəzi. Gəlin kimin daha çox ziyan çəkdiyi aşkar olunsun. Əslində ermənilər bilirlər ki, biabır olacaqlar, ona görə də onların məsələyə reaksiyası müsbət olmayacaq”.
Yeganə Bayramova