“Onsuz da xalq sizin kim olduğunuzu da, hansı həyat tərzi yaşadığınızı da yaxşı bilir. Özünüzü belə daha da biabır edirsiz”
Yalandan “Vağzalı” çalınır
Tanınmışlar Natəvanla Dadonun saxta evliliyini “atəşə tutdular”
“Onsuz da xalq sizin kim olduğunuzu da, hansı həyat tərzi yaşadığınızı da yaxşı bilir. Özünüzü belə daha da biabır edirsiz”
“Onsuz da xalq sizin kim olduğunuzu da, hansı həyat tərzi yaşadığınızı da yaxşı bilir. Özünüzü belə daha da biabır edirsiz”
Natəvan Həbibinin 6 aylıq evliliyi bitdi. Bu barədə müğənni özü sosial şəbəkədə paylaşım edərək bu evliliyin saxta olduğunu etiraf edib. Cütlük evlənərkən onların izdivacının saxta olduğunu desələr də, Natəvan Həbibi hər fürsətdə sevərək ailə qurduğunu sübut etməyə çalışırdı.
Natəvan hər müsahibəsində evliliyinin gerçək olduğunu, ərini sevdiyini deyirdi. Bu gün isə insanlar Natəvanın boşanma xəbərinə "sevinirmiş” kimi "Elə belə olmalıydı da... 6 ay hələ çoxdur” rəylərini yazır.
Bəlkə də belə çirkin yalanı deməyə Natəvanın öz səbəbi var. Hərənin öz həqiqəti olduğu kimi, atılan hər bir addımın da öz məntiqi açıqlaması olur. Bu yalançı izdivacda kimdir günahkar? Bunu deyə bilmərik. Hər halda yalançı, saxta nikaha gedən yolda cütlük bir yerdə addımlamış olub. Deməli, hərənin bu yalan yolunda, saxta icdivacda öz payı var. Kiminin az, kiminin çox. Amma bu yalanın iki səbəbkarı məlumdu. Natəvan Həbibi və Səid - yəni reper Dado!
Maraqlı məqamlardan biri odur ki, sosial şəbəkədə aparılan müzakirələrin hamısı Natəvana yönəlib. Hər kəs bu ailənin bitməsində Dadonu yox, məhz Natəvanı günahkar kimi görüb... Əslində isə Natəvanın ayrılıq qərarı verməsinə səbəb Dado olub.
Natəvan haqqında hətta saxta toy üçün Dadoya pul verdiyi, əslində ifaçının başqa biriylə eşq yaşadığı xəbəri də yayılmışdı.
Saxta evliliyi görən görür, bilən bilirdi. Amma cütlük xoşbəxt ailə tablosunu nümayiş etdirməklə bu müzakirələri səngitməyə çalışırdı. Ötən günədək hamı sosial şəbəkədə bu cütlüyün xoşbəxt ailə tablosunu rəsmini seyr etməyə məcbur idi. Amma yenə də söz-söhbətlər səngimək bilmirdi. Nəticə isə göz önündədir. Demə, xoşbəxt gördüyümüz bu ailədəki problemlər bir neçə həftədir davam edir. Əldə etdiyimiz məlumata görə, evi tərk edən Natəvan Həbibi olub. O, Dado ilə mübahisə edərək evi tərk edib və reperlə barışmaq istəmir. Dado isə hələ ki saxta görülən ailənin dağılmaması üçün cəhd edir. O, həyat yoldaşı ilə barışmağa can atır. Amma Natəvan telefonlarını söndürüb, onunla danışmaqdan qaçır. Natəvanla münasibəti olanlarla əlaqə yaratdıq, onlar da bildirdilər ki, bu gün müğənni heç bir açıqlama verməyəcək. Mətbuata açıqlama vermək üçün bir neçə gün sakitliyə ehtiyac var.
Dado isə instaqram profilində "Sevindiniz? Nata, səni sevirəm” kimi şərhlər yazmağa başlayıb. Reper özü də telefonunu söndürüb, zənglərə cavab vermir. Amma bu şərhlərdən əvvəl Dado instaqramında "Subay” sözünü yazıb və tez də silib.
Tanınmışların saxta toy etməsinə səbəb nədi? Niyə məşhurlar yalandan "Vağzalı” çaldırıb, təmtəraqlı toy edirlər? Buna nə ehtiyac var.
Elə bu suallarla professor Rəşid Mahmudova üz tutduq. "Şərq”ə açıqlama verən Rəşid Mahmudov "Biz milli-mental dəyərlərə önəm verən millət olmuşuq. Yalançı evlilik, saxta toylar bizim millətə yaraşmır. Yaraşmır deyirik, amma son illər belə yalançı toyların da şahidi oluruq. Bu biabırçılığa bir son verilməlidi. Siz kimi aldatmağa çalışırsız? Yalandan toy etməyin bir çox səbəbləri var.
Əsas səbəblərdən biri mən "qız uşağıyam”, belimə qırmızı bağlayıb gəlin köçürəm deməklə özlərini təmiz, namuslu göstərməyə çalışırlar. Digər səbəblər isə toyda pul yığmaq, reklam olunmaq məqsədi daşıyır. "Ay millət, görün, mən əsl kişiyəm, evlənirəm”, "mən qız uşağıyam, ərə gedirəm”. Bu milləti aldatmağa nə haqqınız var? Onsuz da xalq sizin kim olduğunuzu da, hansı həyat tərzi yaşadığınızı da yaxşı bilir. Özünüzü belə daha da biabır edirsiz. Mən yalandan toy edən insanlara söz tapmıram deyim. Bu da əxlaqsızlığın ən çirkin nümunəsidir. Ailəni də yalandan qurmaq olarmı? Bu, hansı mənəviyyata sığır? Başqa millətlərdə yalandan toyun şahidi ola bilərsiz? Yox. Bu həqiqətən biabırçılıqdı. Ayıbdı. Tanınmışların həyatına baxan gənc nəslə nəyi aşılayırıq? Yalandan evlənmək, yalandan ərə getmək mümkündür? O insanların böyükləri, ağsaqqalları, ağbirçəkləri hara baxır. Onlar bu rəzilliyə niyə göz yumur?”
Xalq artisti Sadıq Zərbəliyev də yalançı izdivacların son vaxtlar dəbə düşdüyündən narahatlığını dilə gətirdi: "Mən 9 yaşından toylarda olan insanam. Milyonlarla cütlüyün toyunu çalmışam. Əvvəllər belə hadisələri eşidə bilməzdik. İndi eşidirsən ki, yalandan toy etdilər. Yalandan da toy edərlər? Mən bilmirəm Natəvan yalandan toy edib, ya yox. Amma əgər yalandan toy olubsa, bu, biabırçılıqdı. Tanınmışların yalandan toyunu eşidəndə daha çox məyus oluruq. Çünki onlar örnək olmalıdırlar. Elə saxta nikahlara səbəb nə olur olsun, qəbulolunmazdı”.
Xalq artisti Mübariz Tağıyev də son dönəmlər tanınmışların yalançı icdivaclarından danışdı:
"Bilirsiz, bu barədə danışmaq utancverici hissdi. Çünki biz kökü bəlli millətik. Bir müsəlman ailəsinə, azərbaycanlı gəncinə yalandan toy etmək yaraşmır. Bu kimi hadisələr həqiqətən bizi məyus edir. Bu hadisə bir daha narahatlığımız üçün səbəb ola bilər. Deməli, biz milli dəyərlərimizi itirməyə başlamışıq. Şərq ölkələrində ailə toxunulmaz olub. Ailə bizlər üçün müqəddəs sayılıb. Mən başa düşmürəm ki, yalandan toy etmək nəyə lazımdı. Əgər sən sevmirsənsə, o ailə həqiqətən qurulmursa, onda niyə toy edib, yüzlərlə insanı toyuna çağırıb bunu sərgiləyirsən. Axı nə məcburdu? Kimə görə yalandan toy edirsiz? Ailə dəyərlərimizi niyə bu qədər ucuzlaşdırmışıq. Bilirsiz, ictimai qınaq olmalıdır. Bizdə artıq tanınmışlar ictimai qınaqdan da çəkinmirlər. Bir utanmaq, abır-həya var idi, onları da belələrinin sayəsində itiririk. Vallah, ayıbdı.
Sən evlənmək istəmirsənsə, niyə nikah masasına oturursan, niyə camaatını narahat edib toyuna dəvət edirsən. Bu yalançı toy şousu kimə lazımdı? Kimi aldadırsız? Özünüzü, ya bu milləti? Balaca bir ölkədi, hamı biri-birini tanıyır. Sizə baxan gənclik nə öyrənəcək? Ailə institutu deyilən bir anlayış var. Bu dağılır. Mənəvi dəyərlər itir, məhv edilir. Ayıbdı. Tanınmışlar bu məsələdə bir az düşünsələr, başa düşərlər ki, nə qədər cılız görünmüş olurlar. Bu nə deməkdi? Əvvəl təmtəraqla evlən, sonra da de ki, mən sizi aldadırdım, yalandan evləndim. Sual verirəm. Nəyə görə? Nə vadar edir sizi? Bir dəfə yalandan "Vağzalı” çalınsın deyə mənəvi dəyərlərimizi ayaq altına atmağa heç kimin ixtiyarı yoxdu”.
Tahirə