İş saatlarının dəyişdirilməsi tıxacları aradan qaldıracaq
Sadəcə dövlət qurumları yox, özəl şirkət və təşkilatlar da bu məsələyə müsbət yanaşmalı, ciddi təbliğat aparmalıdırlar
Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda iş saatlarının dəyişdirilməsilə bağlı Nazirlər Kabinetinə müraciət edib. BNA-nın mətbuat katibi Mais Ağayevin sözlərinə görə, layihə təsdiqlənəcəyi təqdirdə pik saatlarda şəhər yollarında sıxlıq aradan qalxacaq: "BNA tərəfindən Nazirlər Kabineti yanında yol hərəkətinin təhlükəsizliyi komissiyasına müvafiq təkliflər təqdim edilib. Düşünürük ki, bu təkliflər reallaşacağı təqdirdə, günün pik saatlarında şəhər yollarında nəqliyyat sıxlığını müəyyən qədər azaltmaq mümkün olacaq”.
Nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov da bu təklifin səmərəli olma ehtimalını istisna etmir. Bu təcrübənin dünyanın bir çox ölkəsində tətbiq edildiyini vurğulayan ekspert hesab edir ki, tək bununla tıxac problemini tam aradan qaldırmaq olmaz, çünki tıxacı yaradan səbəblər çoxdur: "Ancaq iş saatlarını müəyyən qədər fərqli etmək mümkün olarsa, hamı birdən kütləvi şəkildə yola çıxmayacaq və pik saatlarda yollarda gərginlik xeyli azalacaq”.
Ekspert hesab edir ki, sadəcə dövlət qurumları yox, özəl şirkət və təşkilatlar da bu məsələyə müsbət yanaşmalı və bu istiqamətdə ciddi təbliğat aparılmalıdır:
"Bu ideya könüllü olmalıdır. Özəl şirkətlərdə iş qrafikini inzibatçılıq yolu ilə müəyyən etmək olmaz. Ona görə də təbliğat işləri aparılmalıdır ki, özəl şirkətlər də bu təklifə müsbət yanaşsınlar”.
İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı Vüqar Bayramov da hesab edir ki, iş saatlarının dəyişdirilməsi tıxacların aradan qaldırılması və sıxlığın azaldılması deyil, həm də iqtisadi baxımdan vacibdir.
Onun sözlərinə görə, Avropanın əksər ölkələrində olduğu kimi dövlət, özəl və təhsil müəssisələrinin fərqli iş saatlarında işə başlaması və fərqli saatlarda işi başa çatdırması imkan verir ki, vətəndaşlar tıxacda az zaman sərf etsinlər. Bu da xüsusən avtomobildən istifadə edərək işə gələnlərin yanacağına qənaət deməkdir:
"Tıxacın aradan qaldırılması, onun iqtisadi təsirlərinin azaldılması ilə, eləcə də iş saatlarının dəyişdirilməsi ilə bağlı təklifi bir neçə il öncə Nazirlər Kabinetinə təqdim etmişdim. Təbii ki, yanacağa qənaət edilməsi baxımından iş saatlarının vaxtının dəyişdirilməsi vacibdir. Bundan başqa iş vaxtlarının dəyişdirilməsi zamana qənaət deməkdir. İnsanların tıxacda az zaman sərf etmələri imkan verir ki, onlar tıxacda qaldıqları müddəti başqa işlərə sərf etsinlər. Bizim qiymətləndirmələr göstərir ki, işçilər orta hesabla bir saat yarım vaxtlarını tıxacda itirirlər. Hər bir zamanın dəyəri var. Zaman itkisinin azaldılması istirahət və ya başqa işlərlə məşğul olmağa imkan verəcək. Hətta vaxt itkisini işləyərək kompensasiya etmək mümkündür”.
İqtisadçının sözlərinə görə, iş vaxtları özəl, dövlət, bank sektorunun iş saatları elə uyğunlaşdırılmalıdır ki, fərqli sektorlarda işləyənlər biri-birlərinin xidmətlərindən istifadə edə bilsinlər:
"Azərbaycanda bütün sektorlar üzrə iş vaxtlarının eyni saatda başlaması və eyni nahar fasiləsi dövlət qurumlarında işləyənlərin, özəl sektorun xidmətindən daha geniş istifadə etməsinə imkan vermir. Dövlət qurumunda işləyən şəxsin iş vaxtı bitən zaman özəl sektor və bankda iş vaxtı bitir. Eləcə də nahar fasiləsi eyni saatda olduğundan hər hansı xidmətdən istifadə etmək mümkünsüz olur. Amma fərqli iş saatlarının olması və fərqli saatlarda bitməsi imkan verəcək ki, dövlət qurumları, xüsusən də bank sektorunun xidmətlərindən istifadə etmək mümkün olsun”.
Şəymən