Yanğın hadisələri niyə artır və necə davranmalı ? - Ekspertdən detallı izah





"Hər bir insan istənilən yerdə və istənilən zamanda təhlükəsizlik məsələlərinə əməl etməlidir”.

Bunu "Sherg.az” təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nürəliyev bildirib.

Onun sözlərinə görə,təhlükəsizlik məsələlərinə əməl olunmadıqda qarşısı alınmaz hallar yarana bilər:

"İnsanların çox olduğu məkanlarda yanğın təhlükəsizliyinə cavabdeh vəzifəli şəxslər olur. İaşə obyektlərində, ticarət mərkəzlərində yanğın təhlükəsizliyinə aid hər hansısa bir pozuntu olarsa, o səpkidə araşdırma aparıb, məsələ ilə bağlı rəhbərliyə məlumat verilməli, baş verən təhlükənin aradan qaldırılmasına çalışılmalıdır.

Təbii ki, yanğın müfəttişinin verdiyi təkliflərə mərkəzin rəhbərliyi də ciddi reaksiya verməlidir. Bu kimi məsələlərdə ən maraqlı tərəf rəhbəlik olmalıdır. Məkanın tikintisindən tutmuş sonrakı təyinatına qədər bütün təhlükəsizlik tədbirləri nəzərə alınmalıdır. Bina fasadının asan yanan materiallardan olması , içəridə yerləşən mal-materialın məişət cihazları, geyim, elektronika və tikinti materialları olması ani bir qığılcımda çox böyük yanğına səbəb ola bilər. 

Ona görə, iri iaşə obyektlərinin, ticarət mərkəzlərininin sahibləri yanğın təhlükəsizliyi qaydalarına, binanın yanğın təhlükəsizliyinə dair standartlara cavab verməsinə əmin olmalıdır. Eyni zamanda sahibkar orada olan icarədarlardan da yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsini tələb etməlidir.Yeni tikilən obyektlərdə bu qaydalara əməl olunduğu görünsə də, bəzilərində bunlara əməl olunmur. Ticarət mərkəzlərinin, iaşə obyektlərinin içərisində xüsusi ayrılmamış yerdə siqaret çəkəndən tutmuş , kustar üsulla düzəldilmiş elektrik, qaz cihazları ilə yemək və çay qızdıranlara qədər arzuolunmaz hallara rast gəlmək olar. Bu da öz növbəsində yanğın təhlükəsi yaradan amillərdir”.

Ekspert onu da diqqətə çatdırıb ki, peşəkar şəxslərə etibar edib obyektin təhlükəsizliyini təmin etməklə baş verə biləcək faciələrdən qorunmaq olar:

"Daha sonra sahibkarlıq obyektinin işçilərdən ibarət yanğın qrupları fəaliyyət göstərməsi fövqəladə vəziyyətdə yanğın söndürmə və xilasetmə qrupu gələnə qədər vəziyyətə nəzarət edə bilər. Beləliklə də həm insanların təhlükəsiz təxliyyə edilməsinə, həm də yanğının vəziyyətə uyğun söndürülməsinə nail olmaq mümkündür. Bütun ticarət məkanlarında yanğın təhlükəsizliyinə dair taxniki baza müvafiq normaya uyğun olmalıdır. Yəni siqnalizasiya sisteminin, yanğın dolablarının, yanğın hidrantların, yanğınsöndürən balonların, ehtiyyat çıxışın, təxliyyə plan-şərti işarələrin, yanğın su çəninin olması kimi bütün ləvazimatlar daim işlək və saz vəziyyətdə saxlanılmasına nəzarət etməlidir”.

Kənan Eynuroğlu