İqtidaryönlü partiyalar parlament seçkilərinə bloksuz gedəcəklər
Bu il parlament seçkiləri keçiriləcək. Müxalifət partiyaları ilə yanaşı, hər zaman fəaliyyətləri ilə hakim partiyanın yürütdüyü siyasətə dəstək olan iqtidaryönlü siyasi təşkilatlar da parlament seçkilərində iştirak etmək niyyətində olduqlarını deyiblər. İqtidaryönlü partiyalar aktiv fəaliyyət göstərməsələr də, budəfəki seçkilərində fəal olacaqlarını bəyan ediblər.
Məlumdur ki, müxalifət düşərgəsində yer alan siyasi partiyalar hər seçki öncəsi müxtəlif adda və formatda birliklər, bloklar yaradır. Amma iqtidaryönlü partiyalar hər hansı siyasi blokda birləşmək zərurəti görmədiklərinə görə əksər seçkilərə təkbaşına qatılırlar. Düzdür, bu partiyalar əvvəllər Məşvərət Məclisi adı altında bir araya gəliblər. Ancaq daha sonra heç bir siyasi birlikdə təmsil olunmayıblar. Görəsən, builki parlament seçkilərində iqtidaryönlü partiyaların siyasi blok halında bir araya gəlmək niyyətləri varmı?
Məsələ ilə bağlı "Şərq”ə danışan Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı iqtidaryönlü partiyaların seçkilər ərəfəsində hər hansı birlik yaratmasına ehtiyac görmədiyini deyib: "Yeni Azərbaycan Partiyası haqlı olaraq buna ehtiyac duymur. Çünki hakim partiyanın təkbaşına seçkilərə getməsi üçün kifayət qədər gücü, sosial dayağı və geniş potensialı var. Belə olan halda YAP-ın digər iqtidaryönlü partiyaları öz yedəyində daşıması məqsədəuyğun deyil. Biz də hər hansı birlik yaratmaq təşəbbüsü göstərmirik. Öz imkanlarımızla, potensialımızla seçkilərə qatılırıq və mandat uğrunda mübarizə aparırıq. Keçən parlament seçkilərində AVP iki mandat qazanıb. Düşünürəm ki, bunu kifayət qədər ciddi uğur hesab etmək olar. Hər halda digər partiyalarla mübarizədə üstün mövqe tutmağımız daxili potensialımızın ifadəsidir. Bələdiyyə seçkilərində də AVP üstün göstəricilər əldə etdi. Namizədlərin qeydiyyatına görə, YAP-dan sonra ikinci yeri tutdu. Ümidvaram ki, parlament üzvlərinin sayına görə də hakim partiyadan sonra ikinci yeri tutacağıq. Belə yüksək potensiala sahib olduğumuza görə, hansısa blokda təmsil olunmağa maraq göstərmirik. Yəni kiminsə yanına getmək və ya kimisə yanımıza gətirmək niyyətimiz yoxdur”.
Müxalifətlə yanaşı, iqtidaryönlü partiyaların da parlament seçkilərinə qatılacağını deyən Vəhdət Partiyasının sədri Tahir Kərimli iqtidaryönlü partiyaların birliyinə ehtiyac duymur: "Bələdiyyədən fərqli olaraq parlament seçkisində iştirak daha asandır. Həmçinin, Milli Məclisin üzvü olmaq, bələdiyyə üzvü olmaqdan daha iştahlıdır. Bu səbəbdən müxalifətli, iqtidarlı, bütün partiyalar parlament seçkilərində iştirak edəcək. O ki qaldı siyasi blok yaratmaq məsələsinə, düzdü, müxalifət partiyaları seçki ərəfəsində müəyyən birliklər yaradırlar. Məsələn, ötən müddət ərzində biz müxalifətin geniş spektrdə "Azadlıq” blokunda və daha sonra Milli Şurada bir araya gəldiyinin şahidi olduq. Amma bu birliklər heç bir müsbət nəticə vermədi və qısa müddət sonra hamısı dağıldı. Çünki qeyri-səmimi qüvvələrin birliyi mümkün deyil”. T.Kərimli xatırladıb ki, hakimiyyətin ilk illərində Yeni Azərbaycan Partiyasının digər iqtidaryönlü qurumlarla birlik yaratması çox aktual məsələ idi. Elə Məşvərət Məclisi də o zaman meydana gəlmişdi: "Amma ötən illər ərzində hakim partiya təkbaşına seçkilərə qatıla biləcək qədər gücləndi. Ona görə də indi YAP hər hansı blok yaratmağın marağında deyil. Digər iqtidaryönlü təşkilatların birlik təşəbbüsü hakim partiya tərəfindən müsbət qarşılanmadıqda onun nəticəsi olmur. Yəni birliyi öncə YAP özü istəməlidir. YAP-sız yaradılan hər hansı iqtidaryönlü blokun isə heç bir əhəmiyyəti yoxdur”.
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov isə ilk hədəflərinin partiyanın aktiv fəaliyyətini bərpa etmək olduğunu deyib: "Partiya üzvlərimizin sıralarında gənclərin sayını artırmaq və yeni-yeni layihələrlə, təkliflərlə 2015-ci ilə imza atmaq niyyətindəyik. İndi bütün partiyaların diqqəti bu il keçiriləcək parlament seçkilərinə yönəlib. Hesab edirəm ki, DADP də bu yarışda iştirak etməyə hazırdır. Milli Məclis üzvü kimi gerçəkləşdirmək istədiyimiz layihələri daha geniş müstəviyə çıxara, dövlətə və millətə daha böyük töhfələr verə bilərik. Çox güman ki, seçkilərdə təkbaşına iştirak edəcəyik. Hər hansı birlikdə təmsil olunmaq inandırıcı və faydalı deyil”.
İsmayıl