YAP-ın siyahısı hazırdır, açıqlanacaq

Aydın Mirzəzadə: “Siyasi xəttimizə uyğun gələn müstəqil namizədlərə dəstək verilə bilər”




Noyabr ayının 1-də Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Seçkilər yaxınlaşdıqca, Azərbaycanın ictimai-siyasi həyatında aktivlik müşahidə olunur. Hələlik marafona ən yüksək formada və daha əhatəli hazırlanan böyük potensiala malik Yeni Azərbaycan Partiyasıdır.
650 mindən artıq üzvü olan hakim partiyanın seçki hazırlığı ilə bağlı "Şərq”ə danışan millət vəkili, YAP-ın Siyasi Şurasının üzvü Aydın Mirzəzadə prosesin tamamlanmaq üzrə olduğunu deyib.

- YAP-ın seçki hazırlığı necə gedir?

- Hər seçkidə olduğu kimi, YAP qarşıdan gələn parlament seçkisinə də qrafikə uyğun olaraq çox möhtəşəm hazırlıq görür. Bütün ərazi təşkilatlarında monitorinqlər aparılır, seminarlar təşkil edilir. Seçki prosesində iştirak edəcək həm kadrlar, həm də seçicilər üçün seçki tövsiyələri verilir. Bütün bunlar o nəticəyə gətirir ki, YAP-ın üzvləri parlament seçkilərinə yüksək səviyyədə hazırdırlar. Texniki hazırlıq da bütün səviyyələrdə təmin edilib. Bugünlərdə YAP-ın şəhər və rayon təşkilatlarının növbəti müşavirəsi keçirildi və sonuncu tapşırıqlar verildi. Hesab edirəm ki, seçki prosesi başlayan gündən YAP-çılar ön cərgədə olacaqlar.

- Namizədlərin təyin edilməsi başa çatdımı, siyahı nə vaxt açıqlanacaq?

- Namizədlərin müəyyən edilməsi ilə bağlı YAP rəhbərliyi ötən müddət ərzində təşkilatda təmsil olunan hər bir partiya üzvünün fəaliyyətini ciddi şəkildə analiz etdi. Eyni zamanda partiyamız parlamentin növbəti V çağırışı üçün öz üzərində gərgin iş apardı. Artıq demək olar ki, namizəd siyahısı da hazırdır. Yaxın günlərdə cəmiyyətə təqdim ediləcək. Hesab edirəm ki, cəmiyyət yenidən tanınmış ziyalıları, partiya təmsilçisi kimi parlamentdə təmsil olunan deputatları, eyni zamanda gəncləri və qadınları həmin siyahıda görəcəklər.

- Namizəd siyahısında gənclərə və qadınlara kifayət qədər yer ayrılıbmı?

- Bu sualın cavabı siyahı tam açıqlananda hamıya bəlli olacaq.

- Hakim partiya digər iqtidaryönlü təşkilatlarla əməkdaşlıq edirmi?

- YAP bütün dairələr üzrə öz namizədlərini irəli sürmək fikrindədir. Ancaq bununla belə şəraitə və situasiyaya uyğun olaraq vəziyyət korrektə edilə bilər.

- Hər hansı partiyada təmsil olunmayan bitərəf namizədlərə YAP tərəfindən güzəşt olunacaqmı?

- Bunlar da rəhbərlik tərəfindən nəzərdən keçirilir. Cəmiyyətdə böyük nüfuzu olan, seçicilər tərəfindən dəstəklənən, siyasi xəttimizə uyğun gələn müstəqil namizədə dəstək verilə bilər. Bütün bunların hamısı seçki prosesi başlayandan, namizədlər müəyyən olunandan sonra mümkündür.

İsmayıl