Yarımada artıq çat verib

Bakıda hündürmərtəbəli binaların tikintisinə qadağa qoyulmalıdır



Milli Məclisdə Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə zərfinin plenar müzakirəsi zamanı millət vəkili Aydın Mirzəzadə təklif verib ki, Bakı şəhərinin statusu ilə bağlı xüsusi qanun qəbul edilsin. Paytaxtda strateji obyektlərin olduğunu vurğulayan millət vəkili sözügedən qanunun qəbulunu vacib sayır.

A.Mirzəzadə bu qanunda paytaxtda tikinti sahəsində müəyyən normaların müəyyənləşdirilməsinin də məqsədəuyğun olduğunu deyib: "Bakının mərkəzində hündürmərtəbəli binaların inşası mərkəzdə sıxlığa səbəb olur. Şəhərin mərkəzi ilə bağlı qırmızı dairə müəyyənləşə bilər.

Bu dairədə hündürmərtəbəli binaların inşası qadağan oluna bilər və ya mərkəzdə tikiləcək binaların sayı və mərtəbələrinin sayını göstərmək olar. Hesab edirəm ki, bizim bu sahədə təcrübəmiz var. Biz necə ki, İçəri şəhəri qoruyuruq, şəhərin mərkəzi ilə də bağlı da belə addım ata bilərik”. Azərbaycan Memarlar Assosiasiyasının prezidenti Zemfira Budaqova bu sahədə sui-istifadə hallarının çoxluğundan şikayətlənib: "Bu məsələ həqiqətən də problem səviyyəsindədi. Mən mətbuata açıqlamalarımda bu məsələni dəfələrlə qaldırmışam ki, şəhərin mərkəzindəki hündürmərtəbəli binaları köçürmək lazımdır. Bakının özünün harmoniyası və landşaftı var idi. Yüksəklikdən baxanda amfiteatra oxşayırdı. Binalar elə tikilirdi ki, onların hündürlüyü sahildən uzaqlaşdıqca ucalırdı. Amma indi çoxmərtəbəli binalar bu harmoniyanı pozur. Əksinə, indi dənizdən baxanda yumru, hündür, alçaq və rəngli binalar estetik zövqə xələl gətirir. Ona görə də dənizə yaxın ərazilərdə çoxmərtəbəli binaların tikintisinə yenə də qadağa qoyulmalıdır. Bakı şəhəri gil təbəqəsinin üzərində yerləşir. Həm də hündür binalar tikilərkən, gərək torpağın dözümlüyünə də diqqət yetirilsin. Əgər düzgün konstruksiya ilə tikilməyibsə, sabah zəlzələ olsa, böyük fəlakətlər yarada bilər”. Şəhərin mərkəzindəki tarixi binaların bizim keçmişimiz, tariximiz olduğunu vurğulayan xanım memarın sözlərinə görə, Bakıda tikilən çoxmərtəbəli binalar tarixi binalara kölgə salır: "Mərkəzdəki binalar maksimum tarixi binalardan bir mərtəbə yuxarı ola bilər. Əslində şəhərin mərkəzi hissələrini mümkün qədər yaşayış binalarından təmizləmək lazımdır. Yaşayış evlərinin əvəzinə xırda obyektlər, ofis binaları tikmək olar. Tarixi binaları saxlamaq şərti ilə "Sovetski” tərəfdə sökülən yardımçı evlərin əvəzinə yaşıllıq salmaq, ya da müəyyən obyektlər tikmək olar. Onsuz da, Bakıda yaşıllıq azdır. Çalışmalıyıq ki, mərkəz hissədə daha çox parklar salınsın”. Abşeron yarımadasının yükləndiyini vurğulayan Z.Budaqova artıq yarımadanın çat verdiyini deyib. Onun sözlərinə görə, çat ağırlaşmasın deyə, ərazidən uzaqlaşmaq lazımdır. Bunu həmişə demişəm, deyəcəm də. Bu gün şəhərin mərkəzi hissəsinin yüklənməsi gələcək nəsillər üçün əsl təhlükə mənbəyidir. Millət vəkilinin təklifi təqdirəlayiqdir. Bu cür həyəcan siqnallarını ciddiyə almaq, memarların narahatlığını duymaq lazımdır. Şəhərsalmanı bilən memarlarla danışıb, problemdən çıxış yolu axtarmaq lazımdır: "Hündür binalar şəhər üçün potensial təhlükədir, hətta dağılmasının başlıca şərtidir. Azərbaycanın hər torpağı müqəddəsdir. Ölkəmizi, şəhərimizi, Bakımızı qoruyaq. Adi, həlli mümkün olan bir problemə görə, şəhəri təhlükəyə atmayaq”.

Digər memar İlqar Əliyev də millət vəkilinin təklifinin məqsədəuyğun olduğunu deyib. Onun fikrincə, hündürmərtəbəli binaların sürətlə tikilməsi şəhərin ümumi görünüşünə ziyan vurur və paytaxtın yüklənməsinə səbəb olur: "Xarici ölkələrdə insanların yaxşı yaşaması onların varlı olması ilə ölçülmür. Orada yaxşı yaşayış deyəndə şəhərdə əlillərə münasibət və onların sərbəst gəzə bilməsi nəzərdə tutulur. Ancaq Bakıda tikilən yeni göydələnlərin demək olar ki, hamısında əlillər üçün giriş, çıxışlar tikilməyib. Bu isə onların ev şəraitinə daha da qapanmasına gətirib çıxarıb. Həmçinin yaşayış binalarının alt mərtəbələrində və ya zirzəmilərində ofis və dükanların mövcudluğu da şəhərdə sıxlığın və bir qədər də narahatçılığın yaranmasına səbəb olur”. Təmir-bərpa işləri görülərkən, ümumi prinsiplərə riayət olunmadığı kimi, binaların divarlarına vurulan rənglərin zövqsüzlüyündən danışan İlqar Əliyev bu cür binalarda ev alıb, yaşayanları da bir növ zövqsüz adlandırıb.

Şəymən