Yarımçıq ziyarət...

Məhəmməd Əlinin dəfn mərasimində Ərdoğana hörmətsizlik oldu“Ola bilər ki, dəfn mərasiminin təşkilatçıları Ərdoğanın davranışını islam dininin təbliğinə yönəlik siyasi addım kimi də qəbul ediblər”
Əfsanəvi boksçu Məhəmməd Əlinin dəfn mərasiminə qatılmaq üçün ABŞ-a yollanan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfərini yarıda kəsərək ölkəsinə qayıtmağa qərar verib. Ərdoğan cümə günü torpağa basdırılacaq Məhəmməd Əlinin dəfninə qatılmayacaq. Cümə axşamı ahıska türklərinin təşkil etdiyi iftar süfrəsindən sonra Türkiyəyə qayıdacaq. Buna səbəb R.T.Ərdoğana qarşı edilən hərəkətin xoş qarşılanmaması olub.
Məhəmməd Əlinin məzarı üstünə Kəbə örtüyündən bir parça qoymaq istəyən Prezidentə rədd cavabı verilib. Bunu özlərinin edəcəklərini deyərək, parçanı Ərdoğandan alıblar. Bundan başqa, Ərdoğan və Din naziri Mehmet Görmezin "Qurani-Kərim”i oxumaq istəyinə də etiraz edən dəfnin təşkilatçıları Türkiyə Prezidentinə qarşı hörmətsizlik edib. Bunu əsas gətirərək, R.T.Ərdoğan səfərini yarıda qoyub geri qayıdacağını bildirib. Dəfn namazı qılınan zaman isə türkiyəli cangündənlərlə onların amerikalı həmkarları arasında qarşıdurma yaşanıb.
Türkiyə liderinə qarşı sayğısızlığın səbəblərini şərh edən politoloq Elçin Xalidbəyli qeyd edib ki, R.T.Ərdoğana qarşı olan davranış hörmətsizlik kimi qəbul edilə bilər. Ancaq qeyd etmək lazımdır ki, burada nəzərə alınmayan önəmli və incə bir məqam da var: "Mərhum Məhəmməd Əli kimi dünya səviyyəli şəxsiyyətlərin dəfn mərasimləri xüsusi protokol qaydaları çərçivəsində təşkil olunur. Dəfn mərasimində iştirak edən şəxslər isə kimliyindən asılı olmayaraq, həmin qaydalara uymaq məcburiyyətindədirlər. Ərdoğanın üzləşdiyi vəziyyətdən belə anlaşılır ki, Türkiyə Prezidenti həmin qaydalardan kənara çıxıb. Eyni zamanda, ola bilər ki, dəfn mərasiminin təşkilatçıları Ərdoğanın davranışını islam dininin təbliğinə yönəlik siyasi addım kimi də qəbul ediblər. "11 sentyabr” olayından sonra islam dünyasına qarşı elan edilməmiş savaşa start vermiş bir superdövlətin ərazisində belə davranışlara seyrçi qalınacağını düşünmək sadəlövhlük olardı. Ona görə də, Türkiyə Prezidentinə belə bir xoşagəlməz reaksiya verilib. Halbuki, bu reaksiya daha yumşaq, daha etik və kübar şəkildə də ola bilərdi”.
Ekspert hesab edir ki, Türkiyə Prezidenti R.T.Ərdoğana qarşı ABŞ və Qərbdə münasibətin ciddi şəkildə mənfiyə doğru dəyişdiyi inkaredilməz reallıqdır: "Bu dəyişikliyin kifayət qədər ciddi səbəbləri var. Məsələ ondadır ki, Ərdoğan hakimiyyətinin ilk illərində həqiqətən də ABŞ və Qərbin dəstəyinə sahib olub. ABŞ və Qərbdə Ərdoğanın siyasi liderliyi altında Türkiyənin bütün islam dünyasına, xüsusilə də, ərəb dünyasına örnək olacaq radikallıqdan uzaq, yumşaq dini yaşam tərzini mənimsəmiş dövlətə çevriləcəyinə ümid bəsləyirdilər. Hesab edirdilər ki, belə Türkiyənin mövcudluğu ABŞ və Qərbin Yaxın Şərq projesinin reallaşmasında həlledici rol oynaya bilər. Hətta ABŞ və Qərbin Yaxın Şərq projesinin reallaşdırılması prosesində Türkiyəyə və Ərdoğana xüsusi rol da ayrılmışdı. Və Ərdoğan uzun müddət həmin rolun layiqincə icra olunması üçün xüsusi əzmkarlıq da göstərirdi. Ancaq bir neçə il öncə bu prosesdə vəziyyət ciddi şəkildə dəyişdi. ABŞ və Qərbdə belə bir əminlik yarandı ki, Türkiyə tam şəkildə ram edilib. Və rəsmi Ankara artıq Qərbin sözündən çıxmayacaq, bütün direktivləri qeyd-şərtsiz yerinə yetirəcək. Təbii ki, bu yanlış əminlik ABŞ və Qərbin bir sıra səhv addımlar atmasına səbəb oldu. Xüsusilə də, ABŞ və Qərb bu əminlikdən qaynaqlanan arxayınlıqla Türkiyənin milli maraqlarını heçə saymağa başladı, hətta həmin maraqları təhlükə altına atmaqdan belə, çəkinmədi. Nəticədə rəsmi Ankara və şəxsən Ərdoğan öz mövqeyini ciddi şəkildə dəyişdi. Türkiyənin milli maraqlarını qorumaq üçün ABŞ və Qərbə kəskin şəkildə etiraz etməyə, hətta müqavimət göstərməyə başladı. Bununla da Ərdoğana qarşı ABŞ və Qərbin münasibəti mənfiyə doğru dəyişdi. Və indiki ziddiyyətlər ortaya çıxdı”.
E.Xalidbəylinin fikrincə, ABŞ və Qərbin Ərdoğana qarşı atdığı addımlar və göstərilən təzyiqlər artıq o qədər də effektiv deyil: "Çünki Prezident Ərdoğan Türkiyədə öz siyasi dayaqlarını maksimum səviyyədə gücləndirə bilib. Üstəlik, Türkiyə də son 10 il ərzində güclənərək, real siyasi iradə mərkəzinə çevrilib. Ona görə də, Ərdoğan həm öz mövqelərini, həm də Türkiyənin milli maraqlarını ABŞ və Qərbin təzyiqlərindən qoruya bilir”.
Ayyət Əhməd