“Mənə dedilər ki, yenə də onlarla erməni yazarları və minlərlə erməni oxucusu tərəfindən yazının götürülməsi ilə bağlı sayt rəhbərliyinə təzyiqlər olub”
“Yaş əsgər çəkmələri”nə ruslar qadağa qoydu
Varis əsərinin “Proza.ru”dan çıxarılmasına görə, ruhdan düşməyəcək, mübarizə davam edir
“Mənə dedilər ki, yenə də onlarla erməni yazarları və minlərlə erməni oxucusu tərəfindən yazının götürülməsi ilə bağlı sayt rəhbərliyinə təzyiqlər olub”
“Mənə dedilər ki, yenə də onlarla erməni yazarları və minlərlə erməni oxucusu tərəfindən yazının götürülməsi ilə bağlı sayt rəhbərliyinə təzyiqlər olub”
Yazıçı Varisin əsərinə Rusiyada qadağa qoyulub. Onun mayın 18-də Rusiyanın "Proza.ru” portalında dərc edilən, bir azərbaycanlı şəhid anasının real yaşantılarını əks etdirən "Yaş əsgər çəkmələri” hekayəsi ötən gün portalın rəhbərliyi tərəfindən saytdan çıxarılıb. Yazıçıya göndərilən bildirişdə qeyd olunub ki, "Yaş əsgər çəkmələri” əsəri "Proza.ru” serverində dərc edilmək qaydalarına zidd olduğuna və 3.2 maddəsinin tələblərini pozduğuna görə dərcdən çıxarılıb: "Bu maddəyə görə, Rusiya Federasiyası qanunvericiliyi ilə qadağan edilmiş məzmuna malik əsərlər dərcə buraxılmır”.
Qadağaya səbəb kimi də hekayədə işlədilən "İşğalçı erməni silahlı qüvvələri” ifadəsi göstərilib: "Siz "İşğalçı erməni silahlı qüvvələri” söz birləşməsindən istifadə etməklə millətlərarası münaqişəni qızışdırmağı qadağan edən Rusiya qanunvericiliyini pozmusunuz. Bizim müəlliflər tək Rusiya ərazisində deyil, başqa ölkələrdə, o cümlədən də, Ermənistanda yaşadıqlarına görə, sizin nəzər-nöqtəniz başqalarının nəzər-nöqtələri ilə kardinal dərəcədə fərqlənə bilər. Bundan başqa, sizin əsəriniz bütün dünyanı əhatə edən oxucu kontingentimiz arasında da fərqli və neqativ reaksiya yarada bilər”.
"Yaş əsgər çəkmələri” hekayəsinin sırf Azərbaycanın maraqlarını müdafiə etdiyi üçün saytdan çıxarıldığını deyən Varis "Şərq”ə açıqlamasında deyib ki, Ermənistan bizim düşmənimizdir və faktiki ölkəmizə qarşı işğalçılıq siyasəti həyata keçirib: "Bu, BMT və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən digər beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapıb. Amma onların qanunvericiliyinə görə, mənim yazıda işlətdiyim ifadələr milli ədavətin qızışdırılması hesab olunur. Hər nə qədər mənim əsərimin mahiyyəti fərqli olsa da, onlar həmin prizmadan yanaşmağı uyğun bildilər və əsərimi saytdan çıxartdılar”.
Yazıçı hesab edir ki, "Yaş əsgər çəkmələri” hekayəsinin dərcdən çıxarılmasına səbəb təkcə minlərlə erməni oxucusunun sayt rəhbərliyi qarşısında tələb qaldırması olmayıb: "İndiyə qədər "Proza.ru”da mənim böyük səs-küyə səbəb olan bir neçə siyasi mövzulu əsərlərim dərc olunub. "Bir dəfə Luqanskda” əsərim 20 gün ərzində saytın reytinq cədvəlində ilk üçlükdə oldu. Burada söhbət Luqansk uğrunda Ukrayna ilə Rusiya arasında gedən mübarizənin bir şuşalı qaçqının taleyində oynadığı roldan bəhs olunurdu. Əsər Rusiya ictimaiyyətində böyük rezonans doğurmuşdu. Mən həmin əsərdə Şuşanın işğalı faktorunu da qabartmışdım ki, bu adamın torpaqları erməni işğalında olduğu üçün Luqanska gəlib və burada da hücumlara məruz qalıb. Həmçinin "Xrizantema dəstəsi” əsərimdə 1918-ci ildə baş verən Quba soyqırımını bir neçə yəhudinin taleyində qabartmışam. Ermənilərin 1918-ci ildə Qubada 4 min türklə yanaşı, bir neçə yəhudinin də ölümünə səbəb olduğunu qeyd etmişəm. Ermənilər bu əsərə qarşı çox ciddi mübarizələr apardılar. Hətta "Xrizantema dəstəsi”ni Ümumdünya Dağ Yəhudiləri Konqresi rəsmi internet səhifəsində məsləhət görünən ədəbiyyat kimi reklam edərək onminlərlə insan tərəfindən oxunmasına nail oldu. Bundan sonra ermənilər tərəfindən sayta və mənə qarşı hücumlar oldu. Hətta saytda yazını hər oxuyan insana əsərdəki faktların həqiqəti əks etdirmədiyinə dair bir dənə təkzib məktubu yazırdılar. Elə bu yaxınlarda isə "Proza.ru”da Böyük Vətən müharibəsində Rusiyanın əleyhinə vuruşan erməni legionu haqqında yazım dərc olunub. Bu araşdırmam da ermənilərdə qıcıq doğursa da, yazının saytdan çıxarılmasına müvəffəq ola bilməmişdilər. Bunun da səbəbi həmin yazıların birinin dolayısı ilə yəhudilərin, digərlərinin isə rusların marağına uyğun olması iə bağlı idi. "Yaş əsgər çəkmələri” adlı hekayəm isə sadəcə Azərbaycanın mövqeyini ifadə edir. Ola bilsin, sırf Azərbaycan-Ermənistan münasibətlərinə toxunulduğu üçün sayt rəhbərliyi yazının dərcindən imtina edib. Rusiya Yazıçılar Birliyinin üzvü olduğum üçün dəqiq məlumat tələb elədim. Mənə dedilər ki, yenə də onlarla erməni yazarları və minlərlə erməni oxucusu tərəfindən yazının götürülməsi ilə bağlı sayt rəhbərliyinə təzyiqlər olub. Amma bunun əsas səbəb olduğunu zənn etmirəm. Çünki ermənilər o mənim bütün siyasi mövzulu yazılarıma qarşı adekvat reaksiyalar veriblər. Burada əsas səbəb əsərimdə birbaşa Azərbaycanın haqlı mövqeyini ortaya qoymağım olub ki, "Proza. ru” Rusiya qanunvericiliyini əsas gətirərək yazını saytdan çıxarıb”.
"Sovremenniki i klassiki” seriyasından nəşr edilən "Yanvarın 13 günü” kitabında da Qarabağ həqiqətlərinə toxunduğunu deyən yazıçının sözlərinə görə, bu əsərə qarşı da təzyiqlər həddindən artıq çoxdur. Amma artıq əsər kitab halındadır və dünyanın 23 ölkəsində satışa çıxarılıb. Yəni kitabı satışdan çıxarmaları mümkün olmadığı üçün hekayələrinlə mübarizə aparırlar: "Ermənilərin "Yaş əsgər çəkmələri” hekayəmin dərcinin dayandırılmasına nail olmalarını onların kiçik bir qələbəsi hesab etsəm də, mən öz yolumdan dönməyəcəm. Görün, onlar nə qədər aciz durumdadılar ki, bütün güclərini bir azərbaycanlı yazıçı ilə vuruşmağa səfərbər ediblər”.
Yazısını saytdan çıxarsalar da, yenidən "Proza.ru” ilə əməkdaşlığa davam edəcəyini vurğulayan Varis oxucularını itirmək istəmədiyini deyib: "Bundan sonrakı yazılarımda çalışıb erməniləri tək Azərbaycanın yox, eyni zamanda rusların və digər xalqların düşməni kimi qələmə verəcəm ki, təzyiqlər heç bir əhəmiyyət kəsb etməsin. Çünki sırf Azərbaycanın mövqeyindən çıxış edəndə kontur-arqumentlər tapıb yazının dərcindən imtina edirlər. Zənnimcə, Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması nöqteyi-nəzərindən mənim əsərlərimin bu saytda dərc olunması mühüm əhəmiyyət kəsb edir. Oxucu auditoriyam Rusiya ilə məhdudlaşmır. "Proza.ru” vasitəsilə bütün MDB ölkələri və İsrail, Kanada kimi rusdilli əhalinin çox məskunlaşdığı ölkələrdədə əsərlərim oxunur. Sözün açığı, bu böyüklükdə bir oxucu auditoriyasından məhrum olmaq istəmədiyim üçün Qarabağ reallıqlarına əvvəlki əsərlərimdəki kimi toxunacam”.
Şəymən