“Babək haqqında bütün bilgilər Abbasi saray tarixçilərinin salnamələridir və başqa qaynaq yoxdur”
Bir müddət öncə ANS televiziyasının efirində yayımlanan, aparıcısı, yazıçı-publisist Həmid Herisçi olduğu "Şəxsiyyət vəsiqəsi” verilişinin son buraxılışı Xürrəmilər hərəkatı və onun başçısı Babəkə həsr edilmişdi. Veriliş efirə gedəndən sonra mövzu ətrafında ciddi fikir dartışması başladı.
Deputat Fazil Mustafanın verilişdə Babək haqqında "tariximiz üçün utancverici şəxs” ifadəsi işlətməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Mətbuatda, sosial şəbəkələrdə bu barədə xeyli fikirlər, mülahizələr söylənildi. Hətta bu barədə köşə yazıları belə yazıldı.
Yazar-tərcüməçi Əziz Rzazadə də aparılan müzakirələrə öz münasibətini bildirib: "Əvvəla, Həmid Herisçinin verilişindən söhbət gedirsə, bu, boyat verilişdir. Nadir Bədəlov "Dahilərin divanı”nda bu mövzuları çözüb. İkincisi, yanaşmalar istənilən halda səhvdir. İstər o veriliş olsun, istər başqa bir müzakirə mənbəyi olmuş qaynaq. Tarix müzakirə oluna bilər, amma onu mühakimə etmə səlahiyyəti ancaq o zamanın şahidlərinə verilib. İndiki yanaşmaya istinad eləsək, gərək Misir fironlarını da onda ittiham eləyək ki, niyə ehramların tikintisi zamanı təhlükəsizlik qaydalarına əməl olunmayıb? Yaxud 8 saat 15 dəqiqəlik iş rejimi gözlənilməyib?”
Ə.Rzazadənin fikrincə, onda ən çox qıcıq yaradan bu gün Azərbaycan Respublikasının vətəndaşlıq sənədini daşıyan bir qism adamların keçmişə ittihamlayıcı yanaşmasıdır: "Onların hamısı tarixi prinsiplərdən xəbərsiz olmaqla yanaşı, milli kimliyə ifratdan da ifrat bağlılıq duyurlar”.
Konkret Babəkin kimliyinə gəldikdə isə yazıçının sözlərinə görə, Babək haqda bütün bilgilər Abbasi saray tarixçilərinin salnamələridir və başqa qaynaq yoxdur: "Amma hətta bu qaynaqlara münasibətdə də biz senzorluq edirik. Bunu bir dəfə artıq yazmışam. Necə olur ki, Səid Nəfisinin əsərində "Budur, gətirirlər Xorasan şeytanını yazılır”, Ziya Bünyadovun əsərində "Budur, gətirirlər Xorasan sultanını”? Bu sayaq qayçılama və hazırkı siyasi gerçəklər çərçivəsindən yanaşmanı çox görmək olar və saymaqla bitməz”.
Həmsöhbətimiz bütün bu müzakirə-mübahisələrə "kabab qoxusuna” aldanan "ac hərif”lərin müftə yemək axtarma cəhdi kimi baxır: "Hər kəs öz işiylə məşğul olmalıdı. Tarixlə də tarixçi məşğul olmalıdı. Amma vicdanla!”
Vüqar Şahinoğlu