Yenə təxribat...

Sarkisyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri narahatçılıqdan qaynaqlanır




Ermənistan prezidenti Serj Sarkisyan növbəti dəfə gizli şəkildə Azərbaycanın işğal altındakı ərazilərinə gəlib. Sarkisyan Xankəndində qondarma rejim tərəfindən qəbul edilib. Məlumata görə, Ermənistan prezidenti Azərbaycanla təmas xəttində vəziyyəti öyrənmək üçün hərbiçilərlə müşavirə keçirib.

Onun noyabrın 30-da Minskdə KTMT-nin iclasından dərhal sonra Dağlıq Qarabağa gəlişi diqqət çəkir. Bununla yanaşı, dekabrın 6-da Vyanada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Ehtimal olunur ki, Sarkisyan münaqişənin həlli ilə bağlı razılaşmaları müzakirə etmək üçün Qarabağa gəlib. Lakin o da istisna deyil ki, Sarkisyan razılaşmaları pozmaq üçün cəbhədə növbəti təxribata əl ata bilər. Məhz planlaşdırılan təxribatı müzakirə etmək üçün Qarabağa yollanıb. Erməni mediası səfəri "iki erməni respublikasının” əməkdaşlığı kimi əks etdirib.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, İspaniyada Kataloniya hadisələri baş verəndən sonra Avropada ərazi bütövlüyü məsələsi ön planda dayanır və buna həssaslıqla yanaşılır. Bu fakt Ermənistan hakimiyyətini ciddi narahat edir. 

Ekspert bildirib ki, bu səfərin məqsədi erməni tərəfinin keçirdiyi narahatlıqdan qaynaqlanır:

 "Son vaxtlar beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyü məsələsi xüsusi vurğulanır. Bunlardan biri Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə sammiti idi. Hansı ki, Ermənistan prezidenti Serj Sarkisyan da burada iştirak edirdi. Sammitdə üzv və tərəfdaş dövlətlərin ərazi bütövlüyü məsələsi birmənalı olaraq vurğulandı və Ermənistan prezidenti də burada qəbul olunan bəyannaməyə imza atdı. Onun bu bəyannaməyə imza atmamaq şansı yox idi. Çünki Ermənistan Avropa Birliyi ilə həmin gün saziş imzalamalı idi. Ermənistan bəyannaməyə imza atmasaydı, böyük ehtimalla, Brüssel də İrəvanla imzalayacağı sazişdən imtina edərdi”. 

Politoloq vurğulayıb ki, Kiyevdə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının konfransı zamanı da Azərbaycanın və digər üzv dövlətlərin ərazi bütövlüyü birmənalı olaraq qəbul edildi: 

"Bu isə Rusiya və Ermənistanda böyük qıcıq yaratdı. Rusiya ümumiyyətlə bu tədbirə dəvət olunmamışdı. Ermənistan isə tədbiri yarımçıq tərk etmişdi. Ona görə, o, provakasiya xarakterli addımlar atır, işğal altında olan bölgələrdə keçirilən təlimlərdə iştirak edir. Əlbəttə, bu səfərlər zamanı Ermənistan prezidenti Azərbaycan sərhədlərini pozur. Sülh danışıqları artıq dalana dirənib. Status-kvonu uzatmaq üçün Ermənistan Rusiyadan dəstək alır”.

Politoloq Qabil Hüseynli də bildirib ki, Sarkisyanın səfəri provakasiya xarakterli bir addımdır:

"Heç kim müharibəni istəmir, amma ermənilər torpaqlarımızı geri qaytarmır. Ermənistan çalışır ki, Dağlıq Qarabağı "de-fakto” və "de-yure” tanıtsın. Bu isə məsələni daha da gərginləşdirir. Son zamanlar danışıqlar prosesində nəzərəçarpacaq qədər fəallıq hiss edilir. Ən azından müəyyən dövlətlər bu fəallığı imitasiya etməyə çalışırlar. Sarkisyan danışıqlar prosesini pozmaq və bölgədə gərginliyi yenidən artırmaq üçün bölgəyə səfər edib. Bu, həm də Avropa Birliyinin Şərq Tərəfdaşlığı sammitində qəbul edilmiş ərazi bütövlüyü məsələsinə "meydan oxumaqdır”. Sarkisyanın səfərini Ermənistanın qondarma Dağlıq Qarabağ rejimini tanıması istiqamətində atılan addım kimi qiymətləndirmək olar. Çünki "iki erməni respublikası” ifadəsi o deməkdir ki, Sarkisyan yavaş-yavaş qondarma respublikanı tanımaq istiqamətində hərəkət edir və hər cəhdlə bunu reallaşdırmağa çalışır”. 

Analitik vurğulayıb ki, Sarkisyanın bu addımı həm də özünün imici ilə bağlıdır:

"Sarkisyan gələn ilin mart ayında prezident kürsüsündən getməli olacaq. Baş nazir olmaq iddiası isə demək olar ki, həyata keçməyəcək. Bu cəhətdən özünü tarixə həkk etmək, danışıqlar prosesinə zərbə vurmaq üçün belə pozucu və provakasiyon addım atır. Ermənistanın bu addımlarından sonra münaqişənin sülh yolu ilə həll ediləcəyinə olan ümid azalır. Bu kontekstdə sülh prosesinin yenidən dondurulacağı və müharibə ehtimalının artacağı proqnozlaşdırılır”.

İsmayıl