“Yəqin ki, mənim hazırcavablığımdan çəkinir”

Mustafa Hacıbəyli Məmməd Zeynalovun Müsavatdan istefasını itki saymır



Müsavat Partiyasından istefa verən ədliyyə nazirinin keçmiş müavini Məmməd Zeynalovun eks-başqan İsa Qəmbər və Mustafa Hacıbəyli istisna olmaqla bütün partiya funksionerləri ilə debata hazır olduğunu deməsi və bunu əsaslandırması qurumda birmənalı qarşılanmayıb.

Dostluq münasibətlərindən dolayı İ.Qəmbərlə üz-üzə gəlmək istəmədiyini söyləyən Məmməd Zeynalov Mustafa Hacıbəylinin tərbiyə problemi olduğunu və bu səbəbdən onunla debata girmək istəmədiyini bildirib. Keçmiş müsavatçı belə bir adamla söhbət etməyin mənasız olduğu qənaətindədir. Barəsində deyilənlərə münasibət bildirən Müsavat Partiyasının məclis üzvü Mustafa Hacıbəylinin sözlərinə görə, M.Zeynalovun onunla debata getmək istəməməsinin səbəbləri başqadır: "Əslində onunla aramızda heç bir ədavət olmayıb. Hətta futbol mövzusunda belə mübahisə etməmişik. Adımı xüsusi çəkməsi mənə çox təəccüblü gəlir. Düzdür, bir tərəfdən İsa Qəmbərlə adımı yan-yana çəkməsi mənim üçün qürurdur. Ancaq düşünürəm ki, M.Zeynalov ümumiyyətlə heç kimlə debata hazır deyil. Yəqin debatlarda mənim hazırcavablığımdan çəkindiyi üçün o cür danışıb. Sadəcə onu deyim ki, Müsavata dost olan hər kəs dostumuzdur. Haqsız yerə Müsavata qarşı gedənlər isə qarşısında bizi görəcək”. Məclis üzvü M.Zeynalovun istefa verməsini partiya üçün böyük itki saymır: "M.Zeynalov Müsavatda o qədər də fəal şəxs olmayıb. Partiya üçün fəaliyyəti demək olar ki, yox idi. Son bir-iki ildə onu partiyanın qərargahında, tədbirlərdə görməmişəm. Yadımdadır ki, ötən seçkilərdə də Məmməd Zeynalov partiyanın heç bir tədbirlərində iştirak etməyib”.

İsmayıl