"Yeqizaryanın ölümü Ermənistanda demokratiyanın qətli oldu" - Holdinq rəhbəri

Aynur Camalqızı: Beynəlxalq təşkilatlar isə bu məsələ ilə bağlı səsini çıxarmır"



"Ermənistanda son iki aya yaxın müddət ərzində rusdilli və ingilisdilli mediaya nəzər salsaq görərik ki, orada erməni Yeqizaryanın aclıq aksiyası ilə bağlı demək olar ki, heç bir açıqlama verilməyib”.

Bunu "Sherg.az”a açıqlamasında "Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı deyib.

Baş redaktor bildirib ki, şəxsən özü bununla bağlı araşdırma aparıb və heç bir informasiyaya rast gəlməyib:

"Bu, ondan xəbər verir ki, Ermənistanda bütün media orqanları Paşinyan hakimiyyətinin inhisarı altındadır. Paşinyanın əleyhinə olan bir məlumatı onun icazəsi olmadan hansısa mətbu orqanın dərc etmək, yaymaq ixtiyarı yoxdur. Bu da onu göstərir ki, "demokratiya” adı altında hakimiyyətə gələn Paşinyan ölkədə demokratik rejim yox, sözün əsl mənasında diktatura rejimini bərqərar edib.

Paşinyan onun əleyhinə çıxan, baş nazir kimi düşünməyən, onu müdafiə etməyən hər kəsi qaralayır, gözdən salır, həbsxnaya yollayır.

Paşinyanın əvvəlki hakimiyyət nümayəndələrinin başına korrupsiya adı altında hansı oyunları gətirdiklərini də görürük. Demək olar ki, yeni hökumət qisasçı və intiqamçı bir hakimiyyətə çevrilib. Paşinyan hakimiyyətə gələndə vəd vermişdi ki, korrupsiyanın kökünü kəsəcək, buna görə də köhnə məmurları həbsxanaya doldurur. Ancaq öz adamları rüşvətlə məşğul olur. Yeni hakimiyyət ölkə büdcəsini çapıb-talamaqla məşğuldur.

Belə bir şəraitdə Paşinyanı müdafiə etməyən, onun əleyhinə məqalələr yazan Yeqizaryanın həbsxanada aclıq aksiyası keçirməsindən sonra dünyasını dəyişməsi kifayət qədər məntiqlidir. Bu cür də olmalı idi. Çünki Ermənistandakı rejim məhz bunu diqtə edir.

Söhbət ondan gedir ki, Yeqizaryan həm siyasətçi, həm də jurnalist idi. Özünün rəhbərlik etidiyi sayt var idi və həmin saytda Paşinyanın əleyhinə yazdığı yazılara görə həbs olunub. Bu, onu göstərir ki, Ermənistanda bir jurnalist rejimin əli ilə öldürülüb, qətl edilib. Yəni Yeqizaryanın qətli, həm də Ermənistanda demokratiyanın qətli oldu. Göstərici budur”.

A.Camalqızı bəyan edib ki, Avropa Birliyi, Avropa İttifaqı, Avropa Şuraı və digər beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı səsini çıxarmır:

"Bizdə bir bloqer həbs olunmuşdu, özü də siyasi fəaliyyətinə görə həbs edilməmişdi. Biz onu heç vaxt jurnalist adlandıra bilmərik. Amma Yeqizaryan məhz peşəkar jurnalist idi. Elə öz peşəsinə görə də həbs edilmişdi.

M.Hüseynovun üzərində bir şou düzəltdilər. Gah dedilər ki, o həbsxanada aclıq aksiyası keçirir, səhhətində problemlər var, gah dedilər aclıqdan öləcək və s. Lakin hüquq-müdafiəçilərimiz ona baş çəkdilər, daha sonra Avropa ölkələrinin nümayəndələri də Memhan Hüseynovla maraqlandılar. Yayılan fotolardan da aydın oldu ki, M.Hüseynovun durumu çox yaxşıdır, hətta azadlıqda olduğu vaxtdan daha yaxşıdır. Bu zaman onun tərəfdarları, qardaşı Emin Hüseynov, radikal müxalifətin bəzi nümayəndələri, şou iştirakçılar başladılar ki, "bəs, guya M.Hüseynov süd məhsulları ilə aclıq aksiyası keçirir”.

Yəni həddindən artıq gülünc bir məsələ idi. Çünki dünyada süd məhsulları ilə aclıq keçirilməsi halı olmayıb. Bu, olsa-olsa pəhriz ola bilər. Görün, Avropa Parlamenti nə etdi? Parlamentarilər yığışaraq qətnamə qəbul etdilər. İnanın, həddindən artıq təəccüblü, heyrətamiz situasiyadır.

Niyə Ermənistanda baş verən hadisələrə susqun yanaşılır, amma Azərbaycanda bir qarışqadan fil düzəldərək onu müzakirəyə çıxarırlar? Bunun səbəbi nədir? Bu, Qərbin ikiüzlülüyü, saxtakarlığıdır, Avropanın demokratiya adı altında millətlərə, dövlətlərə minüzlü standartlarla yanaşmasıdır”.

Baş redaktorun fikrincə, heç şübhəsiz burada erməni lobbisinin də rolu var:

"Avropa Parlamentində dinləmələr zamanı əsas çıxış edən deputatlar SOROS-la yaxın olan şəxslər idi. SOROS-un da Azərbaycan dövlətinə münasibəti ortadadır. Yəni biz Avropada və Qərbdə hansısa mütərəqqi dəyərlərdən danışmağı mənasız və gülünc hesab etməliyik. Biz nə etsək Avropanın xoşuna gəlməyəcək. Çünki Azərbaycanda regionda sürətlə inkişaf edən bir dövlətdir. Bu məqam nə erməni lobbiçilərinin, nə də anti-Azərbaycan qüvvələrin xoşuna gəlir.

Burada hansısa ədalətdən, haqqdan söhbət getmir. Əgər dünyada haqq-ədalət olsaydı, Avropa Parlamenti həqiqətən də bir gəncin taleyindən narahatlıq duyub dinləmələr keçirsəydi, o zaman həmin deputatların qulağına pıçıldayardılar ki, Ermənistanda həbsxanada bir vətəndaş aclıq aksiyası keçirib və ölüm ayağındadır. Təsəvvür edin, yanvarın 17-də Avropa Parlamentindəki müzakirələr zamanı Yeqizaryanın aclıq aksiyasının artıq 44-cü günü idi.

Onun səhhətində çox ciddi problemlər yaranmışdı. Yəni 52 günlük cəhdən sonra bir erməni jurnalist dünyasını dəyişdi. İndi Avropa Şurası buna susur, göz yumur. Biz də bunun adını sadəcə ikiüzlülük və saxtakarlıq qoyuruq. Çünki bu, artıq sözün bitdiyi yerdir”.

İsmayıl