Yolda gözləyən ölüm...
İşıqfor yox, keçid yox, qəzalar isə durmadan artır
Binəqədi rayonu ərazisində bir məktəblinin ölümü, birininsə ağır yaralanması ilə nəticələnən dəhşətli yol qəzası nəqliyyat infrastrukturunda xeyli problemlərin olduğunu bir daha təsdiqləyir. Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğunun birgə məlumatından aydın olur ki, qəzanın baş verməsinə səbəb "KamAz” markalı avtomobilin sürücüsünün yol hərəkəti və istismarı qaydalarını pozmasıdır.
Hadisə ilə bağlı dünən sosial şəbəkələrdə də rəylər yer alıb. Paylaşılan rəylərdən məlum olur ki, qəza Binəqədi rayonunda "Baksol” adlanan ərazidə baş verib. Bu ərazi isə paytaxtda gözdən uzaq qalmış, heç bir normal infrastrukturu olmayan, yolları, küçələri bərbad yerdir. Belə bir ərazidə faciəli qəzaların baş verməsi də labüd görünür. "Şərq” qəzeti paytaxtın bir sıra ərazilərində yol infrastrukturunun qurulmaması, işıqlandırma sisteminin olmamasını dəfələrlə gündəmə gətirib. Bu hadisədən bir müddət əvvəl Masazır dairəsindən Novxanıya gedən yolda işıqlandırma sisteminin quraşdırılmamasından yazmışdıq. Və bildirmişdik ki, xüsusilə də axşam-gecə saatlarında həmin yolla hərəkət etmək potensial qəzadır.
Eyni vəziyyət, Günəşli qəsəbəsinə gedən yolda, məşhur "Qartal” heykəlinin qarşısında da yaşanır. Ətrafda yaşayış evləri olduğu halda bu yolda nə bir işıqfor, nə yerüstü, nə də yeraltı piyada keçidi var. Heç yolun hərəkət zolaqları da biri-birindən xətlərlə ayrılmır. avtomobillər necə gəldi hərəkət edirlər. Bundan əlavə, həmin yolun üst hissəsində, "Kərpic zavod” deyilən ərazidəki avtomobil yolunda nəinki 2, hətta 3 istiqamətli hərəkət olduğu halda, heç bir yol nişanının qoyulması piyadalar üçün real təhlükəlidir. Həmin yolla məktəblilər gedib-gəlir. Uşaqlar dəqiqələrlə yolda dayanıb avtomobillərin nə zaman onlara yol verəcəyini gözləyirlər.
Belə vəziyyətdə qəza qaçılmazdır. Amma təəssüf ki, bu qədər yazılmasına və konkret ünvanlar göstərilməsinə baxmayaraq nə Dövlət Yol Polisi, nə də rayon icra hakimiyyətləri yol infrastrukturunun qurulmasına maraq göstərmirlər. Sadəcə, işi biri-birinin üzərinə atırlar.
Nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov "Şərq”ə açıqlamasında yol infrastrukturunun düzgün qurulmamasının qəzalar üçün münbit şərait yaratdığını dedi:
- Yollara cavabdehliyi 3 subyekt daşıyır. Bəzi yollar dövlətin timsalında ya Nəqliyyat Nazirliyinin, ya da Bakı Şəhər İcra Hakimiyyətinin, bəzisi isə rayon icra hakimiyyətləri və bələdiyyələrin balansındadır. Beynəlxalq əhəmiyyətli yollar da var, yerli əhəmiyyətli yollar da. Söhbət yerli əhəmiyyətli yollardan gedirsə, bu məsələlər rayon icra hakimiyyətləri tərəfindən həll edilməlidir. Yolun işıqlandırılmasını, keçidlərin qoyulmasını rayon icra hakimiyyəti təşkil etməlidir. Eləcə də Babək prospekti ilə Günəşli qəsəbəsi arasındakı trassda da keçidlər qoyulmalıdır ki, əhali rahatlıqla yolu keçə bilsin. Nə qədər uşaq məktəbə gedib-gəlir, yaşlı insanlar yolu keçməkdə çətinlik çəkirlər. Sonuncu faciəli hadisə göstərdi ki, məktəb binalarının yerləşdiyi ərazilərdə işıqforların, keçidlərin olması mütləqdir. İstiqamətləndirici, xəbərdarlıq nişanları olmayan yollar sürücülər üçün də təhlükəlidir. Dörd bir tərəfdən avtomobillər hərəkət edirsə və yolda işıqfor, yolayırıcı qoyulmayıbsa, əlbəttə, bu çox təhlükəlidir və qəzaların sayını artıra bilər.
Ə.Hüseynov bildirdi ki, işıqlandırma və digər yol infrastrukturunun təşkili Dövlət Yol Polisinin öhdəsində deyil, lakin buna baxmayaraq DYP də öz növbəsində cavabdeh qurumlara müraciət etməlidir:
- DYP-nin də marağında olmalıdır ki, yollarda qəzaların sayı azalsın. Burada da ən vacib məsələ yol infrastrukturunun düzgün qurulmasıdır. Baxırsan ki, yol uzanıb gedir, amma nə bir dənə işıqfor var, nə də bir keçid. Özlərinə zəhmət verib təhlil aparmaq istəmirlər. Nəqliyyat Nazirliyi, yerli icra hakimiyyətləri də mütəxəssisləri bu işə cəlb etməli, hansı ərazilərdə yol nişanlarına, piyada keçidlərinə, avtobus dayanacaqlarına ehtiyac olduğunu müəyyənləşdirməlidirlər. Bəzən elə yerdə piyada keçidi inşa olunur ki, oradan gün ərzində 1-2 nəfər keçə, ya keçməyə. Amma hərəkət və piyada sıxlığı yaşanan yerlərdə nə işıqfor olur, nə də keçid. Mütəxəssislər yollara baxış keçirməli, avtomobil, piyada sıxlığını müəyyənləşdirib, infrastrukturu buna müvafiq qurmalıdırlar. Sıx gediş-gəliş olan yollarda piyadaların da, avtomobil sürücülərinin də təhlükəsizliyi təmin edilməlidir. Həmçinin Bakıətrafı qəsəbələrdə də yol infrastrukturunun düzgün qurulmasına ciddi ehtiyac var. Bəzən belə ərazilərə az diqqət göstərilir. Məhəllədaxili yolların vəziyyətinə ümumiyyətlə, baxılmır.
Ə.Hüseynov xüsusilə də məktəblər, uşaq bağçaları, həmçinin təhsil ocaqlarının yerləşdiyi ərazilərdə yol infrastrukturunun düzgün qurulmasına ciddi ehtiyac olduğunu dedi:
- Bəzən məktəblilər dərsdən çıxanda avtomobil yolunu keçməkdə çətinlik çəkirlər. Hamını valideynləri məktəbə aparıb-gətirmir. Çox zaman valideynlər arxayınlıq üçün uşaqlarını evin yaxınlığındakı məktəbə qoyur ki, uşaq yol keçməli olmasın. Valideynlər avtomobil yolundan ehtiyat edirlər. Amma görürsünüz, yollarda ağır faciələr yaşanır.
Uşaqlara məktəbdə də yol hərəkəti qaydaları öyrədilməlidir. Uşaqlar çox zaman maşınların qabağından qaçır. Şagirdlərə evdə valideynləri, məktəbdə isə müəllimləri yol hərəkəti qaydalarını başa salmalıdırlar. Onlara yol hərəkəti qaydaları ilə bağlı xüsusi dərslər keçilməlidir.
Hansısa faciəli qəza baş verdikdə uşaqlara da bunun səbəbləri başa salınmalıdır ki, səhvə yol verməsinlər.
Məlahət Rzayeva