Bütün küçələrdə xüsusi zolaqlar salmaq mümkün deyilEkspertin sözlərinə görə, əlavə zolaqları yaratmaq üçün nəqliyyat infrastrukturu yenidən qurulmalıdır ki, bu da milyonlarla xərc tələb edən bir işdir
Paytaxtın 9 küçəsində avtobusların xüsusi hərəkət zolaqlarının təşkil edilməsi planlaşdırılıb. Bunu Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.
Birinci Avropa Oyunları zamanı avtobusların xüsusi zolaqla hərəkət etməsinin müsbət nəticə verdiyini qeyd edən V. Kərimli deyib ki, nəqliyyat axınının optimallaşdırılması üzrə işlərin davamı olaraq, əhalinin ictimai nəqliyyatdan istifadəsinin stimullaşdırılması məqsədilə şəhərin 9 küçəsində avtobusların xüsusi hərəkət zolaqlarının təşkil edilməsi planlaşdırılıb. Bu il pilot layihə olaraq, Məhəmməd Füzuli və Yusif Səfərov küçələrində xüsusi zolaqların çəkilməsi təmin olunub. Aidiyyəti orqanlarla birgə fəaliyyət bu zolaqlardan istifadədə müsbət irəliləyişin olmasını göstərəcək.
Sosial-Strateji Tədqiqatlar və Araşdırmalar Mərkəzinin rəhbəri, nəqliyyat üzrə ekspert İlqar Hüseynlinin sözlərinə görə, Bakının bütün küçələrində avtobusların xüsusi hərəkət zolaqlarının təşkil edilməsi üçün şərait olmasa da, paytaxtın bəzi küçələrinin infrastrukturu buna imkan verir:"Yollarımızın darısqallığı imkan vermir ki, bu iş paytaxtın bütün küçələrində həyata keçirilsin.
Türkiyə təcrübəsində bu layihə özünü doğruldub. İstanbulda metrobusların hərəkət zolağına digər nəqliyyat vasitələrinin girişi qadağandır. Bu qadağanı yalnız "ambulans”lar, yanğınsöndürən maşınlar və polis poza bilər. Amma bizdə şəhərin az bir hissəsində bu layihəni həyata keçirmək mümkündür. Bakıda belə xüsusi zolaqları Heydər Əliyev prospektində, aeroport yolunda tətbiq etmək olar. Amma bu yollarda da avtobuslar ayrıca zolaqla uzun məsafə qət edə bilməyəcəklər. Çünki bu prospektlərin və magistral yolların da kəsişdiyi ensiz küçələr, qəsəbəarası yollar var”.
Bakının daxili yollarının kifayət qədər ensiz olduğunu qeyd edən ekspertin sözlərinə görə, əlavə zolaqları yaratmaq üçün nəqliyyat infrastrukturu yenidən qurulmalıdır ki, bu da milyonlarla xərc tələb edən bir işdir.
Amma Azadlıq prospektində ictimai nəqliyyatın maneəsiz hərəkəti üçün xüsusi imkan yaradılıb və bu layihə müsbət effekt də verib. Çünki həmin ərazilərdəki yaşayış binaları arasındakı məsafə kifayət qədər enlidir. Eyni zamanda alternativ yollar var. Hesab edirəm ki, infrastrukturu imkan verən bütün küçələrdə avtobusların xüsusi zolaqla hərəkət etməsini təmin etmək yaxşı haldır:
"Əlavə zolaqlar müəyyən mənada nəqliyyatın sıxlığını aradan qaldıra biləcək və sərnişinlərin də artıq təşkil olunmuş dayanacaqlardan səmərəli istifadəsinə imkan yaradılacaq. Çünki həmin avtobuslar sıxlığı daha çox artırır. Doğrudan da avtobusların çoxluğu, dayanacaqlardan düzgün istifadə edilməməsi və düzgün park edilməmələr ümumi istifadə üçün nəzərdə tutulan prospektlərdə bir sıra problemlər yaradır. Amma onlar konkret yol zolağına yönələrsə, təbii ki, bu, problemin həllinə öz müsbət təsirini göstərər. "Qara Qarayev” metrostansiyasına hərəkət istiqamətində əlavə zolaqlar təşkil etmək olar. Bunun üçün də yolun ortasındakı işıqlandırma sistemini prospektin kənarlarına keçirmək kifayət edir. Həmin prospektdə həddindən artıq tıxac olur və insanlar ünvana çatmaq üçün çox əziyyət çəkirlər”.
Avropa Oyunları zamanı avtobusların xüsusi zolaqla hərəkət etməsinin birmənalı olaraq müsbət nəticə verməsi fikri ilə razılaşmayan İ.Hüseynli deyib ki, həmin vaxt avtobuslar yalnız şəhərin bir istiqaməti üzrə xüsusi zolaqlarda hərəkət edirdi. Oyunlar vaxtı da hərəkətin məhdudlaşdırılması ilə bağlı kifayət qədər problemlər yaşadıq.
Şəymən