İKT üzrə tanınmış ekspert Cahid İsmayıloğlu təcili olaraq ölkəmizdə "Youtube” sosial şəbəkəsinin bağlanmasını təklif edib.
O qeyd deyib ki, Azərbaycan üçün strateji olaylar öncəsi baş verən proseslərdən sui-istifadə edib, ölkəmizə maksimum zərər vurmaq istəyən qüvvələr bu platformada aktivləşiblər:
"Dağıdıcı çağırışlar, montaj edilmiş şantaj və təhqir xarakterli video çarxlar, qondarma inforqraflar və s. bu video paylaşım səhifəsində sürətlə yayılmaqda və yüz minlər tərəfindən izlənilməkdədir”.
Təkifi müsbət dəyərləndirməyən millət vəkili Asim Mollazadə "Sherg.az"a söyləyib ki, "Youtube”un bağlanması dövlətin azad internet siyasətinə ziddir:"Azərbaycanda azad internet var. Söz azadlığını təmin etmək üçün qanunvericilik təkmilləşdirilir, müxtəlif tədbirlər görülür. Bu məsələnin inkişafı üçün addımlar atılır. Belə məqamda hansısa proqramın, sosial şəbəkənin bağlanması ölkə siyasətinə zidd təklifdir”.
Media hüquqları üzrə ekspert Ələsgər Məmmədli də Cahid İsmayıloğlununun təklifi ilə razılaşmayıb. O vurğulayıb ki, ölkədə hüquq və qanun var, bu məsələlər də qanun çərçivəsində tənzimlənməlidir:"Birdən-birə hansısa sosial şəbəkə bağlanmasını təklif etmək əsassızdır. İnternet medianın Azərbaycanda azad şəkildə fəaliyyət göstərməsi barədə konstitusiyanın 47 və 50-ci maddəsi təminat altına alır. İstisnalar sadəcə məhdud mənafelər üçündür. Bu da qanunda aydın göstərilir.
"Youtube” ayrı-ayrılıqda informasiya yaymır. O, bir platformadır. Məsələn, bir nəfər telefonda kiməsə söyüş söyürsə, bütün telefon rabitəsini kəsməliyik ki, heç kim istifadə etməsin?
Bunu edə bilmərik. Kimsə bir video yayıbsa, məsələ məhkəməyə qədər uzansa belə, "Youtube”un bağlanmasından söhbət gedə bilməz. Ona görə, özünə mütəxəssis deyən hər kəs məsuliyyətli olmalıdır. Bu həm hüquqa, həm də yaşadığımız cəmiyyətin dəyərlərinə hörmətlə bağlıdır”.
Aysel Aslan