“Onlar bizim üçün “canlı bomba” rolunu oynayırlar”
Respublikanın hüquq-mühafizə orqanlarının Zaqatalada mütəşəkkil cinayətkarlığa qarşı həyata keçirdiyi əməliyyat barədə rəsmi məlumat yayılıb.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərinin birgə məlumatında bildirilir ki, qeyd olunan strukturların əməkdaşları tərəfindən görülmüş tədbirlərlə bölgədə dini dözümsüzlük və bölücülük meyilləri yayan, vətəndaşları hədə-qorxu və digər zorakı üsullarla öz sıralarına cəlb etməyə çalışan, əhali arasında pozuculuq işləri aparan Zaqatala rayon sakinləri - Elşad Musayev, Abakar Qazıyev, İslam Ağalarov, Vüqar Cəbrayılov, Bəşir Həmzəyev və Vaqif Padarov - saxlanılıb.
Üzərlərinə və yaşadıqları ünvanlara baxış zamanı onlardan 2 ədəd avtomat silahı, 2 tapança, 13 əl qumbarası, 310 ədəd müxtəlif çaplı patron, 5 trotil şaşkası, həmçinin təbliği və yayılması qanunla qadağan edilmiş xeyli sayda dini ədəbiyyat aşkar edilərək götürülüb. Faktla bağlı
Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır. Mütəşəkkil dəstənin cinayətkar əlaqələrinin ifşası, habelə digər üzvlərinin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dini ekstremistlərin Azərbaycanın müxtəlif bölgələrində yayıldığını vurğulayan İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altay deyib ki, onlar növbəli şəkildə ölkədə sabitliyi pozmağa çalışırlar: "Bir müddət bundan əvvəl cənub bölgəsində dini təzahürlər güclənmişdi. Cənubdakılar radikal şiə mənsəbçiləri - hüseynçilərdir. Onlar adətən Aşura ərəfəsində radikallaşırlar. Təbii ki, burada söhbət bütün şiələrdən getmir. Bizim üçün problem yaradan radikal kəsimdir. Həmin kəsim güclənəndə hüquq-mühafizə, xüsusi xidmət orqanları tərəfindən həyata keçirilən əməliyyatlar, cəmiyyətin, medianın apardığı maarifləndirmə tədbirlərinin köməyi ilə onların qarşısı alınıb, səngimə olanda şimaldakı ekstremistlər aktivləşir. Şimalda da dözümsüzlük və bölücülük meyilləri yayanlar radikal sünnilər - vəhhabilərdir. Sözsüz ki, biz xalq olaraq da, dövlət olaraq da tolerantıq. Normal islami dəyərlərə söykənən tədbirlərlə heç bir işimiz yoxdur. Amma burada söhbət ifrat dindarlıqdan, ekstremizmdən gedir. Hansı ki, bu insanlar vətəndaşların beyinlərini yumaq, bəzən də hədə-qorxu gələrək onları öz sıralarına cəlb etməyə çalışırlar. Bir cəbhədə sakitlik yaranan kimi digər cəbhədəki radikalların aktivləşərək dözümsüzlük və bölücülük meyillərini yayması onu göstərir ki, onlara qarşı ümumi proqramla mübarizə aparmaq lazımdır. Ümumölkə səviyyəsində geniş əməliyyatlar və maarifləndirici tədbirlər həyata keçirmək lazımdır ki, birdəfəlik kökləri kəsilsin. Yoxsa ki, cənubdakı radikalların, ifrat dindarların qabağını kəsirsən, şimaldakı vahhabilər fürsətdən istifadə edib, aranı qarışdırırlar. Hesab edirəm ki, bu əməliyyatlara böyük qüvvə cəlb olunmalı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətləri artırılmalıdır ki, nəzarət gücləndirilsin”.
Saxlanılan insanların evindən silah-sursat aşkarlanması məsələsinə toxunan kriminalist deyib ki, problemin ən təhlükəli yanı da elə onların silahlandırılmasıdır: "Destruktiv fəaliyyət göstərən insanlar din pərdəsi altında dövlətçiliyimizə və ictimai təhlükəsizliyimizə qarşı başlıca təhdid qaynağıdır. Onların evindən "Qurani-Kərim”, fəaliyyətlərinin arxasından dini maarifləndirmə xarakterli addımlar, dini mədəniyyət, dözümlülük çıxsa, bizim heç narahatlığımız olmaz. Amma məhz onlar silahlı olduğu üçün dini ekstremist olaraq bizim üçün "canlı bomba” rolunu oynayırlar. Onlar terrorist qruplaşmalarda olduğu kimi dini ayinlərdən daha çox döyüşməyə önəm verirlər. Bunun üçün hazırlanırlar. Çox təəssüflər olsun ki, bu cür təbliğatlar təkcə sivil cəmiyyətdə yox, bu proses daha güclü şəkildə həbsxanalarda da aparılır. Hesab edirəm ki, hüquq-mühafizə orqanları və cəmiyyət səviyyəsində diqqətli olmalı və radikal dindarlara qarşı birgə mübarizə aparmalı, güclərimizi birləşdirməliyik”.
Şəymən