Zəhər yeyirik...

Ölkəmizdə mövcud olan 8 növ pomidorun kökü kəsilib
Hazırda paytaxt bazarlarında satılan pomidorun toxumunu götürüb, əksək, cücərti verməyəcək


Son günlər Bakı bazarlarında satılan pomidorların insan sağlamlığı üçün ciddi təhlükə saçması sosial şəbəkələrin müzakirə mövzusuna çevrilib. Hər gün alıb yediyimiz pomidorun dərmanla yetişdirildiyi iddia olunur. İddialara görə, kal pomidorun vaxtından daha tez qızarması üçün ona xüsusi dərman vurulur və bu dərman 10 günə qızarmalı olan pomidoru 1-2 günə qızardır.

Həmin dərman pomidorun içinin yığılmasına səbəb olduğundan daha sonra iynə ilə silikon effekti verən və pomidorun daha ətli olmasını təmin edən başqa bir dərman vurulur. Hətta vəziyyət o qədər dözülməzdir ki, tərəddüd etmədən alıb yediyimiz Zirə pomidorlarını da kəsərkən içinin yaşıl olduğu və dənələrinin hələ də göy qaldığını müşahidə edirik. Bunun səbəbi isə yuxarıda qeyd etdiyimiz qızardıcı dərmandır. Həmçinin pomidorun içində boşluq olmasının da səbəbi odur. Şəmkir pomidorları isə nisbətən ətli pomidorlardır və ölçüsünə görə daha iridir. Əlbəttə, belə məhsullar daha çox azyaşlı uşaqları və yaşlıları zəhərləyir və bu hal bəzən insan tələfatı ilə nəticələnir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Şərq”ə söyləyib ki, Azərbaycan əmtəə bazarlarında satılan pomidorların GMO olmaq ehtimalları çoxdur: "Çünki ölkəmizdə mövcud olan 8 növ pomidorun kökü kəsilib. Hazırda paytaxt bazarlarında satılan pomidorun toxumunu götürüb, əksək, cücərti verməyəcək. Bu da onun GMO olma əlamətlərindən biridir. İndiki halda pomidor və digər məhsulların yetişdirilməsində kimyəvi preparatlardan istifadə olunur. Bu da insan sağlamlığına mənfi izlər qoyur. Bu ziyanlar da gizli şəkildə gedir. Təəssüf doğuran məqam odur ki, bu cür kimyəvi dərmanlar açıq şəkildə satılır. Əvvəlki təbii pomidorlarımız tez xarab olurdu. İndiki pomidorlar daş kimi olur və uzun müddət qalır. Burada da GMO əlaməti və müxtəlif preparatlardan istifadə məsələsi də var. Təşkilatımızda pomidorların tərkibində olan nitritlərin və kimyəvi elementlərin miqdarını ölçən cihazlar var. Kimin şübhəsi varsa, təmənnasız olaraq aldıqları pomidoru yoxlaya bilərik”.

Ayyət Əhməd