Zəlimxan Məmmədli ata yurduna həsrət qalıb

Sədr Borçalı kökənli məmurlara üz tutdu, reaksiya gəlmədi



"Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli və cəmiyyətin digər üzvlərinə Gürcüstana buraxılmalarına dair tətbiq olunan yasaqlanma haqda Gürcüstan kökənli Azərbaycan rəsmilərinə - Baş prokuror Zakir Qaralov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, Maliyyə naziri Samir Şərifov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə müraciət edib.

Bu barədə öz "facebook” profilində yazan təşkilat sədri adıçəkilən rəsmilərdən dəstək istəyib: "Sizin də bildiyiniz kimi, 2009-cu ildən etibarən rəhbərlik etdiyim cəmiyyət bütün çətinliklərə baxmayaraq qanunların verdiyi imkanlar daxilində Gürcüstanda məskunlaşmış soydaşlarımızın hüquqlarının təmin olunmasına çalışıb. Hər zaman qanun müstəvisində addım atıb. Bakı, Tiflis və Ankara strateji tərəfdaşlığına ictimai dəstək verib. Soydaşlarımızla gürcü cəmiyyətinin qarşılıqlı inteqrasiyasına töhfələr verib. Hər il iyul ayının 26-da Dmanisidə, orada fəaliyyət göstərən ictimai qurumlarla həyata keçirdiyimiz Borçalı Türklərinin "Elat” bayramına artıq 10 minlərlə soydaşımız, dünyanın müxtəlif yerlərindən gələn qonaqlar qatılır. "Elat” bölgədə unikal bir layihə olaraq barış, sülh, qardaşlıq, dostluq hərəkatıdır. Özünə və müavini Salman Murğuzova qoyulan qadağaya diqqət çəkən Z.Məmmədli bəyan edib ki, məlum qərar sırf subyektiv və müəyyən mənada siyasi motivlərlə verilib: "Bu həm də Gürcüstanın indiki hakimiyyətinin soydaşlarımıza və eyni zamanda Azərbaycana sağlam olmayan münasibətinin təzahürüdür. Bu səbəbdən müraciət edirik ki, sizin də qohum-əqrəbanız əksər layihələrimizdə bu və ya digər formada iştirak edirlər. Odur ki, soydaşlarımızla bağlı gördüyümüz işlərdən xəbərdarsınız. Problemin həllində də imkanlarınızın yetərli olması qənaətindəyəm. Xahiş edirəm ki, məsələyə münasibət bildirəsiniz və məni qəbul edəsiniz. Açıq müraciət etməyimi də səmimi qəbul etməyinizi xahiş edirəm. Bizim heç zaman, heç kimdən gizli işimiz olmayıb. İnanıram ki, ən yaxın zamanda səlahiyyətlərinizdən istifadə edərək məsələnin böyüməsini durduracaq və mənim doğulub, boya-başa çatdığım elimə getməyimə şərait yaradacaqsınız”.

Müraciətin nəticələri barədə "Şərq”ə danışan qurum rəhbəri qeyd edib ki, göstərilən şəxslərdən heç bir reaksiya gəlməyib. Birlik sədrinin sözlərinə görə, Gürcüstanın yasaq qərarı yalnız ona deyil, eyni zamanda bütün borçalılara və Azərbaycan-Gürcüstan dostluğuna da mənfi təsir göstərir: "Şəxsi problemim olsaydı, heç kimə müraciət etməzdim. Amma bütövlükdə Borçalı türklərinə qarşı atılan yanlış addımdır. Problem artıq ictimailəşib. Türk dünyasına da nüfuz edib. Soydaşlarımız narahatdırlar. Özüm də narahatam. Ata yurduma gedə bilmirəm. Halbuki hər 2-3 aydan bir ata-baba yurduma gedirdim. Dünyadan köçən əzizlərimin qəbirlərini ziyarət edirdim. Qohum-əqrəbamın xeyir-şərində iştirak edirdim. Amma 4 aydan artıqdır ki, doğma elimə buraxılmıram. Bu səbəbdən sözügedən məmurlarımızdan dəstək istəyirəm. Adını sadaladığım məmurların kifayət qədər əlaqələri mövcuddur. Onlar məsələyə aydınlıq gətirə bilərlər. Umacağım da bir haqq var. Düzdür, onların birbaşa səlahiyyətləri çərçivəsində deyil, amma bütün hallarda hökumət üzvləridir. Bir vətəndaş kimi hüququmun təmin edilməsini istəyirəm. Çünki həmin şəxslər həqiqəti söyləmək imkanlarına malikdirlər”.

Cəmiyyət sədri onu da nəzərə çatdırıb ki, sözügedən hökumət üzvlərinə fərdi şəkildə də müraciətlər edəcək: "Fəaliyyətimiz göz önündədir. Biz soydaşlarımız üçün çalışırıq. Buna görə mənin həmin ölkəyə getməyimi yasaqlayırlarsa, Borçalı kökənli məmurlar susmamalıdır”.

Ayyət Əhməd