Zeynal Məmmədlidən təklif var
“Ən yaxşı aparıcıya mükafat verilsin”
Bu ilin sentyabr-oktyabr aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqinin nəticələrinə dair keçirilən konfransda Milli Televiziya və Radio Şurası (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib ki, telekanallarda yaradılan bədii şuraların fəaliyyətinə nəzarət mexanizmi yoxdur, MTRŞ də bu nəzarəti apara bilməz. Bu gün fikirlərini Azərbaycan dilində ifadə edə bilməyən ziyalılar olduğunu deyən N.Məhərrəmlinin sözlərinə görə, bəzən efirə dəvət olunan ziyalılar, sənətkarlar fikirlərini Azərbaycan dilində deyə bilmirlər, bu, təəssüf doğurur.
MTRŞ-nin keçirmiş olduğu monitorinqi dəyərləndirən və N.Məhərrəmlinin açıqlamasını şərh edən media eksperti Zeynal Məmmədli isə deyib ki, yerli televiziyalarda, sadəcə bir baxışla bilmək olur ki, heç nə qaydasında deyil. Ekspert bütün günahları aparıcıların boynuna yıxmır: "Düzünü desəm, televiziya və radio aparıcılarının dillə bağlı birbaşa günahlandırılmasını doğru hesab etmirəm. Onların neçə yaşı var ki? Ən çox olsa 23-25... Onlara konkret diktə edilir ki, bu cür danış, bu formatda proqram hazırla. Əslində aparıcının nə özü buna hazırdır, nə kamera qarşısındakı təcrübəsi yetərlidir. Bu vəziyyət yarandıqda təbii ki, aparıcılar necə deyərlər, "öz şirələrində bişməyə” məhkum qalırlar”. Bu cür aparıcıların əslində robotdan fərqli görünmədiyini deyən Zeynal Məmmədli bildirir ki, belə aparıcılar üçün vacib şərtlər olan sərbəstlik, müstəqil yanaşma, studiya qonağı ilə münasibət, telefon bağlantısında danışıq tələb olunmur. Media ekspertinin sözlərinə görə, televiziyada nitqi görüntüdən ayrı təsəvvür etmək mümkün olmadığı üçün bu nüansa da diqqət etmək vacibdir: "Mən audiovizual dildən yox, görüntü dilindən danışıram. Təbii ki, əgər televiziyaların dil problemindən danışırıqsa, teleməkanın özəlliyini də nəzərə almaq lazımdır. Televiziyada ən vacibi gözəl nitq yox, doğru nitqdir. Telekanal var ki, yanlış məlumatı gözəl nitqlə çatdırır, amma bilmək lazımdır ki, aparıcılar hansı halda hadisə ilə bağlı doğru məlumatı, hansı halda yanlış məlumatı çatdırmağa meyillidirlər. Yanlış məlumatı gözəl dillə çatdırmaq jurnalistika demək deyil”.
MTRŞ-nin keçirdiyi monitorinqləri əhəmiyyətsiz və effektsiz hesab edən media ekspertinin sözlərinə görə, problemin mahiyyətinə dolğun yanaşılmır. Əgər müvafiq qurum televiziya aparıcılarının dilini ədəbi dil normalarına uyğunlaşdırmaq istəyirsə, real addımlar atmalıdır: "Ayda-ildə bir dəfə monitorinq aparıb, problemi üzə çıxartmaqla iş bitmir. Problemdən çıxış yollarını da axtarıb tapmaq lazımdır. Əgər doğrudan da televiziya dilini ədəbi dilə uyğunlaşdırmaq istəyirlərsə, orfoepiya lüğətləri çap etsinlər. İntonasiya ilə birlikdə efir danışıq dilinə cavab verən kitabçalar hazırlasınlar. Çünki sözün yazılışı ilə tələffüzü arasında fərq var. Televiziya aparıcılarına təlim keçib, izah olunmalıdır ki, "qazaxın” olmalıdır, ya "qazağın”?”
Z.Məmmədlinin sözlərinə görə, MTRŞ monitorinq keçirib səhvləri göstərməkdənsə, televiziya aparıcılarının ruhlanması üçün il ərzində dil normalarına əməl edən ən yaxşı aparıcıya mükafat təqdim etsin. Həmin aparıcı reklam olunsun, nümunə kimi digər aparıcılara təqdim olunsun ki, digərlərində rəqabət hissi oyansın və "o mükafatı niyə mən almayım?” deyib, öz- özünü təkmilləşdirsin. Bu cür bayağı monitorinqlərlə heç vaxt müsbət nəticələr əldə etmək olmayacaq. Boş-boşuna vaxt itkisidir. Aparıcıları qıcıqlandırmaq və onları ruhdan salmaqdan başqa heç bir xeyri yoxdur. Üstəlik də, biz həmin monitorinqlərdə iştirak edən insanların media dilinə nə dərəcədə bələd olduğunu belə bilmirik. Axı televiziya dilinin gözəl olması sadəcə sözün düzgün tələffüzü ilə bitmir. Bədən dili, intonasiya da yerində olmalıdır. Sovet dövrünün xronikal filmləri bu gün bizə süni təsir bağışlayır. Halbuki həmin filmlərdə ədəbi dil normalarına tam şəkildə əməl olunub. Amma xalq onlara inanmır, çünki onların nitqində təbiilik yoxdur və xalq onlara inanmır. Problemin həlli üçün elə tədbirlər görmək lazımdır ki, dil həm təbii olsun, həm də ədəbi dil normalarına uyğun olsun.
MTRŞ sədrinin öz fikrini Azərbaycan dilində ifadə edə bilməyən ziyalılarla bağlı açıqlamasına gəldikdə isə Z.Məmmədli bildirib ki, burada əsas məsuliyyət məmurların üzərinə düşür: "Bunun üçün televiziyalara nəzər yetirmək lazımdır ki, kimin nitqi daha çox hallanır? Əlbəttə, məmurların. Məmurların öz dilimizdə danışması da kifayət qədər önəmli məsələdir. Onların bəziləri çox tez-tez televiziyada açıqlamalar verir və rayonlarda vətəndaşlarla görüş keçirirlər. Məmurların danışıq tərzi də diqqət mərkəzində qalmalıdır ki, vətəndaşlar onlardan nümunə götürsün”.
Şəymən