“Zika” qapımızı döyür

Adil Qeybulla: “Özümüzə problem yaratmamaq üçün indidən bütün profilaktik tədbirlərə əməl etməliyik”
Havaların istiləşməsi "Zika” virusu təhlükəsini yenidən gündəmə gətirib. Hətta Dünya Səhiyyə Təşkilatı (DST) da bu virusdan qorunmaqla bağlı bütün ölkələrə xəbərdarlıq edib. DTS-dən bildirilib ki, Latın Amerika ölkələrində ciddi doğum anomaliyalarına səbəb olan "Zika” virusunun daşıyıcıları Aedes ağcaqanadlarıdır. Və onların çatdığı yerlərdə xəstəlik yayıla bilər. Virusa yoluxma riski Madeira adası və Qara dənizin şimal-şərq sahillərində daha çoxdur. Önləyici tədbirlər görülməsə, Aedes ağcaqanadlarının 18 ölkədə virusu yaya bilər.
Bu 18 ölkə ən yüksək riskdən aşağıya doğru belə sıralanır: Fransa, İtaliya, Malta, Xorvatiya, İsrail, İspaniya, Monako, San Marino, Türkiyə, Yunanıstan, İsveçrə, Bolqarıstan, Rumıniya, Sloveniya, Gürcüstan, Albaniya, Bosniya Hersoqovina və Karadağ. Qalan 36 ölkədə isə risk aşağıdır. Bu ölkələr sırasında qonşu Gürcüstanın yer alması Azərbaycanda da ciddi narahatlıqlara səbəb olub. Hətta bəzi tibb ekspertləri isə iddia edirlər ki, virus ölkəmizin də qapısını döyə bilər. Maraqlıdır, görəsən, iddialar həqiqəti əks etdirirmi və bunun qarşısının alınması istiqamətində hansı addımlar atılmalıdır?
Suallarımızı cavablandıran tibb elmləri doktoru, professor Adil Qeybulla "Şərq”ə söyləyib ki, ölkəmizdə olan xarici vətəndaşlar bu xəstəlik yayıldıqdan sonra öz ölkəsinə gedib yenidən Azərbaycana gəlibsə, o hökmən karantinə alınmalı və müayinədən keçməlidir: "Ümumiyyətlə, virus yayılan dövrdən Azərbaycana daxil olan bütün xarici vətəndaşların hər biri yoxlanılmalıdır. Şübhəli əlamət olduqda həmin şəxslər müəyyən müşahidə üçün xəstəxanalara yerləşdirilməlidir. Bunlar vacibdir”.
Ekspertlərin fikrincə, virusun yayıla biləcəyi ölkələr sırasında qonşu Gürcüstanın yer alması bizim üçün real təhlükədir: "Bu da, "Donuz qripi” kimi qorxulu xəstəliklərdən biridir. "Zika” virusu ilk dəfə 40-cı illərdə qeydə alınıb. Qrip şəklində özünü büruzə verən xəstəlik halsızlıq, qusma, qızdırma, dəridə, gözdə qızartıya səbəb olur. Müəyyən dövrlər ərzində bu virusun yaratdığı fəsadlar lokallaşdırılaraq aradan qaldırılıb. Ağcaqanadlar yolu ilə keçən "Zika” virusu flaviviruslara aiddir. Onlar qısa müddət ərzində toxumaların sıradan çıxmasına, qan laxtalanma sisteminin pozulmasına, yeni doğulan uşaqlarda beyin zədələnməsinə səbəb olur”. Professor deyib ki, ağcaqanad vasitəsilə xəstə insandan sağlam insana keçən "Zika” pandemiyaya meyillidir. Ümumiyyətlə, hava-damcı yolu ilə yayılır və ağırlaşmalarla müşayiət olunur. Virusların hamısı təhlükəli olduğu üçün Ümumdünya Səhiyyə Təşkilatı qabaqlayıcı tədbirlərlə bağlı çox ciddi addımlar atmağa başlayıb: "Xüsusilə də, texniki səhiyyə imkanları aşağı olan üçüncü ölkələrdə ÜST-nin xətti ilə xeyli yardımlar göstərilib. "Zika” virusu ancaq yayıldığı arealın yox, bütün dünyanın problemidir. Mümkün qədər bu virusu yayıldığı bölgələrdə lokallaşdırmaq və ondan müdafiə mexanizmlərini gücləndirmək lazımdır. "Quş qripi”, "Ebola” virusu, "Donuz qripi”ndə olduğu kimi "Zika”ya qarşı da dünya əlbir işləməlidir. Xüsusi təhlükəli infeksiyaların geniş ərazilərə yayılması bəşəriyyət üçün çox ciddi təhlükə deməkdir”.
Ekspert diqqətə çatdırıb ki, virusun dünya ölkələrində sürətlə yayılmasını nəzərə alaraq xarici ölkələrdən Azərbaycana gələn şəxslərin səhhəti ciddi şəkildə yoxlanılmalıdır: "Xüsusən də xəstəliyin yayıldığı ölkələrdən gələnlər müayinədən keçirilməli, xəstəliyin əlaməti aşkarlanarsa, dərhal sərhəddə karantində saxlanılmalı, ölkəyə buraxılmamalıdır. Bunun üçün aidiyyəti orqanlar öncədən təhlükəsizlik tədbirləri görməlidirlər. Yüksək hərarəti, halsızlığı olan şübhəli şəxslər nəzarətə alınmalı, yalnız hər hansı bir virus daşıyıcısı olmadığı aşkarlandıqdan sonra ölkəyə buraxılmalıdır. Biz mümkün qədər "Zika” virusunun Azərbaycanda yayılmasının qarşısını almalıyıq. Çünki infeksiyanın yaranması həm insan tələfatı ilə nəticələnə, eyni zamanda əhalinin əmək qabiliyyətinin azalması fonunda iqtisadiyyata xeyli zərbə vura bilər. Bu isə müəyyən mənada sosial həyatın iflic olması deməkdir. Odur ki, özümüzə problem yaratmamaq üçün indidən bütün profilaktik tədbirlərə əməl etməliyik. Bilirsiniz ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hələ ki, virusun vaksini yaradılmayıb. Ondan necə qorunmaq, hansı tədbirlər görmək haqda məlumat yoxdur. Bunu nəzərə alaraq daha ehtiyatlı olmaq lazımdır”.
Bu cür təhlükəli virusların maraqlı qüvvələr tərəfindən bilərəkdən yayılması ilə bağlı söz-söhbətlərə gəldikdə isə tibb eksperti bunun kifayət qədər ciddi ittiham olduğunu deyib: "Xüsusi təhlükəli virusların süni olaraq yaradılması ilə bağlı söz-söhbətlərin bir fərziyyə kimi ortaya atıldığını güman edirəm. Hər halda bunu iddia etmək konkret ittiham irəli sürmək deməkdir. Ancaq bu barədə şüur altında düşünülə bilər ki, bu xəstəlik hardan yarandı. Əslində isə belə bir dəhşətli ittiham irəli sürmək insanlığa qarşı cinayət kimi dəyərləndirilə bilər. Bu cür şayiələrə zaman-zaman mən də rast gəlmişəm. Amma bunu sübut eləmək lazımdır”.
Ayyət Əhməd