NANT-ın Bakıya gətirdiyi məhsulda bu dəfə qurd çıxdı - FOTO

Erməni mənşəli şəxslərin istehsal etdiyi məhsulları Azərbaycana gətirməsi ilə gündəmə gələn NANT firmasının tədarük etdiyi şokolad bu dəfə qurdlu çıxıb.

Axar.az xəbər verir ki, paytaxt sakini Sona Adıgözəlova Feysbukda “Müştəriyəm, şikayətim var” qrupunda “Araz” supermarketlər şəbəkəsindən aldığı “Konti” şokoladının qurdlu çıxması barədə məlumat və foto paylaşıb.

Vətəndaşın şikayətinə münasibət bildirən “Araz” supermarketlər şəbəkəsinin PR meneceri Büllurə Əmirova isə bildirib ki, “Konti” Ukrayna brendidir, Rusiyada istehal olunur və tədarükçüsü Nant MMC-dir:

“Tərkibi şokolad və fındıqdan ibarətdir. Mütəmadi satılan məhsuldur. Şikayət əsasında həmin şokoladlar bir neçə marketdə yoxlanıldı, qurdlama halına rast gəlinmədi”.

B.Əmirova şokoladın alındığı marketin ünvanını istəyib, şikayətçi isə sözügedən şokoladları Binəqədi rayonu “Varovski” qəsəbəsində fəaliyyət göstərən“Araz” marketindən aldığını qeyd edib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat katibi Aysel Fərziyeva isə bildirib ki, fotoda əksini tapan məlumat agentlik əməkdaşları tərəfindən qeydə alındıqdan qısa zaman ərzində araşdırılacaq və qanunauyğun tədbirlər görüləcək.

Qeyd edək ki, sentyabrda NANT firması üstündə daha iri ermənicə təqdimat verilən “Choco Pie Lotte”ni ölkəmizə gətirməsi ilə gündəmə gəlmişdi.