Bakıdakı “Şaxta baba” və “Qar qız”lar "yoxa çıxıb" - Daha müvəqqəti işə maraq azalıb

Artıq Yeni il bayramıdır. Amma həmişəkindən fərqli olaraq bu dəfə paytaxt küçələrində nə “Şaxta baba”, nə də “Qar qız” obrazları gözə dəyir.  Bir neçə ildir ki, paytaxtda yeni il personajları icazəli, yəni xüsusi lisenziya əsasında fəaliyyət göstərirlər. “Şaxta baba” və “Qar qız”lara lisenziya verən Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən bildiriblər ki, indiyə qədər Şaxta baba lisenziyası üçün cəmi 5 nəfər müraciət edib:

“Müraciət edənlərdən 4-ü Fəvvarələr Meydanı, 1-i isə Atatürk parkında qurulmuş yolkanın ətrafında dayanacaq. Bizim idarəyə cəmi 5 müraciət var, amma ola bilsin ki, Bulvar və İçərişəhərdə də yeni il yolkasının ətrafında “Şaxta baba” və “Qar qız”lar olacaq. Onlara isə lisenziyanı Dənizkənarı Bulvar İdarəsi verir”. 

Apardığımız araşdırmalar nəticəsində məlum olub ki, “Şaxta baba”, “Qar qız” olmaq daha illər əvvəl bu işi görən şəxslərə sərf etmir. Çünki, lisenziya məbləği çoxdur, qazanc isə az. 



İqtisadçı: “Gələcəkdə “Şaxta baba” və “Qar qız” personajlarına ümumiyyətlə rast gəlinməyəcəyini demək olar”


İqtasadçı-ekspert Pərviz Heydərov məsələ ilə bağlı Sherg.az-a danışarkən bildirib ki, bu xidmətə marağın azalması iki səbəblə bağlı ola bilər: 

“Xidmətin düzgün təşkil edilməməsi və ya qazancın azlığıdır... Bu, bütün sahələrdə belədir. Ümumiyyətlə hesab edirəm ki, gələcəkdə bu xidmətə maraq daha da azalacaq. Bildiyiniz kimi, yola saldığımız il həm əhalinin məşğulluğu, həm də vətəndaşların gəlirliyinin yüksəlməsi baxımından yaddaqalan oldu. Bunu təqaüdlərin, maaşların, o cümlədən minimum əməkhaqqının artması da sübut edir. Yəni əhalinin maddi vəziyyəti artıq elə səviyyəyə çatıb ki, insanlar belə müvəqqəti xidmətlərə maraq göstərmirlər. Odur ki, gələcəkdə “Şaxta baba” və “Qar qız” personajlarına ümumiyyətlə rast gəlinməyəcəyini demək olar”.

Kənan Novruzov