Bu şəhərin ən gözəl mənzərəsi əl-ələ tutub gəzən cütlüklərdir - "Şərq"çilər Yeni il gəzintisinə çıxdı


 Artıq 2020-ci il öz mübarək qədəmləri ilə qapımızdadır. Hər il  olduğu kimi,  paytaxt Bakı, küçələri insanların gülüşlərinə, qəh-qəhələrinə qarışıb. Hər yan bayram əhval-ruhiyəsindədir. Bu arada İçərişəhərdə quraşdırılan  ənənəvi  “Soyuq əllər, isti ürək” yarmarkası "gəl-gəl" deyir...



Yeni ilin ab-havasını  canımıza çəkmık üçün  tələbəsi olduğum Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələrindən biri ilə görüşüb “Tarqovı” deyilən ünvana yollanırıq. Hələ günorta olmasına baxmayaraq, insanlar kifayət qədər çoxdur. Kimiləri  fotolar çəkir, kimiləri uşaqlarını gəzdirir, kimiləri də yarmarkada təklif edilən məhsulların qiymətləri ilə maraqlanır. Qiymətlərin nə qədər münasib olduğu bilmirəm. Ancaq qovrulan şabalıdın, qızardılan kartofun...ətrafa yayılan qoxusu insanı ovsunlayır. 



   Gəz-gəzə həm də söhbət edirik. Birinci kursun ilk yarım ilini yenicə başa vuran Əfsanə müəllimlərlə bağlı təəssüratlarını danışır. Mən də diqqətlə dinləyir və arada təbəssüm edirəm. Yadıma fakültəmizdəki ilk günlər düşür. Vaxt o qədər tez getdi ki. Ürəyimdən tələbə yoldaşımıza bu sözləri demək keçir: “Müəllimlərimizin qədrini bilin. Kim nə deyir desin, bilin ki, onların hər biri bir dəryadır”. Əslində özümü saxlaya bilmirəm. Deyirəm və qeyri-iradi olaraq geridə qoyduğum illəri xatırlayıram...
  Orta yaşlı bir qadının övladının üzərinə qışqırması və onu vurması məni fikirlərdən ayırır. Təəccüblə bir-birimizə baxırıq. Axı ən azından bayramqabağı körpənin hər cür şıltaqlığına dözmək ola. Uşaq niyə illər sonra keçirəcəyi hər Yeni il bayramında bu acı xatirəni xatırlamalıdır?!
   İşıqlı Şam ağacının ətrafında gəzən Şaxta baba və Qar qız personajları müxtəlif yollarla insanları onlarla şəkil çəkməyə dəvət edir. Fotoqraf isə əlində kameranı hazır vəziyyətdə tutub. Allah bilir, bir fotonu neçə manata çəkir. Ancaq qınamaq da olmur. Onların da çörək pulu bundan çıxır. Onlar da bayram süfrəsi üçün evlərinə müxtəlif naz-nemətlər aparmalıdırlar. 
 Danışa-danışa həm irəliləyir, həm də ətrafı müşahidə edirik. Adətim üzrə yenə də çox danışmır, daha çox dinləməyə üstünlük verirəm. Qəfil nə olursa Əfsanə yüksək səs tonu ilə “Vallah, heç düzgün deyil!” deyir. Nə olduğunu başa düşmür və sual dolu nəzərlərlə ona baxıram.  Müxtəlif tullantılarla ətrafı zibilləyənlərə işarə edir. Mən də məyus oluram. Heyf, çox heyf. 
  Əcnəbilər də vətənimizdə kifayət qədər çoxdur-türklər, ruslar, ukraynalılar, hətta hindistanlılar, pakistanlılar... Heyranlıqla şəhərimizdə gəzir, tarixi abidələrin fotolarını boyunlarından asdıqları aparatın və ya smartfonlarının yaddaşına köçürürlər. Bu, bizi fərəhləndirir. Vətənimizin gözəlliyi ilə bir daha fəxr edirik. Belə bir ölkə, belə bir şəhərlə necə fəxr etməyəsən? Dünyada “Küləklər şəhəri” adı ilə tanınan Bakıda indi yüzlərlə turist var. Yəqin ki, geri qayıdanda öz vətənlərində də şəhərimiz haqqında danışacaqlar...
   Kofe içmək üçün kafelərdən birinə daxil oluruq.  Burada da yeni il ab-havası hiss olunur. İçəridə adam o qədər çoxdur ki, boş masa tapmırıq. Məcbur olub kofelərimizi alır və içə-içə yolumuza davam edirik. Ətrafda əl-ələ tutan cütlüklər də gözə dəyir. Çox güman ki, dünyanın ən xoşbəxtlərindəndirlər. Sevdikləri insanla birlikdə növbəti ilə başlamaq ərəfəsindədirlər. Bundan gözəl heç nə ola bilməz. Təki həmişə belə bəxtiyar olsunlar. Bu şəhərin elə ən gözəl mənzərəsi  əl-ələ tutub gəzən  cütlüklərdir.
  İçkiləri yenicə içib plastik stəkanları zibil qabına atmışdıq ki, yaşlı bir qadın qabağımızı kəsir və “İmkanım yoxdur, kömək edin” deyə xahiş edir. Ürəyim ağrıyır. Cibimdən qəpik çıxarır, qadının ovcuna basıram. Arzulayırıq ki, 2020-ci il insanlarımız üçün daha uğurlu, düşərli olsun, vətəndaşlarımızın maddi vəziyyəti daha da yaxşılaşsın. 

Bir də baxırıq ki, gəzə-gəzə “Sahil” metrostansiyası tərəfə gəlib çıxmışıq. Metrostansiyaya düşür və “İçərişəhər”ə qayıdırıq. Burada “Həzi Aslanov”-“İçərişəhər” xətti üzrə hərəkət edən qatarın əksi istiqamətində retro qatarlar nümayiş olunur. Vaqaonlar Yeni il atributları ilə bəzədilib. İnsanlar içəri keçir, həvəslə fotolar çəkirlər. Biz isə vaxt itirmədən ekskalatorla yuxarı  qalxırıq. 
  İki-üç gənc gitaranın müşayəti ilə mahnı ifa edir. Paytaxt sakinləri onları sanki mühasirəyə alıb. İzdihamı yararaq biz də gənclərə yaxınlaşırıq. Səsləri pis deyil. “Sarı gəlin”i oxuyurlar. Dinlədikcə insanın ruhu dincəlir. 

Tədricən adamların sayı artır. Heç kimə sirr deyil ki, əksəriyyət axşam tərəfi şəhərə çıxır. Polis əməkdaşlarının sayı da bayaqkına nisbətən çoxdur. Böyük ehtimalla onlar da gücləndirilmiş iş rejimində çalışırlar. 

  Üç saata yaxın şəhərdə gəzir, Yeni ilə hazırlıqla bağlı “kəşfiyyat aparırıq”. Bu günlərdə bir müəllimimizdən eşitmişdik ki, jurnalistlər adi insanlardan bir gün tez yaşayırlar. Biz də əksəriyyətin sabah yaşayacağı bayram sevincini bu gündən hiss edirik. Jurnalistikanın ən yaxşı tərəfi də, bizcə, elə budur-hamıdan birinci görmək, eşitmək, hiss etmək. Bir də görünməyənləri görmək lazımdır. Bayram axşamı dilənən qadın, döyülən körpə kimi...
                                                       
 Əfsanə Atakişizadə, Kənan Novruzov,
BDU-nun Jurnalistika fakültəsinin tələbələri