Nərmin cəmiyyətdə sürətlə artan aqressiyanın qurbanı oldu: Ciddi addımlar atılmalıdır - SOS

“Tovuzda 10 yaşlı qız uşağına qarşı vəhşi hərəkət cəmiyyətimizdəki aqressiyanın sürətlə artdığını göstərir. Təəssüf ki, bunun üçün heç bir iş görülmür”. Bu fikirləri Sherg.az-a açıqlamasında sosioloq-alim Əhməd Qəşəmoğlu deyib.

Sosioloq qeyd edib ki, lazımi tədbirlər görülməsə, ölkəmizdə, əhalinin davranışında daha aqressiv, eybəcər hallara rast gələcəyik:

“Bu aqressiyanın artmasının əsas səbəbi cəmiyyətdə mənəvi dəyərlərə olan münasibətdir. Bu cəmiyyətin bir qanunauyğunluğudur ki, hər hansı sosial sistemdə, eləcə də ölkədə mənəvi dəyərlər öndə olanda, orada cəmiyyət özü-özünü ahəngdar şəkildə tənzimləyir. Əksinə, mənəvi dəyərlər arxa plana keçdikcə, gərginlik artır, kriminal hadisələr çoxalır. Təcili olaraq elə tədbirlər görmək lazımdır ki, mənəvi dəyərlərin cəmiyyətdə oynadığı rol daha üstün olsun. Lap əvvəllər bu vəziyyəti cəmiyyətdə islam dini, sonralar isə sovet ideologiyası yaradırdı. Qlobollaşmanın sürətlənməsi ilə cəmiyyət daha da mürəkkəbləşib və həssaslaşıb. Təcili tədbirlər görmək lazımdır! Nə etmək lazımdır? Bu sualın cavabı son 2 əsrdə qərb ölkələrində formalaşan sosiologiya, sosial psixologiya, pedaqogika, sosial idarə etmə, sosial iş və s. bu kimi elmlərdədir. O elmlərin imkanlarından istifadə edilməli yeni texnologiyalar hazırlanmalıdır”.



Əhməd Qəşəmoğlu: “Harınlıq, meşşanlıq, maddiyyatını nümayiş etdirmə, maddiyyatla, qoluzorluluqla...”


Sosioloq bildirib ki, daha təcili tədbir olaraq ölkəmizdə mənəvi dəyərləri arxa plana sıxışdıran davranışlara qarşı ciddi ictimai qınaq formalaşdırmaq lazımdır:

“Harınlıq, meşşanlıq, maddiyyatını nümayiş etdirmə, maddiyyatla, qoluzorluluqla, yüksək çinli məmurlarla əlaqəslərinə görə özünü üstün göstərmə hallarını aradan qaldırmaq üçün tədbirlər görülməlidir. Belə adamların cəmiyyətdə üstün olduğunu qəbul etmək yox, onların gülünc adamlar olduğu fikri cəmiyyətdə aparıcı rol oynamalıdır. İnsanlar öz üstünlüyünü mənəvi sahədə nümayiş etdirməlidirlər. Yaşlı nəslin nümayəndələrinin yadındadır ki, sovet dövründə insanlar öz mütailəsi, evindəki kitabxanası, musiqi alətləri, övladlarının təhsili, əxlaqlı davranışı ilə öyünər, üstünlüklərini nümayiş etdirərdilər. TV - lər, ədəbiyyat, incəsənət mənəvi dəyərləri təbliğ edərdi. Bu gün biz, həmin təbliğata rast gəlmirik”.