Sürücülük vəsiqəsinin verilməsində yenilik: Daha şəffaflıq olacaq?

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Sumqayıt regional Qeydiyyat-imtahan şöbəsinin təcrübi imtahanın qəbulundakı yeniliklər barədə məlumat verib. 

Onun sözlərinə görə, nəzəri imtahandan keçdikdən sonra meydançada əyani imtahan verən şəxslərin bilik və bacarıqlarını bundan sonra imtahan götürən müəllimlər deyil, xüsusi texniki vasitələr qiymətləndirəcək. 
Artıq meydançada quraşdırılan xüsusi dedektor əyani imtahan verən şəxsin bilik və bacarığını avtomatik yoxlayacaq və qiymət verəcək. 

Tətbiq edilən yeniliklə bağlı Sherg.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlının fikrincə, bu, müsbət addımdır: 

“Nəqliyyat sahəsində texnologiyanın imkanlarından istifadə edilməsi həmişə effektli olub. Məsələn yollarda sürət həddini ölçən cihazın, kameraların quraşdırılması buna bariz nümunədir. Odur ki, mən bu yeniliyi də məqsədəuyğun hesab edirəm. Bundan sonra sürücülük vəsiqəsinin verilməsində qeyri-şəffaflıq olmayacaq. Sadəcə sürücü olmaq istəyənlər daha məsuliyyətlə hazırlaşmalı və daha ciddi oxumalıdırlar. Hələ ki, yenilik ancaq Sumqayıt regional Qeydiyyat-imtahan şöbəsi üçün nəzərdə tutulub. Düşünürəm ki, gələcəkdə digər qeydiyyat-imtahan məntəqələrində də sürücülərin qiymətləndirilməsi üçün texnologiyanın imkanlarından istifadə olunmalıdır”. 

Daha bir yenilik isə ondan ibarətdir ki, orada yaradılan şəraitə uyğun olaraq, eyni vaxtda bir neçə avtomobillə təcrübi imtahan vermək mümkündür. Yəni, eyni anda həm yük maşını, həm minik avtomobili, həm avtobus, həm də motosikletlə imtahan vermək olar. 



Elməddin Muradlı: “Hər şeydən əvvəl sürücülük vəsiqəsi almaq  istəyənlərin psixoloji vəziyyəti test edilməlidir”


E.Muradlı isə deyir ki, bu, yenilik səhv anlaşılmamalıdır. Çünki fərdi qaydada hazırlaşan sürücülərə heç də bütün avtobil növlərini idarə etməyə icazə verilmir: 

“Yol hərəkəti haqqında” Qanunda göstərilir ki, sürücülər ancaq A-A1, B-B1 kateqoriyaları üzrə fərdi qaydada hazırlaşıb imtahan  verə bilərlər. Yük maşınları isə bu kateqoriyalara aid deyil. Başqa sözlə desək, sürücülər anacq  8+1, yəni 9 yerlik və ya 3.5 tona qədər olan avtomobillər üçün fərdi qaydada hazırlaşıb imtahan  verə bilərlər. Digər avtomobil növlərini idarə etmək üçün  əvvəlcə xüsusi peşə  məktəblərində oxumaq lazımdır. Ona görə də Kamran  Əliyevin dediklərindən belə başa düşülməsin ki, hər kəs istədiyi kateqoriya üzrə imtahan verib sürücülük vəsiqəsi ala bilər. Sadəcə Sumqayıt Regional Qeydiyyat-imtahan şöbəsində bütün kateqoriyalar üzrə imtahan vermək üçün şərait var”. 

Ekspert düşünür ki, sürücülük vəsiqəsinin verilməsində daha bir neçə yenilik tətbiq olunmalıdır. Əks halda nəqliyyat qəzalarının,  neqativ halların  sayı azalmayacaq:

“Hər şeydən əvvəl sürücülük vəsiqəsi almaq  istəyənlərin psixoloji vəziyyəti test edilməlidir. Müşahidələr göstərir ki, sürücülərin heç də hamısının psixoloji durumu qaydasında deyil. Bəziləri uzun yola davamsızdırlar, stabil sürətlə mənzil başına çatmağa səbrləri çatmır. Bəziləri tıxacda soyuqqanlılıqlarını itirirlər. Bir çox sürücülər isə yolları yarış meydançaları müqayisə edərək bir-birlərini ötməyə çalışırlar. Nəticədə isə qəzalar baş verir, sürücülər arasında xoşagəlmz hallar yaşanır. Psixoloji durumu qaydasında olmayan sürücülər həm də digər sürücüləri, həmçinin piyadaları təhlükə altından qoyurlar. Ona görə də bu məsələyə ciddi nəzarət edilməlidir. 

İkinci bir problem isə sürücülük vəsiqəsi verilərkən sağlamlıq kağızınının tələb edilməməsidir. Sürücülük vəsiqəsinin on  ildən bir verildiyini nəzərə alsaq deməliyəm ki, hər dəfə sürücüdən sağlamlıq kağızı tələb olunmalıdır. Bizdə çox zaman bu məsələyə etinasız yanaşırlar. Həkimlər “şirinlik” alaraq sürücülərə sağlamlıq  kağızı verirlər. Sonra da həmin sürücü gözünün zəifliyi ya da hansısa başqa səbəbdən piyadaların həyatına son verir. Axı həmin həkim də o piyadalardan biri ola bilər. Deməyim odur ki, bu iki məsələyə laqeyd münasibət dəyişmədiyi müddət ərzində sürücülərin də, piyadaların da işi çətindir”.