“Su kimi sakit və güclü” - Natiqlər böyük alimə sevgidən danışdılar 


  Fevralın 10-da Xəzər universitetində dünya şöhrətli alim, texnika elmləri doktoru Rafiq Əliyevin 78 illik yubileyi qeyd olunub. Tədbir çərçivəsində, həmçinin müəllifin həmkarı Lütfi Zadə ilə birlikdə ərsəyə  gətirdiyi “Qeyri-səlis məntiq-nəzəriyyə və tətbiqetmələr” monoqrafiyasının və alimin özünə həsr edilən “Su kimi sakit və güclü” kitabının təqdimatı keçirilib.



Mərasimdə bir çox elm və ədəbiyyat nümayəndələri iştirak ediblər. Tədbir musiqili hissə ilə başlayıb. Daha sonra BDU-nun Jurnalistika fakültəsinin professoru, moderator Qulu Məhərrəmli Rafiq Əliyevin şöhrətindən, onun bir alim kimi bütün dünyaya aid olmasından danışıb. “Bu gün Azərbaycanda elmi özündə yaşadan, elmin gücündən istifadə edən, adı elmlə paralel çəkilən alimlərdən biri də professor Rafiq Əliyevdir. O, dünya alimidir”. 
Qulu Məhərrəmlinin çıxışından sonra təqdim olunan video süjetdə səbəbkarın ömür yoluna nəzər salınıb. İştirakçılar alimin uşaqlıq, gənclik illəri, habelə onun alimlik fəaliyyəti ilə tanış olublar.


 
Sonra professor Rafiq Mehdiyev çıxış edib. O, müəlliflə tanışlığından söz açıb və bildirib ki, Rafiq Əliyev indiyə qədər mənalı, zəngin bir ömür yolu keçib. Natiq alimə nə vaxtsa ata-baba torpağına - Ağdamın Novruzlu kəndinə qovuşmasını arzu edib. 
  Ömrünün yarıdan çoxunu elmə həsr edən, fərqli vaxtlarda müxtəlif məsul vəzifələrdə çalışan professor uğurları ilə, həqiqətən də, dünyada şöhrət qazanıb. Bunu İngiltərə, Almaniya, Amerika, Türkiyə alimlərinin onun haqqında dediyi fikirlər də təsdiqlədi. Dövrümüzün ən tanınmış elm adamlarının Rafiq Əliyev barədə səsləndirdiyi fikirlərdən ibarət süjet hər kəsin marağına səbəb oldu. İştirakçılar bir daha azərbaycanlı olması ilə fərəhlənib, alimlərimizlə fəxr etdilər. 

  Xalq şairi Ramiz Rövşən də qonaqlar sırasında idi. O, öz çıxışında qeyi-səlis məntiqin əslində həyatın bütün sahələrində olduğunu vurğuladı. “Bəzən qeyri-səlis məntiq tərəfdarları belə düşünürlər ki, iki üstəgəl iki heç də həmişə dörd etmir. Əslində isə həmişə dörd edir. Sadəcə o ikilər və dördlər fərqli olur. Rafiq Əliyev çox ciddi və maraqlı sahə ilə məşğuldur. Qeyri-səlis məntiq həyatın bütün sahələrində, hətta ədəbiyyatda da var. Odur ki, Rafiq müəllim bəşəri əhəmiyyətə malik bir sahəni araşdırır. Ona uğurlar arzulayıram”. 
 Şair onu da vurğulayıb ki, “sevgi” və “sədaqət” 78 yaşlı elm adamını ifadə edə biləcək ən doğru kəlmələrdir: “Zənnimcə, Rafiq Əliyev deyən kimi, ağla ilk gələn sevgi və sədaqətdir. Ümumiyyətlə, sevgi olmayan yerdə sədaqət, sədaqət olmayan yerdə sevgi olmur. Lakin, məncə, bu iki amil Rafiq müəllimdə digərlərinə nümunə ola biləcək qədər çoxdur”. 

  Ramiz Rövşənin çıxışından sonra nümayiş etdirilən təqdimatda alimin həyatından bəhs olundu. Görüntülər professorun təkcə bacarıqlı alim, istedadlı müəllim olduğunu yox, eləcə də, sədaqətli ailə başçısı olduğunu isbatladı. Qeyd edilib ki, o, ətrafındakı hər kəsə qarşı diqqətli və qayğıkeşdir. 

 Natiqlərin sırasında Rafiq Əliyevin nəvəsi də olub. Babası ilə eyni adı daşıyan gənc alim onun davamçısı olacağını dilə gətirib. “Rafiq  Əliyev uzun illər Lütfi Zadə ilə birlikdə işləyib, onunla çiyin-çiyinə çalışıb. Fəxr edirəm ki, mənim Rafiq Əliyev kimi babam var. Gələcəkdə onun layiqli davamçısı ola biləcəyimi düşünürəm”. 

  Tədbirin sonunda çıxış edən səbəbkar bütün iştirakçılara minnətdarlığını bildirib. 

Kənan Novruzov