Mart çıxdı, dərd çıxdı?..


 O gün mən təsadüfən V. Rasputinin  “Yanğın” povestini oxuyurdum. Povestin əsas obrazı İvan Pertoviç yorğun-arğın işdən gəlir və özünə də mənası çox aydın olmayan iki sözü yan-yana düzür: “mart” və “ölüm”. Rus dilində bu sözlər bir-birinə çox oxşayır.: “mart” və “smert”. Ağlıma gəldi ki, bu mart ayı haqqında bizim folklorumuzda da bir narahatlıq var: “mart çıxdı, dərd çıxdı”. Bu mart niyə ruslarda “ölüm”ə, bizdə “dərd”ə belə çox bağlıdır? Bəlkə, elə bu sözləirn gətirdiyi kədərdən idi ki, mən martın son gününü, aprelin ilk gününü həsrətlə gözləyirdim. 
  Xalqımızın “dərd” ayı kimi qiymətləndirdiyi bu mart  ayı çıxmaq bilmirdi, lap, elə bil, ilnən uzandı. Bu mart ayının lap əvvəlində dərs təxirə salındı, balaca məktəblilər, qanıb-qandıran tələbələr, iş yoldaşları bir-birilərindən ayrı düşdülər. Bu mart ayında bizə nağıl kimi görünən koronavirus birbaşa ölkəmizə ayaq açdı. Bu mart ayında dünya xəstəlik təşvişinin pikini yaşadı. Bu mart ayında bir qarışqanı belə tapdamamış Azərbaycan da koronavirus təşvişinə düşdü. Mən bu mart ayını bir vaxtlar çox sevmişdim: bizim kənddə mart ayı bənövşənin çiçək açan ayı idi, tək elə buna görə mart ayını orta məktəbdə hamımız sevirdik.

Lap Stavroppoldan gəlib bizə rus dili dərsi deyən Raisa İvanovnanı sevdiyimiz qədər. Ömrümün bu çağında da martın gəlişini çox zaman həsrətlə gözləmişəm. Amma bu dəfə olmadı: mart ayı dərd gətirdi və mən onda onun bitməsini səbirsizliklə gözlədim.
 İndi yazı masamın arxasında oturmuşam və xalqın “dərd ayı” adlandırdığı bu martın son dəqiqələridir: martın 31-i, saat 23-25 dəqiqələridir. Mən bu yazını bitirincə mart da bitəcək. Bir vaxtlar bənövşəsinə görə sevdiyim bu martın 1918-ci il martın 31-də ermənilərin soyqırım törətdiklərini sovet orta məktəbində heç kim bizə deməmişdi. İndi baxıram və bitmək bilməyən bu martın son dəqiqələrini səbrsizliklə gözləyirəm. Mart çıxdı, dərd çıxdımı?..
 Görünür, martın çıxmasına hələ çox var...
 
Cahangir Məmmədli