“Dövlətimiz bu həssas dövrdə vətəndaşın yanında olduğunu sübut etdi”


 "Biz birlikdə güclüyük!”  - Azərbaycan Prezidenti cənab İlham Əliyevin söylədiyi bu fikir  geniş ictimaiyyət arasında bir şüara çevrilib. Həqiqətən də milli həmrəyliyimiz, milli birliyimiz  bu gün dünyada tüğyan edən koronavirus sınağından  uğurla çıxmağımız üçün  başlıca şərtlərdir.  Danılmaz faktdır ki, Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır, onun təhlükəsizliyini və sağlamlığını qorumaq üçün bütün imkanlarını səfərbər edir. Bu gün bütün nazirliklər  öz sahələri ilə bağlı gərgin iş rejimində fəaliyyətlərini davam etdirirlər. Bu xüsusda Əmək  və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti göz önündədir.

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında pandemiya dövründə işsiz kimi qeydiyyata alınan və bu dövrdə qazancını itirmiş şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi  bu qəbildən olan insanların  həyat şəraitinin davam etməsi üçün bir stimuldur. İşsiz kimi qeydiyyata alınmaq və ya birdəfəlik ödəməni (190 manat) almaq üçün karantin rejimini pozub evdən çıxaraq Məşğulluq Mərkəzlərinə müraciət etməyə heç bir ehtiyac da yoxdur. İşsiz şəxslərin qeydiyyatı elektron qaydada və ya Məşğulluq mərkəzlərinə zəng edərək aparılır. Artıq 55 min işsiz şəxs üçün birdəfəlik ödəmə bank filiallarına və poçt şöbələrinə köçürülüb. Bu barədə  həmin şəxslərə SMS göndərilir.Yalnız bu mesajı aldıqdan sonra işsiz şəxslər evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də "Azərpoçt” MMC qeyd edilibsə, istənilən poçt şöbəsinə, SMS-də bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala biləcəklər.
           
Eyni zamanda Nazirlik tərəfindən yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işləri də uöurla həyata keçirilir. 15 000-dən çox  tənha yaşlıya sosial xidmətlər göstərilir. Sosial tərəfdaşlar vasitəsilə artıq 14100 tənha ahıla və əlilliyi olan şəxsə ərzaq payları evlərinə aparılıb verilib və bu proses uğurla  davam edir. Hazırda 9 sosial xidmət müəssisəsində 1000-dən çox şəxs stasionar şəraitdə sosial xidmətlər təmin olunur. 
     
Qeyd edək ki, ƏƏSMN - nin 142–Çağrı Mərkəzi gücləndirilmiş iş rejimində (saat 9-dan 24-dək) fəaliyyət göstərir. 100-dək operator zəngləri cavablandırır. Aprelin 1-dən Çağrı Mərkəzi 66 min müraciətə cavab verib.  Hər bir şəxs istənilən anda verdiyi suallara cavab ala bilir. Müasir kompüter texnologiyaları - internet, sosial şəbəkələr informasiyaların bir göz qırpımında ötürülməsi üçün geniş imkanlar açıb. 

Çox təəssüfləndirici haldır ki, prosesin pozitiv cəhətlərini görməyənlər, görülən geniş miqyaslı işlərə ləkə yaxmaq istəyənlər də üzə çıxıb. Belə ki, bir sıra mühafizəkar siyasi, ictimai, dini qurumlar informasiyaları manipulyasiya edir, sosial şəbəkələrin geniş təbliğat və təşviqat imkanlarından öz bəd, qərəzli niyyətləri üçün istifadə etməyə cəhd göstərirlər. Təəssüf ki, son vaxtlar belə arzuolunmaz hallar ölkəmizin informasiya məkanında da özünə yer alır. Bu hal ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələri arasında dərin narahatlıq hissi doğurur. Gəlin internetin, sosial şəbəkələrin az qala hüdudsuz görünən imkanlarından bəhrələnib bəşəri ideyaları – sülhü, dostluğu, həmrəyliyimizi,  humanizmi, birliyimizi və gücümüzü,  dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizə sahəsində ölkəmizdə görülən işləri təqdir edək.
                                                                                 
Mayis Əliyev
Hüquq üzrə elmlər doktoru, professor,
Sosial Hüquqların Araşdırılması İctimai Birliyinin sədri