Xarici ölkələrdə qeydiyyatda olan maşın sahiblərinə XƏBƏRDARLIQ


Koronovirus (COVID-19) infeksiyasını Ümumdünya Səhiyyə Təşkilatının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə digər ölkələrə səfərlər, eləcə də qonşu ölkələrlə sərhədkeçmə müvəqqəti məhdudlaşdırılıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, eyni zamanda, COVID-19 pandemiyası ilə əlaqədar aprelin 5-dən 20-dək yükdaşımalar istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları dayandırılıb.

Qeyd edilənləri və mövcud pandemiyanın fors-major hal yaratdığını nəzərə alaraq, xarici dövlətlərdə daimi qeydiyyatda olan və müvəqqəti gətirilmə müddəti karantin rejimi zamanı bitən minik nəqliyyat vasitələrinin ölkə daxilində idarə olunmaması və həmin nəqliyyat vasitələrinin, gömrük nəzarəti altında saxlanılması mümkün olmadıqda, yaşadığınız ərazidə saxlanılması zəruridir.

Eyni zamanda qeyd edilir ki, karantin rejimi bitdikdən sonra xarici dövlətlərdə daimi qeydiyyatda olan və müvəqqəti gətirilmə müddəti bitmiş minik nəqliyyat vasitələri ölkə ərazisini tərk etməlidirlər və bununla bağlı karantin rejimi nəzərə alınmaqla həyata keçiriləcək tədbirlər barədə əlavə məlumat veriləcək.