“İnternet hədsiz dərəcədə yüklənib” – Ciddi fəsadlar...

“Azərbaycan İnternetinin dayanıqlığını qorumaq üçün zəruri tədbirlər görməlidir”




Dünəndən etibarən  ölkə ərazisində internet fəaliyyətində problemlər yaranıb. Bir çox provayderlərdə sürətin zəifliyi ilə yanaşı kəsintilər də olur. Ən böyük problemlə isə "KATV1" provayderinin istifadəçiləri rastlaşıblar. 

Ölkəmizdə internetin sürəti ilə bağlı problemlərə tez-tez rast gəlinir. Karantin rejiminin elanı internetin hədsiz yüklənməsinə səbəb olub. Lakin görünən odur ki, müvafiq qurumlar problemin həlli istiqamətində effektiv addımlar atmırlar. 

Ölkəmizdə internetinin dayanıqlığı üçün təhlükənin olub-olmamasına dair fikirlərini “Sherg.az”la bölüşən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, dünən internetdə yaranmış problemlə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) indiyədək də rəsmi açıqlama verməyib:



“Ölkə üzrə bütün rəsmi qurumların dünən Azərbaycan internetində baş verənlərdən , informasiya təhlükəsizliyi üçün yaranan problemdən xəbərdar olduğu bir zamanda NRYTN -in açıqlama verməməsi anlaşılan deyil. Hazırda Azərbaycan interneti hədsiz dərəcədə yüklənib”. 

O.Gündüzün sözlərinə görə, ölkədə internet təminatı ilə bağlı bütün rezevrlər, alternativlər işə salınıb:

“Karantinədək olan dövrlə müqayisədə ölkə daxili tələbat təxminən 2-3 dəfə artıb. Ölkəyə daxil olan internet trafik də artıb.
Müşahidələr göstərir ki, “backbone” və 2-ci səviyyəli provayderlər bütün resursları işə salıblar. Belə məqamda isə internet infrastrukturu ilə əlaqəli hansısa adi bir problem də ciddi fəsadlar yaradır. Odur ki, NRYTN və digər aidiyyəti qurumlar karantin müddətində Azərbaycan İnternetinin dayanıqlığını qorumaq üçün zəruri tədbirlər görməlidir”.

Ekspert qeyd edib ki, yeni alternativlər və rezervlər hazırlanmalı, rabitə qaydalarının qorunması və mühafizəsi üçün əlavə tədbirlər görülməlidir:

“Düşünürəm ki, nazirliyin dünən baş verənlərə laqeydliyi, doğru bir yanaşma deyil. Qurum vəzifə öhdəliklərini yerinə yetirməli, baş verənlər açıqlanmalı və bu cür halların təkrarlanmaması üçün atılacaq addımlar haqqında məlumatlar verilməlidir”.