Hər şey Azərbaycan insanı naminə: Təhlükə sovuşana qədər nəzarət gücləndirilməlidir

Pandemiya başlayandan bir həqiqət ortadadır: Azərbaycan heç bir beynəlxalq təşkilatdan, heç bir donordan asılı olmadan öz daxili imkanları, iqtisadi gücü hesabına bu virusla mübarizə aparır. 

Elə iki gün əvvəl Bakıda modul tipli ilk xəstəxana kompleksinin tikinti və quraşdırma işləri tamamlandı. Sahəsi 3000 kvadratmetr olan bu kompleks 1 saylı Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərəcək. Üç korpusdan ibarət, ümumilikdə, 100 palatada 200 çarpayı yeri olan modul tipli xəstəxana kompleksində orta-ağır simptomlu infeksion xəstələrin qəbulu və müalicəsi üçün hərtərəfli şərait yaradılıb. 
Kompleksin açılışında iştirak edən Prezident İlham Əliyevin çıxışındakı məqamlar isə pandemiyanın hələ də səngimədiyi və təhlükə olaraq qaldığından xəbər verirdi.
Prezident açıq şəkildə bildirdi ki, indi ölkəmizin bəzi bölgələrində sanki pandemiyanın yeni mərhələsi başlayır və bu vəziyyət narahatlıq doğurmalıdır. Dövlətimizin başçısının dediyinə görə, biz virusla mübarizədə birinci mərhələdə qalib gəlmişik. Amma virus hələ də yoxa çıxmayıb. 
Prezident İlham Əliyev həmin çıxışında bir məqamı xüsusi vurğuladı ki, karantin rejimi gücləndirilməli, maska taxmaq, məsafə saxlamaq, gündə bir neçə dəfə sabunla əlləri yumaq, dezinfeksiya vasitələrindən istifadə etmək bir qayda olmalıdır. Dövlətimizin başçısı narahatlığını da gizlətmədi: “Amma bizdə məsafə saxlayan var? Açın istənilən kanala baxın. Dünən mən baxmışam, bankın qabağında bir-birinin yanında durublar, maska yox, müxbirlər soruşurlar ki, nə üçün? Elə bil ki, məktəb uşaqlarıdır, min cür bəhanə gətirirlər - yadımdan çıxdı, havada maska lazım deyil, cibimdədir. Biz belə münasibətə dözə bilmərik. Bu, zarafat deyil. Hər kəs bunu çox ciddi qəbul etməlidir. Belə adamlara qarşı ciddi cəza tədbirləri görüləcək. Mən bu gün bütün aidiyyəti orqanlara müraciət edərək deyirəm, cəza tədbirlərini sərtləşdirin. Biz vətəndaşları qorumalıyıq. Biz imkan verə bilmərik ki, hansısa intizamı pozan, məsuliyyətsiz adama görə vətəndaşlarımız xəstələnsin, ölsün. Ona görə bu qaydalara hər kəs riayət etməlidir”.

Əslində dünəndən ölkə ərazisində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən tibbi maskadan istifadə etməyənlərə qarşı reydlərə doğrudan da haqq qazandırmaq lazımdır. Bu reydlərdə haqlı olaraq vətəndaşlardan evdən çıxarkən, qapalı məkanlarda, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaq, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmək tələb olunur. Bu qaydalara riayət etməyən vətəndaşlarımız barəsində isə inzibati qaydada tədbirlər görülməli, tibbi maskadan istifadə etməyənlərin ictimai nəqliyyata və qapalı məkanlarına girişinə məhdudiyyətlər qoyulmalıdır.

Heç kimə sirr deyil ki, indi Azərbaycanda post-koronavirus dövrünə hazırlıq məqsədilə mərhələli və yumşaldıcı tədbirlər həyata keçirilir. Dövlətimiz müəyyən sosial məsafə gözləmək, sanitar qaydalara əməl etmək şərti ilə bəzi qadağaları aradan götürüb. Ona görə də, xüsusən bu günlərdə vətəndaşlarımız mümkün qədər sosial məsafəni gözləməli, insanların sıx toplaşdığı yerlərdən uzaq olmalıdır. Pandemiya təhlükəsi geridə qalana qədər özünütəcrid kampaniyası davam etdirilməlidir. 
Hər kəs bu qlobal təhlükə ilə mübarizədə ciddi məsuliyyət daşımalı, şəxsi gigiyena və sosial izolyasiya qaydalarına əməl etməlidir.

İnsanlar başa düşməlidir ki, bu tədbirlər insanların sağlamlığının qorunmasına xidmət edir. Tədricən həyata keçirilən yumşalma prosesi də vətəndaşların sosial həyata dönməsi məqsədi daşıyır. Lakin yumşalma dövründə vətəndaşların davranışı həyati əhəmiyyət daşıyır.
İnsanlar bilməlidir ki, sosial məsafəyə, tibbi maskaların taxılması kimi qaydalara əməl olunmasa, bu problem daha da uzanacaq və dərinləşəcək. Dövlət məcburiyyət qarşısında qalıb, daha ciddi xüsusi karantin rejimi tətbiq edəcək. Bunu isə təbii ki heç kim arzulamaz. 

Bu gündən metro işə başladı. Vəziyyətin çox təhlükəli vəziyyətə çatmaması üçün isə insanların metro, yerüstü ictimai nəqliyyat və digər qapalı məkanlarda sosial izolyasiya, şəxsi gigiyena qaydaları, maska taxmaq kimi sanitar epidemoloji tədbirlərə əməl etməsinə nəzarət gücləndirilməlidir. 

Dövlətimizin koronavirusa qarşı apardığı bu mücadilədə bizdən tələb olunan isə çox sadədir: yuxarıda deyilənlərə, qaydalara əməl etmək! 

Səbuhi Məmmədli