İndi qorunma və qoruma zamanıdır ! 

“Çalışıb özümüzü qorumalıyıq ki, heç kimə problem yaratmayaq”

"Məsuliyyətsiz adam cərimə də olunacaq, onu xəstəlik də tutacaq və sonda həyatını da itirəcək”

“Amma onun məsuliyyətsizliyinin cəzasını bütün cəmiyyət çəkəcək”



Vəziyyət düzələndən sonra hakimiyyəti tənqid edənlərin biri də mən olacam, amma indi çalışıb özümüzü qorumalıyıq ki, heç kimə problem yaratmayaq.
“Öncə dövlətdir, dövlətçilikdir! Hakimiyyət, müxalifət oyunları gen günün işidir, dar günün yox. Bunun əksini fikirləşənlər dövlətin əleyhdarlarıdır, hakimiyyətin yox”.
Bunu “Sherg.az”a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib. 
Siyasi şərhçi bildirib ki, vəziyyətin pisləşməsi dövləti və dövlətçiliyi təhlükə altına salır: 



“Kiminsə virusun varlığına inanıb-inanmaması onun şəxsi işidir. Əslində dövlətin kimlərisə buna inandırmaq kimi öhdəliyi yoxdur və olmamalıdır. Əgər dünya virusa var gözü ilə baxırsa, hamı kimi biz də varlığını qəbul etməliyik. Ciddi yanaşmayanların şəxsi problemidir və məsuliyyəti də özləri daşıyacaq. Cərimə də olunacaq, xəstəlik də tutacaq və sonda həyatını da itirəcək. Amma onun məsuliyyətsizliyinin cəzasını bütün cəmiyyət çəkəcək. Bizdən asılı olanı, tələb ediləni etməliyik, yerdə qalan dövlətin işidir. Dövlət pis-yaxşı öhdəsindən gəlməyə çalışır, təbii ki, çatışmazlıqlar çoxdur. İndi buna görə dövləti, hakimiyyəti tənqid etməyin yeri yoxdur. Vəziyyət düzələndən sonra hakimiyyəti tənqid edənlərin biri də mən olacam, amma indi çalışıb özümüzü qorumalıyıq ki, heç kimə problem yaratmayaq. Həmçinin, nə təklifimiz, məsləhətimiz olarasa, onu da təqdim edərik, bəlkə işə yaradı”.