“İnternet platformaları mənəviyyatsızlıq yuvasına çevrilib”- Qadağa mütləqdir !

“Sosial şəbəkələrin fəaliyyətinə müəyyən məhdudiyyətlərin qoyulmasının tərəfdarıyam” 

“İnternet platformalarının hamısında süzgəc mexanizminin olması şərtdir"



“Maykrosoft” şirkətinin təsisçisi Bill Qeyts maraqlı iddia ilə çıxış edib. Milyarderin fikrincə, koronavirus pandemiyasının Amerikada yayılmasının əsas səbəbi sosial şəbəkədə yayılan saxta informasiyalardır. Şirkət rəhbəri bildirib ki, feysbuk və digər internet platformaları COVİD-19 haqqında yayılan yalan məlumatlarla mübarizədə çətin vəziyyətdə qalır. Qeyts ABŞ-ın pandemiya ilə mübarizədə sərgilədiyi mövqeyi də sərt tənqid edib. Onun sözlərinə görə, Amerika gözlənilən liderliyi nümayiş etdirə bilmir və kifayət qədər koordinasiya yaratmağı bacarmır.

Əslində tanımış milyarderin gündəmə gətirdiyi problem sadəcə ABŞ-da deyil, bütün dünyada müzakirə olunmaqdadır. Bəzi ölkələr artıq sosial şəbəkələrə müəyyən qadağalar tətbiq edib. Son günlərdə Azərbaycanda da bu yöndə təkliflər səslənməkdədir. Əksər deputatlar və ictimaiyyət nümayəndələri hesab edir ki, sosial şəbəkədə geniş yayılmış uydurma xəbərləri aradan qaldırmaq, söyüş kampaniyasının önünü kəsmək üçün internet platformalarına məhdudiyyətlər gətirilməlidir. 

Sosial şəbəkələrlə bağlı təklifləri “Sherg.az”a dəyərləndirən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, normalda internet resursları qlobal problem sayılmasa da, həmin səviyyəyə gətirilmiş bir platformadır. Professorun fikrincə, sosial şəbəkələrə müxtəlif ölkələrdə fərqli yanaşmalar var: 



“Çin bütün aparıcı sosial şəbəkələrə, hətta Qərb ölkələrinin nüfuzlu mətbu orqanlarına belə qadağalar qoyub. Hətta çinlilər özlərinin yaratdığı “Tiktok”u da bağlayıb. Türkiyədə də məsələ geniş müzakirə olunur. Görünür, yaxın müddətdə müvafiq qərar veriləcək. Azərbaycanda sosial şəbəkə seqmentində ciddi problemlərin mövcudluğu danılmazdır. Sosial şəbəkələrin fəaliyyətinə müəyyən məhdudiyyətlərin qoyulmasının tərəfdarıyam. İnternet platformaları saxta, yalan məlumatlar tirajlamaqla bərabər, həm də tərbiyəsizlik, əxlaqsızlıq, mənəviyyatsızlıq yuvasına çevrilməkdədir. 
Gənclərimiz feysbukun, yutubun, instaqramın əsirinə dönüb, “virtual insan” olublar.

Getdikcə dəyərlərimizi itiririk. Robotlaşmış nəsil yaranır və internet manyakları meydana çıxır. Bu yaşımda feysbuka girəndə utanıram, çox tərbiyəsiz ifadələri görmək məcburiyyətində qalıram. 

Qorxulu tendensiya müşahidə edilir. Qadağlar mütləq gündəmə gəlməlidir. İnternet platformalarının hamısında süzgəc mexanizminin olması şərtdir. Hər cür ifadənin yayılmasına imkan vermək olmaz. Milli Məclis bunu diqqətə almalı və qanun qəbul etməlidir”. 

C.Nuriyevin Amerikalı milyarderin səmimiyyətinə inanmadığını söyləyib:

“Bil Qeyts Demokratları dəstəkləyir və onlarla sıx bağlılığı var. Həm də Bill Qeyts öz maraqlarına xidmət edir. Bu adam Rokfellerin gizli komitəsinin verdiyi qərarın əsas icraçılarından biridir. Həmin qərara görə, dünyada 2 milyard insan qalmalıdır. 1 milyardı varlılar, digər yarısı isə onlara qulluq edən qövm olmalıdır. Hazırda bu istiqamətdə məlum qruplaşma tərəfindən layihə hazırlanır. Ona görə də Bill Qeytsin ABŞ hökumətini tənqidi inandırıcı görünmür. Milyarderin Respublikaçılara qarşı olduğu hər kəsə bəllidir. Reallıq odur ki, ABŞ-da nə vaxt Demokratlar hakimiyyətə gəlibsə, Vaşinqtonun dünya ölkələrinə müdaxiləsi artıb, bir sıra dövlətlərdə hərbi əməliyyatlar başlayıb. Bill Qeyts bir növ Demokratların “sözçüsü” kimi çıxış edir. Əlbəttə, öz sahəsini yaxşı bilir, amma hər məsələ üzrə “mütəxəssis” deyil.
Onun virusologiyadan danışmağa, pandemiya ilə bağlı tövsiyyələr verməyə haqqı çatmır. Daha doğrusu söylədiklərinin tibbi əsası yoxdur. Sadəcə iqtisadi mərkəzlərdən aldığı tapşırığa əsasən, Tramp hökumətini gözdən salmağa çalışır”.