Azərbaycanlılar ordumuz üçün Vyanada bir araya gəldilər


Avstriyanın Vyana şəhərində Ermənistanın hərbi təxribatlarına etiraz əlaməti olaraq böyük aksiya keçirilir.

“Azeri-DER” Kültür və İş Adamları Dərnəyinin təşkilatçılığı ilə Vyana operasının önündə baş tutan etiraz aksiyasında Azərbaycan və türk diasporunun təmsilçiləri, tanınmış iş adamları, bu ölkədə təhsil alan tələbələrimiz iştirak edirlər.

Əllərində Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını, alman və ingilis dillərində yazılmış “Erməni təcavüzünə son!”, “Qarabağ Azərbaycanındır!” şüarları tutan mitinq iştirakçıları Azərbaycanın dövlət himnini ifa ediblər.

“Azeri-DER”in rəhbəri Yardım Günəş çıxış edərək bildirib ki, Azərbaycanın əzəli torpaqlarını işğal edən Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri və Azərbaycanın haqq səsini dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışırlar.

Aksiya “Azeri-DER” Kültür və İş Adamları Dərnəyinin sosial media şəbəkəsi üzərindən canlı yayımlanır.