"Xalq Bank"ın İdarə Heyətinə yeni sədr seçilib

"Xalq Bank" Səhmdarlarının Ümumi Yığıncağının iclasında Bankın İdarə Heyəti sədrinin birinci müavini Kamran Məcidov Xalq Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. 
Bankdan "APA-Economics"ə verilən məlumata görə, uzun illər İdarə Heyətinin sədri vəzifəsində çalışan Elxan Ağayev Bankın Müşahidə Şurasının üzvü seçilib.
Kamran Məcidov 1982-ci il iyun ayının 29-da Bakı şəhərində anadan olub. 2002-ci ildə Xəzər Universitetinin Maliyyə və Kredit fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2005-2007-ci illərdə Norvec Biznes Ali Məktəbində (Norwegian Business School, BI) təhsil alaraq Maliyyə və iqtisadiyyat ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. 2007-2010-cu illərdə Xəzər Universitəsində Maliyyə Menecmenti fənni üzrə mühazirələr oxuyub. 2014-2015-ci illərdə ABŞ-ın Harvard Universitetinin (Harvard Business School) “Executive Education” proqramları çərçivəsində “İdarəetmə və Menecment üzrə təkmilləşdirmə kursu”nu (Program for Leadership Development) bitirərək həmin universitetin məzunu statusunu qazanıb.
Əmək fəaliyyətinə 2002-ci ildən etibarən bank sektorunda başlayıb. Ölkənin aparıcı banklarında müxtəlif vəzifələrdə fəaliyyət göstərib. 2008-ci ildən Xalq Bankda çalışır.