"Həyatda heç vaxt maddiyyat mənim üçün maraqlı, dəyərli olmayıb" - Kamran Əsədov 

"Məktəbdə oxuyanda düşünürdüm ki, 35 yaşında insan necə olur? Bunu 45, 50 və sair üçün də düşünürdüm, gördüm ki, 16 yaş ilə elə də ciddi bir fərq yoxdur"

"Vuruşa-vuruşa, döyüşə-döyüşə yoluma davam edəcəyəm. Hər dəfə yeni bir cəbhədə, hər dəfə fərqli "düşmənlə". Dəyişən şəxslər olur, arqument və mübarizə üsul və vasitələri eyni primitivdir"




Hər bir insan övladının həyatda öz ömür yolu, tale qisməti olur. Dünyanın qəza-qədərinə baş əyməyənlər, yaşanan ömrə bir tanrı lütfü kimi baxanlar həmişə, hər yerdə istəklərinə nail olmağı və həyatdan kam almağı bacarırlar.

Ömür şərəflə yaşananda həyatın mənası daha çox artır. Bu, həm də insan ömrünün dəyərini, qiymətini şərtləndirir. Belə dəyərli şəxsiyyətlərdən biri də gözəl ziyalı, eyni zamanda səmimi söz adamı və hər kəsin təhsil eksperti kimi tanıdığı Kamran Əsədovdur. O, 35 il bundan qabaq  dünyaya göz açıb. Onun "Şərq"ə verdiyi müsahibəsini təqdim edirik: 

- Kamran müəllim, ilk olaraq, sizi ad gününüz münasibətilə təbrik edirəm. Sizə redaksiyamız adından ən xoş arzularımızı çatdırırıq. 

- Çox sağ olun. Nəhayət, 35 yaşımı tamamladım. Məktəbdə oxuyanda düşünürdüm ki, 35 yaşında insan necə olur? Bunu 45, 55 və sair üçün də düşünürdüm. Gördüm ki, elə də 16 yaş ilə ciddi bir fərqi yoxdur.



- 35 il ərzində nələr yaşadınız?

- 35 il ərzində... Bəlkə də kiməsə az görünə biləcək bir müddətdir. Amma sözün hər mənasında bu müddət ərzində bir insanın görməli, yaşamalı olduğu çox hadisə baş verdi. Bu həm yaxşı, həm də pis hadisələrdir. Nə mənə edilən yaxşılığı, nə də ki, pisliyi unutmuram.

- Bu illər ərzində qəhrəman olmağı düşündünüzmü?

- Sonları xoşlamıram və düşünmürəm. Amma bu həmişə olur. Hər kəsə dediyim kimi, "sonunu düşünən qəhrəman olmaz".  Amma mən heç vaxt qəhrəman olmaq istəməmişəm. Ümumiyyətlə nəsə, kimsə olmaq üçün can atmamışam. Sadəcə olaraq görməli olduğum işləri görmüşəm, öhdəliyimi vicdanla yerinə yetirməyə çalışmışam. Lakin mən yolumdan dönmədim, sadiq olduğum prinsiplərdən uzaqlaşmadım.

- Sizin üçün bu həyatda ən dəyərli olanlar?

- Mənim üçün dəyərlər sistemi belədir: Vətən, ana, ailə, həyat yoldaşım, övladlarım, dostlarım. Bunlara sahib və sadiqəm. Həyatda maddi dəyərlər isə heç vaxt mənim üçün maraqlı və dəyərli olmayıb.

- Bu müddət ərzində həyatınızda nələri qazandınız?

- 35 il ərzində qazandıqlarımı saysam, həyat yoldaşım, 3 qız övladım və dəyərli dostlarımdır. Düzdür, dostum azdır. Yəni dost mənə görə ayrı ifadədir. Bəli, tanış, hörmət etdiyim insanlar hədsiz dərəcədə çoxdur. Bu illərdə itirdiklərim də oldu. Həyatdır, olur. Amma hər nə olur olsun, gərək dəyərlərindən, prinsipial mövqeyindən dönməyəsən.



- İndiyə qədər sizə həm fiziki, həm də maddi və mənəvi təzyiqlər edənlər olubmu?

- Çox cəhdlər göstərənlər oldu. Bəli, həm fiziki, həm də maddi-mənəvi təzyiq edənlər də var idi. Amma onlara əhəmiyyət vermədən, vuruşa-vuruşa, döyüşə-döyüşə yoluma davam etdim, edirəm və inşallah edəcəyəm. Hər dəfə yeni bir cəbhədə, hər dəfə fərqli "düşmən" ilə. Dəyişən şəxslər olur, arqument və mübarizə üsul və vasitələri eyni, primitiv. Məhz ona görə də qısa müddətdə məhv olurlar.

- Bəs ətrafınızda dəyərli dostlarınızın sayı çoxdurmu?

- Çox şükür ki, son illərdə dəyərli dostlar qazanmışam. Sayları az da olsa, həqiqətən də dost dediyim insanlardır.

- Bu müddətdə sahib olduqlarınız? 

- Övlad, qardaş, şagird, tələbə, magistr, doktorant, müəllim, həyat yoldaşı, ata oldum, əmi, dayı, kirvə, dost oldum. Və həyat davam edir...

- Sizi təbrik edən dostlarınıza vasitəmizlə çatdırmaq istədiyiniz xoş sözləriniz...

- Mənə bu xoş günümdə minlərlə insan dəyərli vaxtını ayırıb təbrik yazıb, zəng edib. Hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. Sizlərdən təbrik almaq, sizlərin sevgisini, diqqətini görmək, hiss etmək ifadə edilməsi çətin olan möhtəşəm hissdir. Çox sağ olun, minnətdaram hər birinizə. Yaxşı ki, varsınız! Bundan sonra da sizlərin etimadını doğrultmaq üçün doğru bildiyim yolda davam edəcəm. Çox sağ olun!