“Ermənistan beynəlxalq hüquq normalarını saya salmır”

 "Bu da demoqrafik böhranın göstəricisidir”

“Demoqrafik böhran bir qayda olaraq sosial-iqtisadi şəraitlə bağlıdır”

“Ermənistanda sosial-iqtisadi şərait normal olsaydı, demoqrafik inkişafda problem olmazdı"


Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanın işğal olunmuş ərazilərimizdə qeyri-qanuni məskunlaşdırma siyasəti ilə bağlı açıqlama verib. H.Hacıyev bildirib ki, sosial şəbəkələrdə Livandan olan ailənin Şuşa şəhərində yerləşdirilməsi barədə məlumatlar yayılıb:

“Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti aparan Ermənistan son günlər xüsusilə Livandan olan ermənilərin bu torpaqlara köçürülməsi siyasətini həyata keçirir. Azərbaycan da daxil olmaqla dünya ölkələri Livanda baş vermiş faciənin nəticələrinin aradan qaldırılması, Livana humanitar yardım göstərilməsi ilə məşğul olarkən Ermənistan bu faciədən, insanların iztirablarından özünün çirkin məqsədləri naminə sui-istifadə edir. Bununla da Ermənistan onun üçün heç bir mənəvi dəyərlərin olmadığını nümayiş etdirir”.

Düşmənin qanunsuz məskunlaşmasına dair fikirlərini “Sherg.az”la bölüşən millət vəkili Musa Qasımlı qeyd edib ki, Azərbaycanın işğal edilmiş ərazilərinə təcavüzkar Ermənistanın xarici ölkələrdən erməniləri gətirib yerləşdirməsinin bir neçə anlamı var. 

Parlament üzvünün fikrincə, bu, ilk növbədə təcavüzkar ölkə olan Ermənistanın beynəlxalq hüquq normalarından doğan prinsipləri saya salmadığını və həyasızlığını göstərir:

“Digər tərəfdən bu, demoqrafik böhranın göstəricisidir. Demoqrafik böhran bir qayda olaraq sosial-iqtisadi şəraitlə bağlıdır. Yəni Ermənistanda sosial-iqtisadi şərait normal olsaydı, demoqrafik inkişafda problem olmazdı və erməniləri daxildən gətirib yerləşdirərdilər”. 

Millət vəkili qeyd edib ki, hər il təqribən 100 min nəfərə qədər erməni bir tikə çörək dalınca ölkəni tərk edərək xarici dövlətlərə gedir:

“Bu da Ermənistanda dözülməz sosial-iqtisadi şəraitin və bərbad idarəçiliyin nəticəsidir. Belə olduqda Ermənistan işğal etdiyi ərazilərə daxildən erməniləri gətirib yerləşdirmək imkanı və potensialından məhrumdur. Deməli, Ermənistanın bir yolu qalır: xarici ölkələrdəki erməniləri şirin vədlərlə aldadaraq işğal edilmiş ərazilərə gətirmək.

Belə davranışları ilə Ermənistan həm beynəlxalq normaları pozur, həm də həmin erməniləri girova çevirir. Bütün deyilənlər onu göstərir ki, Ermənistanın heç bir gələcəyi yoxdur və başı əzilməyincə yerini bilməyəcək”.