Vəziyyət ciddidir !- "Bir insan valideynlərinə əl qaldırırsa, demək...

Bakının Sabunçu rayonunda ailə-məişət zəminində münaqişə baş verib. Hadisə Yeni Ramana yaşayış massivində qeydə alınıb. 1960-cı il təvəllüdlü Rzayev İlqar Eldar oğlu yaşadığı evdə oğlu tərəfindən döyülüb. O, bədəninin və üz nahiyəsinin əzikləri, cırılmış yaraları diaqnozu ilə 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.
Cəmiyyətimizdə böyüklərə hörmət etmək hər kəsə mənəvi borc olaraq aşılanıb. Hörmət dedikdə böyüklərə, yaşlılara göstərilən qayğı nəzərdə tutulur. Amma böyüklərə qayğı göstərmək yerinə onlara əl qaldıran şəxslər var. Təəssüf ki, bu utancverici əməli bəzən övladlar yerinə yetirir. Yaşlı və köməksiz valideyninə əl qaldıran, hətta öldürənlər var. 

Baş verənlərə dair fikirlərini “Sherg.az”la bölüşən “Müasir Qadın və Cəmiyyət” İctimai Birliyinin sədri Fidan Maqsudova təəssüflə bildirib ki, bəzi hallarda cəmiyyətimizdə belə hallarla rastlaşırıq. Birlik sədrinin fikrincə, bu, təkcə psixoloji deyil, həmçinin mənəvi çatışmazlıqdır:

“Bir insan bunu valideyninə qarşı edirsə, deməli onun üçün müqəddəs heç nə yoxdur. Elə uşaqlar var ki, o yaşadığı mühitdə çox zərbələr alıb. Bu zərbələr onu dinindən, dilindən, insanlığından çıxara bilir.

Belə insanlara milli-mənəvi dəyərlərin aşılanmasına lap kiçik yaşlardan başlamalıyıq . Uşaqlara davamlı şəkildə psixoloji dəstək verilməli, eyni zamanda mənəvi dəyərlər təbliğ olunmalıdır”. 

Hadisənin çox üzücü olduğunu deyən F.Maqsudova müsəlman ölkəsində belə halların yaşanmasına təəssüfləndiyini söyləyib: “Dini radikalizm də bu məsələdə əsas faktordur. İnsanların beyni “yuyulur” və artıq o, hər bir şey etməyə qadir olur.

Valideynini döymək belə insanlar üçün adi haldır. Bu baxımdan düşünürəm ki, uşaqlara kiçik yaşlardan milli-mənəvi dəyərlərimiz tədris olunmalıdır. Onlar böyüyə hörmətin, diqqət və qayğının, əxlaqi dəyərlərin nə olduğunu dərk etməlidirlər”.